Prezident Kuboku uğrunda VII çövkən oyunları

 

   Dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Prezident Kuboku uğrunda VII çövkən milli oyunları keçirildi.

  

   Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği məqsədi daşıyan tədbirdə 16 şəhər və rayon - Şəki, Yevlax, Ağdam, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz, TovuzZaqatala komandaları iştirak edirdi. Komandaların peşəkarlığı ilə yadda qalan oyunları izləyənlər arasında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov, digər iştirakçı rayon-şəhərlərin mədəniyyət və turizm şöbələrinin rəhbərləri, çoxlu sayda atüstü oyun həvəskarları vardı.

  

   Komandaların baxımlı oyunları

  

   Oyunlara dekabrın 17-də start verildi. Püşkatma nəticəsində qarşılaşacaq komandalar müəyyənləşmiş, hazırlıq işləri başa çatmışdı. Komandalar qədim atüstü milli oyunlarımız olan yaylıq, sür-papaq, papaq və çövkən oyunları üzrə tamaşaçı qarşısına çıxacaqdı. Elə ilk oyunlardan komandaların ötən ilə nisbətən daha yüksək hazırlığı hiss olunurdu. Qarılaşmalarda böyük fərq hesabının qeydə alınmaması, komandaların əsasən bərabər səviyyədə mübarizə aparması bunu deməyə əsas verirdi.

   Bu fikri Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov da bizimlə söhbətində təsdiqlədi: “Ötənilki oyunlarda daha çox yarımfinal və final oyunları gərgin mübarizə şəraitində keçirdi. Bu il isə bütün oyunlarda bu mübarizlik hiss olunur. Komandaların əksəriyyətinin səviyyəsi məni qane edir. Ötən illə müqayisə aparsaq görərik ki, əvvəllər bu oyunun mahiyyətindən az xəbəri olan gənclər belə bu gün maraqlı, baxımlı oyun göstərir, qələbə əzmi nümayiş etdirirlər”.

   Azərbaycanda tarixən atçılıq mədəniyyətinin inkişaf etdiyini deyən Elman Qədirov onu da bildirdi ki, atüstü milli oyunlarımız çoxdur və onların tanıdılması, təbliği üçün aparılır: “Atüstü oyunlarımızın hər biri milli dəyərlərimizi yaşadır. Biz hələ ki, onlardan beşini nümayiş etdiririk. Atüstü güləş, yaylıq, sür-papaq, papaq və çövkən oyunlarının hər biri maraqla qarşılanır. Yaylıq oyunu artıq ikinci ildir ki, proqrama salınıb. Tədricən digər oyunlar da bu səviyyədə tanıdılacaq”.

   Oyunları 11 hakim idarə edirdi. Hakim Müşfiq İsmayılovun sözlərinə görə, mübarizə gərgin keçsə də, iştirakçılar bir-birinə hörmətlə yanaşırlar: “Biz əvvəlki oyunlarda da hakimlik etmişik. Belə oyunlarda fiziki qüvvəyə, yüksək bacarığa, manevretmə qabiliyyətinə malik olmaq komandalar üçün ən əsas keyfiyyətlərdir. Burada həm atlı, həm də atın hərəkəti vəhdət təşkil etməlidir. Oyunları idarə edən hakimlərin bəziləri hələ sovet dövründə təşkil olunan ümumittifaq yarışlarında iştirak ediblər. Onların təcrübəsindən gənc hakimlər də yararlanırlar”.

  

   Yaylıq, papaq, sür-papaq oyunları üzrə nəticələr

  

   4 gün davam edən oyunlardan sonra yaylıq, papaq, sür-papaq oyunlarının qalibləri məlum oldu. Yaylıq oyununda Bərdə, Qəbələ, Daşkəsən rayonlarının komandaları müvafiq olaraq I, II, III yerə layiq görüldülər. Papaq oyununda İsmayıllı komandası birinci oldu. Sonrakı yerləri YevlaxGoranboy təmsilçiləri bölüşdülər. Balakən komandası isə sür-papaq oyunlarında baxımlı oyunu ilə fərqləndi. Bu növdə Zaqatala ikinci, Oğuz üçüncü oldu.

   İsmayıllı komandasının üzvü Şəhadət Rəhimov təəssüratını bizimlə bölüşdü: “Builki oyunlar çox yaddaqalan oldu. Bu il papaq oyunlarında Tovuz, YevlaxGoranboy komandalarını üstələdik. Hələ ki çövkən oyunlarında qələbəmiz olmayıb. İstəyirəm, komandamız çövkən oyunlarında da birinci olsun”.

   Göygöl təmsilçisi Şükür Qasımov isə atüstü milli oyunlarda ilk dəfə iştirak edir: “Prezident Kuboku uğrunda milli oyunların hər il keçirilməsi yaxşı haldır. Komandamız papaq oyununda dördüncü oldu. Növbəti illərdə daha uğurlu nəticə qazanacağımıza inanıram”.

