Bir tarzən olub Gəncədə;

 

   ürəyi “sarı sim” çalarlı, ömrü isə “Kəsmə şikəstə”...

  

   Bir halda kiolub” nəqliliyilə başladım, qoy bir az da nağıl-noğullaşdırım onu; adı Məşdi, soyadı Mehdiyev, mizrabı od-alov imiş. Beş-on il öncələrə qədər Gəncə ahılları onu “Əbədigənc gəncəli” kimi də xatırlayırmışlar. Nədən ki, çal-çağırca, iş-güc, yetirim-bitirim ad-san, sal-salğarca çoxlarından uzunömürlü bu sənətkar, vur-tut, otuz üçcə illik bir ömür yaşayıb. Amma - vaxtilə yaşıdları demişkən - “yaşayıb, ha!..”

  

   İyirmi üç yaşından şaqraq-major çalğılarıyla “aləmə bir aləm səs salanbu ustad tarzənin naşad ürəyi otuz üçündə akkord-minor bio-ələm - “infarkt” taktı çalıb...

   Bu dəm, onun zəmanəsinin əməl-felinə rəğmən, bəlli bir zərb-məsəlin feli sir-“sifət”lərinə əl gəzdirmək gərəkir: “Sən çaldığını çal, gör ürək nə çalır”...

  

   Belə ki...

  

   o, anabinnət adı hamıya agah bir şah muğamın - naleyi-ah timsallı “Segah”ın “yetimini, “zabulunu, “Mirzə Hüseynini elə çalırmış, bir qarabağlı dostu demişkən, “helə biləsən”, əlindəki ilan-mizrabı otuz üçündən sonrasına qalan taqət-tabını sancırmış. “Şura elə incə-dürr xallar vurarmış, salondakıların huş-guşları könül quşları tək pərvazlanarmış. Şöbələrdə elə güllər edər, keçidlərə öylə ədvalar qatarmış - başlardan başqa bir əza da dəbərməzmiş məclis-mərəkələrdə...

   Bu adam özünümüdam sənətin sabahına köklərmiş. Şəxsi səfaların çoxusuna göz yumub, istimai-milli cəfalara sinə gərərmiş. Bir gün, həmin o şanlı elatın adlı-sanlı Eminbəylilər ocağından sevib-seçdiyi Şükufəsinə pıçıldadığı kimi; “Şeyx Nizaminin yaşadığı, Cavad Xan qeyrətinin uyuduğu, müstəqil cümhuriyyətimizin qurulduğu bu şəhərin özəlliyini, mərdanəliyini, kişi xarakterini mümkün qədər saxlayıb, gələcək sahiblərinə çatdırmaq...” əzmi ilə yaşayırmış. Məcburiyyət-məhkumiyyət üzündən qol qoyduğu, “amindediyi hər bir işin “hesab-kitab”ına daiki” yazdığı, “üç” söylədiyi məqamlarda “biryadda” düşünərmiş...

   “Sarı sim” çalarlı xallar ürəyində, “şikəstə” məlallı sevdalar başında... Elə bu yazının başlığı da bundan yana belə xanalandı mənim başımda. Məşdi Mehdiyevin milli-mənəvi düşüncə enerjisinin, başlar dəbərdən çalğılarının bolşevizm-daşnakizm əjdahasını necə sancıb, nəhayətdə necə sancılmasından yana. Azdan da azacıq ömür-gününü sənətimizin sabahına, vətəndaş-insanlığın xəlqi saflığına, millətin mənsubiyyət mədəniyyətinin inkişafına sərf etməsindən yana...

  

   Beləliklə

  

   milli sənət, mədəniyyət təsirilə dəbərdilən, düşünüb-daşınan baş yaman neo-bio-laboratoriyadır, qardaş! İrfan-ilham azmanlarımızdan birisi havayıdan deməyib ki: “Turana qılıncdan daha kəskin, ulu qüvvət - Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” İslam ilhamlılarından hansısa haçansa ax-vayıdan qoşmayıb ha: “Necə qan ağlamasın daş bu gün, Kəsilib yetmiş iki baş bu gün!” Müasir nasirlərimizdən birinin məşhur “Ürək yaman şeydir” hekayəsindəki sentimentallığa bir qədər qeyri-mental nəzər etsək, baş ondan da yaman orqandır!

