Nizami Gəncəvinin yubileyi Koreya və Rumıniyada qeyd olunub

 

   Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi ölkəmizdən xaricdə də müxtəlif tədbirlərlə qeyd olunur.

   Bu günlərdə ölkəmizin Koreya Respublikasındakı səfirliyi yubiley tədbiri təşkil edib. Mərasimdə səfirliyin əməkdaşları, Hankuk Universitetinin Türk-Azərbaycan kafedrasının professor-müəllim heyəti, universitetdə təhsil alan koreyalı və azərbaycanlı tələbələr iştirak edib.

   Səfirliyin ikinci katibi Fərrux Cumayev tədbirdə çıxış edərək Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat verib. Azərbaycanlı və koreyalı tələbələr dahi şairin əsərlərindən parçalar səsləndiriblər. Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş etdirilib, azərbaycanlı tələbə Cavid Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizaminin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romans-qəzəllərini tarda ifa edib.

   Tədbir iştirakçıları səfirlik tərəfindən hazırlanan yubiley guşəsi, Nizami Gəncəvinin yaradıcılığını əks etdirən suvenirlər, “Korea Post” jurnalında dahi şairə həsr olunmuş məqalə ilə tanış olublar.

   * * *

   Nizami Gəncəvinin yubileyi ilə bağlı daha bir tədbir Rumıniyada keçirilib. BuxarestinRomexpo” sərgi mərkəzində təşkil edilmiş ənənəvi kitab sərgisində Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə hazırlanmış və “Prut” nəşriyyatı tərəfindən 4 dildə nəşr edilmişNizaminin aforizmləri” miniatür kitabının təqdimatı keçirilib.

   Tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türktatar toplumunun təmsilçiləri iştirak ediblər.

   Təqdimatda dahi şairin həyat və yaradıcılığından, onun dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfələrindən bəhs olunub. Qeyd olunub ki, gələcək nəsillərə zəngin mənəvi miras qoyan şairin fəlsəfi düşüncələri, ibrət dolu nəsihətləri həmişə aktualdır və onun yaradıcılığı bu günbütün dünyada böyük maraqla öyrənilir.

  

   Ceyhun

 

  Mədəniyyət.- 2012.-21 dekabr.- S. 6.