ABŞ-da saxlanan əlyazma kitab və miniatürlərin elektron variantı Bakıya gətirilib

 

   AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan və Şərq əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə edib. Buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsinin “Şahnamə”sinin, Nizaminin, Ə.Nəvainin, Ə.X.Dəhləvinin “Xəmsə”lərinin, Cəlaləddin Rumi, Sədi, Ə.Cami, Babur, Əssar Təbrizi və başqa klassiklərin əsərlərinin gözəl xətlə köçürülmüş miniatür əlyazmaları daxildir.

   Nizaminin “Xəmsə”sinin nəfis nüsxələri xüsusilə diqqəti cəlb edir. “Xəmsə”nin 1481-ci ilə aid nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib, 1528-ci ildə Yadigar ƏlKatib tərəfindən köçürülmüş nüsxələrin hər birində 27, 1563-cü ilə aid nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd ƏlHərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var.

   Kolleksiyada Nizami “Xəmsə”sinin yeddi, Əssar Təbrizinin “Mehr və Müştəri” poemasının iki nüsxəsi yer alıb. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüşYusifZüleyxa” poemasına çəkilmiş səkkiz miniatür Təbriz miniatür məktəbinə məxsusdur.

   Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr - xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Buradakı orta əsrlərə aid çoxsaylı cildçilik sənəti nümunələri də nəfisliyi ilə fərqlənir.

 

Ceyhun.

 

Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 11.