Nizami sənədli filminin təqdimatı

 

Dekabrın 18-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm\" kinostudiyasında çəkilmiş "Nizami" sənədli filminin təqdimatı keçirildi.

 

Nümayişdən öncə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dahi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı ölkəmizdə və xaricdə bir çox əhəmiyyətli tədbirlərin keçirildiyini vurğuladı. Dahi mütəfəkkirin dünya ədəbiyyatı xəzinəsinə verdiyi töhfələrdən danışdı.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Ekran əsərinin rejissorubaş operatoru Rafiq Quliyev filmin ərsəyə gəlməsində yaradıcı qrupla yanaşı, alimlərin, nizamişünasların əməyi olduğunu qeyd edərək hər kəsə minnətdarlığını bildirdi. Filmin ssenari müəllifi, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov Nizami Gəncəvi irsinin önəmindən danışaraq filmə yeni faktların əlavə edildiyini bildirdi.

Çıxışlardan sonra film nümayiş olundu. Ekran əsərində Nizami Gəncəvinin əsərlərinin, poeziyasının musiqidə rəssamlıqda əksi təsvir edilir. Həmçinin Nizami ilə bağlı əlyazmalardan söz açılır, alimlərin mütəfəkkirin yaradıcılığına dair fikirləri verilir.

Filmin operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Tədbir zamanı Nizami Kino Mərkəzinin foyesində Azərbaycan Dövlət Rəsm Qalereyası dahi mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil etmişdi.

Reyhan

 

Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 2.