Rostropoviçlərin ev-muzeyində yubiley tədbirləri

 

   Bu il görkəmli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviçin 85 illik yubileyi və Bakıda L. və M.Rostropoviçlərin ev-muzeyinin yaranmasının 15 ili tamam olur.

  

   Bu münasibətlə muzeydə müxtəlif tədbirlər keçirilir.

   Belə tədbirlərdən ikisi dekabrın 3-dən 9-dək davam edən VI Beynəlxalq Rostropoviç Festivalı günlərində təşkil olunub. M.Rostropoviçin 85 illik yubileyi, muzeyinin yaranmasının 15 illiyi münasibətilə keçirilən musiqili tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Rusiya İnformasiya Mərkəzinin sədr müavini Ravin Borisoviç Zaripov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri, muzey rəhbərləri, musiqi məktəblərinin kollektivləri iştirak ediblər.

   Qonaqlar qarşısında M.Rostropoviçin tələbəsi, beynəlxalq müsabiqələr laureatı A.Miltxın çıxış edib. O, F.Əmirovun “Monoloq”, S.RaxmaninovunVokaliz” əsərlərini ifa edib. Tədbirdə V.A.Motsart, F.List, N.Paqanini, T.Quliyevin əsərləri də səslənib.

   Muzeydə təşkil olunan kamera musiqi gecəsi yaddaqalan olub. Çıxış edənlər muzeydə görülən işlərdən danışıb, bu sənət ocağına uğurlar arzulayıblar. M.L.Rostropoviç fondunun vitse-prezidenti Eliso Maisuradze yubiley münasibətilə muzey əməkdaşlarını təbrik edib, bu mədəniyyət müəssisəsində aparılan elmi araşdırmaların vacibliyini vurğulayıb. Sonra iştirakçılar kamera musiqisi dinləyiblər.

 

Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 6.