Xan Kamandar

 

   Dekabrın 17-də Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin layihəsi olanUstad aşıqlarımız” seriyasından “Xan Kamandar” kitabının təqdimatı keçirildi. Kitab XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Kamandar Əfəndiyevə həsr edilib. Kitabda ədəbiyyat və incəsənət xadimlərinin, folklorşünasların və sənət dostlarının ustadla bağlı xatirələri, aşıq barəsində mətbuatda yazılmış yazılar, müsahibələr, şeirlər yer alıb.

   Nəşrin məsləhətçisi və redaktoru, Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub çıxış edərək bildirdi ki, “Ustad aşıqlarımız” seriyasından ilk kitab aşıq sənətimizin görkəmli nümayəndəsi Dədə Ələsgərə həsr olunmuşdu. İkinci kitabın Aşıq Kamandara həsr olunması təsadüfi deyil: “Bu il ölməz ustadın 80 illik yubileyi qeyd edilir. Aşıq Kamandar məktəbdir. O, oxuduğu, çaldığı bütün havalarda, danışdığı dastanlarda yeniliklər etdibu gün o yeniliklərlə aşıq sənəti öz böyüklüyünü saxlayır”.

   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov Aşıq Kamandarın həyat və yaradıcılığı haqqında danışaraq qeyd etdi ki, sənətkar ustad-şagird ənənəsinə riayət edən aşıqlarımızdan biri olub: “O, aşıqlığın ruhunu, mahiyyətini, özünəməxsusluğunu gendən, kökdən gələn enerji ilə qoruya bilib. Bu cəhətdən də onun ruhu çox qədim dövrlərdən gələn ruhdur. Bu gün ustad aşıqlarımızı tanıtmaqla biz həm də sənəti yaşatmış oluruq”.

   Professor Əmirxan Xəlilov, kitabın tərtibçisi, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu və başqaları sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, nəfis tərtibatla işıq üzü görən kitab Aşıq Kamandarın 80 illik yubileyinə töhfədir.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 4.