  

   Yəni;

  

   tar - nakam şairimizinEy geniş kütlənin acısı, şirini, şərbəti, alovlu sənəti!” deyə xitab etdiyi bu milli sinə simvolu - dövranları döndərən o Dövrün nəyinə gərəkmiş!? Elitar başlardan çox proletar əl-ayaqların, “nasılka”qul muskulların dəbərdilməsini təbliğ edən dövrün. Xüsusən, ötən əsrin otuzuncu illərinin nəyinə-nəmənəsinə! İyirmi səkkiz yaşında ən adlı musiqi məktəbinin direktoru mərtəbəsinə, elçilik ayağına, məclis-məsləhətlər başına layiqlik reputasiyası bir yana, Nizami zirvəli, ulu nənəmiz Məhsətinin simasında ən müasir gender təntənəli qədim Gəncənin yeni mədəni-maarif müəssisələrinə daraşmış yad cisim-isim çoxluğuna rəğmən, heç olmasa, milli tərkib bərabərliyinə nail olmağa çalışan “millətçi tarzən” niyə dinc qoyulmalı, köksü üstündə xəlqi havalar, sinəsi altında siyasi-milli davalar çalmalıymış?! Belə birperiferik persona” üzdə “çiyin-çiyinə”, içdə “daban-dabanaolan daşnak “Melkumyan-Mkrtıçyan-Martirosyan triosunun taktikasına, “...hər şey bölünəndə püşkünə internasionalizm düşmüş Bakı”ya (Rəsul Rza) nisbətdə həddən ziyadə özgür-özdil-sözbir məxsusiyyətli bu şəhərdə həmsöhbət üzünə həsrət qalmış “Koqan-Fradkin duetinin strategiyasına nə qədər əlverişli-dilverişliymiş?! Siyasi özgürlüyünün, millətçi başlarının məhvindən sonra bu milləti irfani mədəniyyətçilərindən də məhrum etmək istəyənlərə “oxu, tar!” deyənlər, bu ümumxalq obraz-aləti bütün könlüylə çalanlar yox, “Oxuma, tar! İstəmir səni proletar!” qoşanlar, yad notlar üstdə trambon-dramton coşanlar, kontrabas-kontr-abas (!) çığırışanlar lazım idi.

  

   Belədə -

  

   ürək-diləkcə “sarı sim” çalarlı, düşüncə-daşıncaca ictimai damarlı Məşdi Mehdiyev istedad, qabiliyyət, qeyrət dolu ömrünü “kəsmə şikəstə”likdən necə xilas edə bilərdi?..

   Bu ürəyə bənzədilən - əl dəyəndə süskün-süsən sünbül təki titrəyib, küskün qəlblər kimi səslənən “sarı sim”ə hər deyəndə toxunulmaz, əfəndilər! O Məşdinin ürəyinəsə, çox sevdiyi bir xalq mahnısındakından da çox - bir gündən bir, üç gündən bir toxunurmuşlar...

   El-oba ağsaqqalına, ev-eşik ağbirçəyinə timsal “sarı sim” adlı o tel hərdən dillənər və özü də simu-zərdən hesab edilər. Məşdi Mehdiyevin duz yüklü ürəyi isə yalnız “Şahnazi xanımı Şükufə ilə söhbətləşəndə və bir də hərdən macal tapıb “Şüştər”i balası Xuramanı sevələyib-öyələyəndə saz döyünüb, düz vurarmış. Qalan vaxtlar - ictimai-siyasi naqisliklərdən dolayı - löyün-löyün döyüntülər, şər-böhtanlardan boy alan azar-bezar çırpıntılar, danos-dosye bəstələr üstdə plyus-minus tonuslar və nəhayət, çox sərt tonlu, pərt ovqatlı, zərbi-əsəb fonlu bir iclasdan sonra əbədi sükut-susqu...

   Amma bu əsilli-nəsilli gənc bu haqq susqudan öncə bütün Gəncəylə bir işlər işlədi, şəcərəsinə layiq hörmət-izzət qazandı, əcdadlarına layiq dil-ağız irsi -

  

   Ad-san qoydu getdi...

