Dünya poeziyasının günəşi

 

   Ölkə PrezidentininDahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq Oğuz rayon Sincan kənd kitabxanasında “Dünya poeziyasının günəşi” adlı tədbir keçirildi. Poeziya gecəsində kitabxananın fəal oxucuları və qonaqlar iştirak edirdilər.

   Əvvəlcə tədbir iştirakçıları Nizamiyə həsr olunmuş xüsusi guşə və əsərlərindən ibarət kitab sərgisi ilə tanış oldular. Tədbirdə şairin həyat və yaradıcılığından söz açıldı, kitabxananın fəal oxucularından Cəvahir Əzizli, Gülnaz Səfərəliyeva, Yusif Əzizov, Zərniyar Musayeva, Ləman Qarayeva və başqaları Nizaminin əsərlərindən parçalar söylədilər.

   Sincan kənd tam orta məktəbinin müəllimi Dilbazi Ələkbərova dahi Nizaminin bəşəri əhəmiyyət kəsb edən əsərlərindəki müdrik fikirlərin uşaq və gənclərin tərbiyəsində, dünyagörüşündə müsbət rolundan danışdı. Sonra sual-cavab şəklində viktorina keçirildi, fərqlənən oxuculara hədiyyələr təqdim edildi.

  

   Ramiyyə Əzizova,

   Oğuz rayon Sincan kənd kitabxanasının müdiri

 

   Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 12.