“Hər kəs mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun tərəfdarıyam”

 

   Mirzə Fətəli Axundzadə - 200

  

   Zaman Əsgərli: “Axundzadənin maarifçilik ideyaları uzun illər bundan sonra da bəşər övladını ictimai-mədəni yüksəlişə, tərəqqiyə çağıracaq”

  

   Məlum olduğu kimi, türkdilli xalqların mədəni irsinin təbliğinə böyük önəm verən TÜRKSOY təşkilatı böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadimmaarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar 2012-ci ili “Mirzə Fətəli Axundzadə ilielan edib.

  

   Bu münasibətlə yanvarın 26-da TÜRKSOY-un Ankaradakı qərargahında keçirilən təntənəli mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Zaman Əsgərli böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib. Ədəbiyyatşünas alimlə müsahibədə böyük mütəfəkkirin yaradıcılığının müxtəlif aspektlərinə yanaşaraq, Mirzə Fətəli irsinin bu günümüz üçün aktuallıq kəsb edən məqamlarına toxunduq.

  

   - Zaman müəllim, TÜRKSOY təşkilatının 2012-ci ili türkdilli ölkələrdə “Mirzə Fətəli Axundzadə ilielan etməsi böyük hadisədir. Mütəxəssis olaraq siz Axundzadə şəxsiyyətinin türk dünyası üçün əhəmiyyətini necə xarakterizə edərdiniz?

   - Bütün müsəlman Şərqinin, türk dünyasının bədii-fəlsəfi, nəzəri-estetik fikir tarixində yeni mərhələ M.F.Axundzadə ilə başlanır. Sonralar Əli bəy Hüseynzadə və Ziya Göyalpın türkləşmək, islamlaşmaq, avropalaşmaq şüarı da özünün ideya qaynağını Mirzə Fətəlinin Şərq xalqlarını qəflətdən oyatmaq, maarifləndirmək və mədəni-siyasi tərəqqiyə çatdırmaq məramından götürür. Axundzadənin ölməz komediyaları, «Hekayəti-Yusif şah” (“Aldanmış kəvakib”) və «Kəmalüddövlə məktubları” ilə bütün Şərq-İslam aləmində Firdovsi, Nizami, Bəhmənyar, Rumi, Vaqif, Zakir və neçə-neçə başqa qüdrətli söz sənətkarlarının adı ilə təmsil olunan Şərq bədii-fəlsəfi düşüncəsinin inkişaf istiqaməti dəyişərək yeni yola çıxdı. Bu əsərlərlə çoxəsrlik Azərbaycan-türk ədəbiyyatının millilik, xəlqilik, dünyəvilik, həyatilik keyfiyyətləri daha da qüvvətlənir. Ümumşərq ədəbiyyatında yeni ideyalar, ədəbi növjanrlar meydana gəlir. Milli dramaturgiya, yeni tipli realist bədii nəşr, fəlsəfi-publisist povest janrları, sənətə realist baxış konsepsiyası yaranır.

   - Şərq-Qərb, Asiya-Avropa münasibətləri böyük mütəfəkkirin yaradıcılığında necə təcəssüm edilir?

   - Axundzadənin timsalında Şərqlə Qərb, Asiya ilə Avropa ayrılan və qovuşan tərəfləri ilə birlikdə dialektik vəhdətdə görünür. O, Qərbə nümunə kimi müdrik, humanist Şərqi, Şərqə isə elmin, maarifin, mədəniyyətin inkişaf etdiyi Avropanı göstərir. Lakin istər bədii yaradıcılıqda, istər fəlsəfədə, istərsə də dövlət quruluşunda o, Şərqi tənqid, Qərbi tərif idealından uzaqdır. Ədib milli ədəbiyyatın, bədii düşüncənin tərəqqisi və zənginləşməsi, milli və xəlqi olması naminə Şərqdən də, Qərbdən də eyni dərəcədə bəhrələnir.