  

   * * *

   Yaylıq, papaq, sür-papaq oyunları başa çatdıqdan sonra çövkən oyunu üzrə yarımfinalın iştirakçıları da bəlli oldu. Prezident Kuboku uğrunda Ağdam, Şəki, Ağcabədi və Ağstafa komandaları mübarizə aparacaqdı.

   Yarımfinalda Şəki və Ağdam, Ağstafa və Ağcabədi komandaları qarşılaşdılar. İlk oyun ağdamlıların 3:0 üstünlüyü ilə yekunlaşdı. Ağstafa və Ağcabədi təmsilçilərinin qarşılaşması minimal hesabla başa çatdı - 1:0. Üçüncü yer uğrunda oyunda isə Şəki komandası Ağcabədi komandasını 3:1 hesabı ilə məğlub etdi. Beləliklə, kubok uğrunda AğstafaAğdam komandaları üz-üzə gələcəkdi.

  

   Milli dəyərlərin təbliğinə töhfə

  

   Oyunlarla bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Zərinə CavadovaAğstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gülgün Kərimovun fikirlərini öyrəndik.

   Zərinə Cavadova atüstü milli oyunların ənənəvi olaraq keçirilməsini müsbət hal hesab edir: “Bu tədbirlərin təşkilində məqsəd milli dəyərləri təbliğ etmək, milli oyunlarımızı populyarlaşdırmaqdır. Düşünürəm ki, görülən işlər bəhrəsini verir. Gənc nəsil bu sahəyə maraq göstərir. Milli oyunlarda iştirak edən rayonların sayı artır. Əvvəllər biz 6-7 komandanın həvəskar səviyyədə mübarizəsini izləyirdiksə, bu gün 16 komanda peşəkar oyun nümayiş etdirir. Təşkilatçılara, xüsusilə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk ki, mədəni irsimizin qorunub saxlanılmasına, onun təbliğinə xüsusi diqqət və qayğı ilə yanaşır. Görülən işlər atçılıq turizminin inkişafına da mühüm töhfədir”.

   Gülgün Kərimov isə Ağstafa komandasının qələbəsinə inandığını vurğuladı: “Komandamız hər il öz baxımlı oyunu ilə seçilib. Bu dəfə çövkən oyunlarında birinci yeri qazanacağımıza inanıram. Komandanın gənc üzvləri mübariz ruhdadır. Eyni zamanda, onlar istəyirlər ki, tamaşaçılar bu oyunlardan mənəvi zövq alsınlar. Əlbəttə, Ağdam komandası da qələbəyə əzmlidir. Digər rayonların təmsilçiləri də maraqlı oyun nümayiş etdirdilər”.

  

   Gərgin keçən final

  

   Çövkən oyunu üzrə final dekabrın 22-də keçirildi. Qara zurna sədaları altında meydana çıxan komandalar mübarizəyə hazır idilər. Oyunun ilk dəqiqələrində Ağdam komandası üstünlüyü ələ keçirməyə çalışırdı. Ağstafa komandası isə bacarıqla müdafiə olunur, yeri gəldikcə həmlələr edirdi. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Birinci hissənin sonuna yaxın Ağstafa komandası hesabı açdı - 1:0. Oyun elə bu hesabla da başa çatdı.

   Ağdam komandasının üzvü Şəhriyar Ağayev qələbəyə yaxın olduqlarını, lakin ikinciliyinpis nəticə olmadığını dedi. Ağstafa komandasının oyunçusu Zaur Cəlilov isə komanda yoldaşları ilə qələbəni qeyd edirdi: “Komanda üzvlərimiz - Elman Məmmədov, Fərman İsmayılov, İsmayıl İsmayılov, Rauf Nadirov - hər biri maraqlı oyun nümayiş etdirdilər. İlk dəfə 2006-cı ildə atüstü milli oyunlar keçiriləndə biz kuboku qazanmışdıq. O vaxtdan bəri çövkən yarışlarında nailiyyətimizi təkrarlaya bilmirdik. Bu il istədiyimizə nail olduq. Bizə mənəvi dəstək göstərənlərə minnətdarlığımızı bildiririk”.

   

   Bağlanış mərasimi

  

   Final oyunundan sonra komandaların mükafatlandırılması və oyunların təntənəli bağlanış mərasimi keçirildi. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edirdilər.

   Bütün növlər üzrə fərqlənən komandalar Mədəniyyət və Turizm Nazirliyinin diplompul mükafatları ilə təltif olundular. Çövkən milli oyununun qalibi olan Ağstafa komandasına isə baş mükafat - Prezident Kuboku təqdim olundu. Sonda oyunların iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxundu. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə olunur.

  

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 8.