  

   Bu irsin orasından başlayaq ki, bu dərəcədə məlum-məşhur, virtuoz çalğıçı toylara getməzmiş. “Niyə-nədən”ini isə heç kimə söyləməzmiş. Əl çəkməyənlərə “başım səs-küy götürmür” deyərmiş. Ümum-ictimai toy-büsatlarda onun çalğılarına qulaq asmışlar isə toylarda yanlış-yansıqlıq edən tarzən görəndə “Nə Məşdinin yeridir!” - deyərmişlər. Amma elə yerlər, nədənsə, Məşdinin meydanı deyilmiş. Bu yaşda məhəlləyə çıxanda arvad-uşaq bir yana, “yaşdı-başdı”lar da özlərini yığışdırarmış. Nizam-nüfuzu ilə öncə öz ev-eşiyinin, sonra qonum-qonşuluğun, mər-məhəllənin, nəhayət, sevgili Gəncəsinin əyər-əskiyini ucalığa qoşa-qoşa, beş günün işini bir günə görə-görə, deyəsən, o vaxtlar üçün üç qərinəlik orta yaş həddini, bir zarafatcıl dostu demişkən, “quş həddinə” salmaq qəsdindəymiş Məşdi. Başqa bir dostu da pis hallandırmayıb onu: “Camaatharda - orda başolanda, Məşdi də harda ictimai daş - orda fərdi başdır!”

   Məşdi Mehdiyev 1909-cu ildə Gəncədə - əsl-nəsilli, varlı-hallı və ziyalı bir ailədə doğulduğu gündən dünyasını dəyişənədək tərcümeyi-halına gözəl, maraqlı naxışlar sala-sala, ali məqamlar yaza-yaza yaşayıb. Kiçik yaşlarında Gəncənin sənət-mədəniyyət fenomeni Məşədi Cəmil Əmirovun əhatəsində, onun oğlu Fikrət Əmirovun isə bağrıbadaş qoşalığında olub. Haşiyəvari bir qeyd edək: onun yaşıdı, sinif yoldaşı, sonralar dünya korifeyləri cərgəsində yer alan Fikrət Əmirov Məşdi Mehdiyevin direktor işlədiyi musiqi məktəbinə onun vəfatından beş il sonra rəhbər təyin edilib.

   Məşdi Mehdiyevin - o dövr yüzlər-minlərindən biri olaraq - bütün potensialı ilə üzə çıxması isə, böyük Üzeyir bəylə bağlıdır.

   Böyük Vətən müharibəsinin ilk illərindən Gəncədə keçirilən ictimai-siyasi yığıncaqların ikinci - “bədii hissə”ləri, mədəni-kütləvi tədbirlərin isə “başdan-ayağa”ları, hərdən “energetika mücəssəməsi” kimi də xatırlanan Məşdi Mehdiyevin istedadı, qabiliyyəti və birbaşa iştirakı ilə baş tutub. Gəncə şəhər radio verilişləri qovşağı, xalq çalğı alətləri ansamblı və sonralar orkestrinin yaranması onun təşəbbüs və çalışmaları hesabına başa gəlir və təbii olaraq ya dərhal, ya da az-para sonra onlara rəhbər seçilirdi.

   Onun həyatı o qədər maraqlı, fəaliyyət spektri o qədər geniş və zəngindir ki, bunları seçib-sonalamaqda, hansını daha çox qabartmaqda belə çətinlik çəkirsən. Bu bir qəzet yazılığı yox, bir kitablıqdır ki, bunu da klassik jurnalist Əhməd İsayev “Gəncəli tarzən Məşdi Mehdiyev” nəşri ilə həll edib. Bu kitab təkcə Məşdi Mehdiyevi deyil, o dövr Gəncəsini, Məşdinin yaradıcı və... milli hədəflərdən yayındırıcı ətrafını, bu gözəl insan, fenomenal sənətkarın özünün və həyat yoldaşının ailə-şəcərə aləmlərini maraqlı detallarla açıqlayır.

   O kitab və elə bu yazı Məşdi Mehdiyev kimi - bu qaçaraq tarixin qaranlıq künc-bucaqlarında, arxiv-“arxaik”liyində, müasir yazı-pozu tünlüklərinin “rəqabət”ində qalmış neçə-neçə sənətkarın da (trafaretanə desək) “əziz xatirələrinə” bir ithaf hesab edilsin...

  

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 12.