   O, bütün varlığı: kökü, əcdadı, mənşəyi etibarilə Şərq hadisəsidir, Qərbə isə ədəbi-mədəni əlaqə, gör-götür səviyyəsində bağlıdır. Şərqin mövcud durumuna etiraz və ayıq tənqidi münasibət, ədəbi-fəlsəfi, ictimai-siyasi, dini-tarixi keçmişinə rəğbət və nostalgiya isə doğma xalqına və bütün bəşəriyyətə böyük məhəbbətin aydın görüntüsüdür. Mirzə Fətəli yazırdı: «Mən dərvişməslək və bəşəriyyəti sevən bir insanam. Hər kəs insanları sevib mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafında əngəl törədənlərdən kənarda və uzaqdayam”. Elə buna görə bəşəriyyətin bir hissəsi olan Şərq müsəlman xalqlarının mədəni inkişafını əngəlləyən hər maneəyə qarşı radikal mövqe tutur, yorulmadan mübarizə aparırdı.

   - Bəllidir ki, Mirzə Fətəlinin Şərq müsəlman xalqlarının mədəni inkişafı yolunda apardığı mübarizə həm də əlifba islahatı, əski, ərəb qrafikalı əlifbanın yenisi ilə əvəz olunması ilə bağlı idi. Bunun din və şəriətlə hər hansı əlaqəsi var idimi?

   - Mirzə Fətəlinin fikrincə, yuxarıda qeyd etdiyim maneələrin ən böyüyü əski ərəb əlifbası idi. Buna görə o, ərəb əlifbasının dəyişilməsinə birinci dərəcəli kimi baxır və yazırdı: «Ölkə və xalq qarşısında hər cür başqa xidmət əlifbanı islah etmək tədbiri qarşısında ikinci dərəcəli tədbirdir... Dəmir yolu vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Çünki bütün işlərin əsası bilikdir, bilik isə əlifbanın asan olub-olmamasından asılıdır”.

   Axundzadənin köhnə əlifbanı dəyişmək ideyasının və bu yolda apardığı mübarizənin din və şəriətlə əlaqəsinə gəlincə, burada onun İranın sabiq konsulu Əli xana yazdığı məktubundan misal göstərə bilərəm: «Məqsədim İslam dinini rədd etmək deyil. Belə bir bəd əməldən Allaha pənah aparıram. Mənim məqsədim İslam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir”.

   1873-cü ildə Tiflisdən «Həqayıq” qəzetinin redaktoruna yazdığı məktubda da məqsədini eyni sözlərlə izah edirdi: «İslam xalqlarının hazırkı əlifbasını dəyişdirməkdə məqsədim elmləri və sənətləri öyrənmək vasitəsini asanlaşdırmaq idi ki, bütün İslam xalqları istər şəhərli, istər kəndli, istər oturaq, istər köçəri olsun, qadınlı-kişili savad öyrənməyə, elmlərə və sənətlərə yiyələnməyə imkan taparaq, tərəqqi yoluna qədəm qoyub mədəniyyət aləmində yavaş-yavaş özünü avropalılara çatdırsın. Təəssüf ki, həmin fikrim baş tutmadı və İslam xalqlarının başçıları tərəfindən öyrənilmədi”.

   - Mütəfəkkir yazıçının fəlsəfi dünya görüşü, eləcə də dövlət quruluşu ilə bağlı əsas düşüncələri, ideyaları nədən ibarət olub? O, cəmiyyətin inkişafının əsas şərtlərini nədə görürdübunun uğrunda necə mübarizə aparırdı?

   - Mirzə Fətəli Axundzadənin bütün ictimai fəaliyyətini, eləcə də fəlsəfi düşüncələrini səciyyələndirən mühüm keyfiyyət demokratizmdir. Ədib maddi və mənəvi azadlıq, milliictimai bərabərlik tələblərini dialektik vəhdətdə, qarşılıqlı əlaqədə alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm ayrı-ayrı fərdlər, həm də bütöv xalq, cəmiyyət miqyasında irəli sürürdü: Elmmaarif bütün xalq arasında, aşağıdan tutmuş yuxarıya qədər, varlıdan tutmuş yoxsula qədər, istisnasız olaraq hamının arasında yayılmalıdır: çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdır”.

   Mirzə Fətəli bir maarifçi kimi konstitusiyalı xalq hakimiyyəti, ictimai azadlıq, demokratik inqilab haqqında söz açır, ədalətsiz cəmiyyəti dəyişməyin, ictimai zülmü aradan qaldırmağın real üsulunu, vacib şərtini bəyan edirdi: «Zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz”.

   Fikirlərini əsaslandırmaq üçün mütəfəkkir yazıçı bəşər tarixinə müraciət edir, peyğəmbərlər dövründən başlayaraq, filosofların, din xadimlərinin və şairlərin zalıma nəsihət verməklə heç nəyə nail olmadıqlarını xatırladır: «Hazırkı (XIX) əsrin əvvəllərinə qədər təxminən 10 min il ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər belə bir əqidədə idilər ki, zülmü aradan qaldırmaq üçün zalıma moizə oxuyub, nəsihət vermək lazımdır. Ona görə də peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalıma behişt vədəsi vermişzülmü davam etdirən zalımları cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zavalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar”.

   Axundzadə ictimai zülmü aradan qaldırmaq yolunu zalıma moizə oxumaqda, nəsihət verməkdə deyil, məzlumun şüurunu oyatmaqda, onu mədəni-siyasi baxımdan savadlandırmaqla yeni ictimai qanunlar hazırlamaqda görürAvropa filosoflarının düşüncələrinə uyğun olaraq yazırdı: «Zülmü aradan qaldırmaq üçün heç də zalıma müraciət etmək lazım deyildir, bəlkə əksinə, məzluma demək lazımdır ki: «Ey nadan, sən ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan: bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan”. Lakin bununla bitmir. Zülmü ortalıqdan qaldırandan sonra elə qanunlar yaradılmalıdır ki, «hər bir insan o qanunlara əsasən öz əli altında çalışan insanlara zülm etməyə qadir olmasın”. Ədib qeyd edirdi ki, o dövrdə Avropa ölkələrində konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir.

   Bu ideya ədibin sonrakı əsərlərində daha da inkişaf etdirilir. 1860-cı illərdə Axundzadə konstitusiyalı monarxiya fikrini, dövlətin idarə edilməsində xalqın iştirakı məsələsini irəli sürür, xalqın gücünə inamla inqilabdan danışaraq yazır: «Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır ki, revolyusiya edib übudiyyətdən nicat tapasan. Əgər bu halət, yəni ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir çəkərdin və özünə puç əqaidin qeydindən və despotun zülmündən nicat verərdin”.

   1875-ci ildə isə «Yek kəlmə” haqqında məqaləsində yazır ki, göz qabağında olan bu əsas, yəni istibdad quruluşu «kökündən, dibindən qoparılmalıdır. Ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür. Yəni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaqyekdillik əsasları əldə etməli, sonradan zalıma müraciət edərək deməlidir: səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaq”.

   - Necə düşünürsünüz, Axundzadənin ictimai-maarifçilik ideyaları, yazdığı əsərləri Şərq xalqlarının oyanışında nə kimi rol oynadı? Onun fəaliyyəti bu günümüz üçün nə dərəcədə aktualdır?

   - Bu mənada ədibin fəlsəfi əsərlərini, özəlliklə «Kamalüdövlə məktubları”nı misal göstərmək olar. Bu əsər bütün müsəlman-Şərq xalqlarını silkələyib süstlüyün, durğunluğun, qatı fanatizmin məngənəsindən qoparmaq, onları maddi və mənəvi azadlığa çatdırmaq ehtirası ilə alışıb-yanan maarifçi mütəfəkkirin həyəcanı, narahatlığı idi. Əsərin ideya qiymətiictimai-siyasi əhəmiyyəti haqqında Mirzə Fətəli özü yazırdı: «Elə bir böyük siyasidini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış olsun. Mən sizi inandırıram ki, hal-hazırda, yəni fikirlərdə siyasi coşqunluq əmələ gəldiyi bir zamanda Türkiyədə, Hindistanda və Asiyanın hər yerində bu əsər fanatizmi məhv etmək işində yüz min nəfərlik bir ordudan daha çox görə bilər”.

   Axundzadənin ictimai maarifçilik ideyaları, özəlliklə elmi biliklərlə silahlanaraq, inkişaf etmiş mədəni cəmiyyət, möhkəm və işlək qanunları olan dövlət, konstitusiyalı hakimiyyət, azadlıq, demokratiya, milli və şəxsi bərabərlik, Şərq-müsəlman xalqlarının, eləcə də türksoyluların mənəvi birliyi və qardaşlığı haqqında fikirləri 150 il bundan əvvəl deyilməsinə baxmayaraq, bu günmüasir, konstruktiv səslənir və uzun illər bundan sonra da bəşər övladını ictimai-mədəni yüksəlişə, tərəqqiyə çağıracaq.

  

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 10 fevral.- S. 11.