Millətin fəxarət
ünvanı
Xalqımız müxtəlif
zamanlarda ictimai fikir tarixində şərəfli yer tutan elə
şəxsiyyətlər yetirmişdir ki, həmin adamların
düşüncələri, hiss və həyəcanları həmişəlik
şüurlara süzülərək qəlblərə dolub.
Belə nurlu təfəkkür sahiblərindən biri
qardaş özbək, tacik, türkmən xalqlarının
maariflənməsi yolunda yaxından iştirak edən görkəmli
pedaqoq və ictimai xadim Seyid Rza Əlizadədir. Qeyri-adi
istedada, dərin biliyə, güclü enerjiyə, beynəlmiləl
ruha, geniş dünyagörüşünə malik olan bu azərbaycanlı
oğulun adı Orta Asiya xalqları üçün əziz və
unudulmazdır.
Azərbaycanlı ziyalılar tarixən qardaş xalqların maariflənməsi, onların mədəniyyətinin inkişafı işində köməyini əsirgəməmiş, yaşadığı yerdə heç bir milli fərq qoymadan istedad və bacarığını insanların savadlanmasına, elm və mədəniyyətin çiçəklənməsinə həsr ediblər. Seyid Əzim Şirvani, Süleyman Sani Axundov, Tağı Şahbazi, Abdulla Şaiq və başqa şəxsiyyətlərimiz kimi bütün həyatını, işini maarif və mədəniyyətə həsr edən Seyid Rza Əlizadənin köksündə, sözün əsl mənasında, böyük ürək döyünüb. Ondakı enerji, bilik, geniş dünyagörüşü tədqiqatçıları həmişə heyrətləndirib.
Xalq
yazıçısı Əzizə Cəfərzadə
yazırdı: «Özbəklər, taciklər bizim bu azərbaycanlı
oğlunun xeyirxah xidmətlərini unutmayıblar. Bəzən
öz ana dilindən başqa beş dil bilənə az qala heyrətlənirik.
Qəribə budur ki,
Seyid Rza Əlizadə on beş dil bilirdi. Özü də elə təmiz, səlis, rəvan
danışırmış ki, buna görə də dillərin
bilicisi sayılırmış. Xalqımızın
bu maarifpərvər oğlu həm də gözəl jurnalist,
qəzet, jurnal redaktoru olub. Faktlar təsdiqləyir
ki, Seyid Rza Əlizadə qibtə ediləcək yazı tərzinə,
yazı üslubuna malik imiş».
1920-1930-cu illərdə
Orta Asiyada çıxan qəzet və jurnalların demək
olar ki, hər nömrəsində Seyid Rza Əlizadənin məqalələri
dərc olunurmuş. Vətəndən
uzaqlarda yaşamasına baxmayaraq, Azərbaycanla bağlı
olub. Bakıda nəşr olunan
«İrşad», «İqbal», «Molla Nəsrəddin» kimi qəzet və
jurnallarla müntəzəm əlaqə saxlayıb. Seyid Rza Əlizadə 1887-ci ildə Özbəkistanın
Səmərqənd şəhərində dünyaya göz
açıb. Bu şəhərdəki ali
ruhani mədrəsəsində dini təhsil alaraq ərəb-fars
dillərini mükəmməl öyrənib. 1904-cü
ildən Səmərqənd mətbuatında mühərrirlik
fəaliyyətinə başlayıb. Onun
yazıları həm oxucular, həm də yuxarı dairələr
tərəfindən maraqla qarşılanıb. 1908-ci ildə işıq üzü görən
«Ayna» adlı qəzetdə işləməyə
başlayıb. Bütün mahalda onun
imzasını tanıyır və sevirdilər. On il sonra «Şərq» adlı qəzet nəşr
etdirir, qəzetin türk ellərində yayılması
üçün əlindən gələni əsirgəmir. Eyni zamanda o dövrdə çıxan müxtəlif
mətbuat orqanları ilə səmərəli əməkdaşlıq
edirdi.
Seyid Rza Əlizadə
ictimai xadim, pedaqoq, ədəbiyyatşünas, istedadlı
jurnalist, gözəl tərcüməçi, dilçi kimi
tanınmışdı. Özbək, tacik balalarına
savad vermək üçün məktəblər
açmış, «Əlifba» kitabı, digər tədris vəsaiti
hazırlamış, tacik dilinin qrammatikasını
yazmış, rusca-tacikcə tam lüğət tərtibində
mühüm rol oynamış, Ə.Nəvai adına
Səmərqənd Dövlət Universitetində ərəb və
fars dillərindən dərs demişdir.
O, özbək, tacik və Azərbaycan
xalqları arasında mədəni əlaqə yaratmaq
işində ciddi fəaliyyət göstərmişdir.
Üzeyir Hacıbəylinin «Arşın mal alan»,
«O olmasın, bu olsun» və s. musiqili komediyalarının Səmərqənd
həvəskar artistləri tərəfindən tamaşaya
qoyulmasının təşkilatçısı olmuşdur. Məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin
«Şeyda» əsəri ilk dəfə Aşqabadda, sonra da Səmərqənddə
tamaşaya qoyulub. Çox sonralar bilinib ki,
bu əsərlərin səhnələşdirilməsində
Seyid Rza Əlizadənin böyük rolu olub.
Seyid Rza Əlizadə
özbək dilində «Əlifba» kitabı yazaraq 1917-ci ildə
Səmərqənddəki «Zərəfşan» nəşriyyat-şirkətində
«Birinci yil» («Birinci sinif») adı ilə çap etdirmişdir.
Həmin dərs kitabı 96 səhifədən
ibarətdir ki, hazırda bir nüsxəsi Özbəkistanın
Dövlət Kitab Palatasında saxlanılır. Seyid Rza Əlizadə 1920-ci ildə isə tacik məktəbliləri
üçün ilk dəfə «Soli na xustin» («Birinci il»)
kitabını nəşr etdirib. Kitab 1924
və 1925-ci illərdə də çap olunub. Onun
sonuncu nəşrindən bir nüsxə hazırda Ə.Nəvai
adına Səmərqənd Dövlət
Universitetində saxlanılır. Əlbəttə,
mənsub olmadığın xalq üçün «Əlifba»
kitabı yazmaq qeyri-adi bir işdir. Seyid Rza
Əlizadə məhz belə bir hünərə sahib olub.
Onun xalq maarif sahəsindəki
fəaliyyəti təkcə orijinal dərsliklərin tərtibi
ilə bitmir. O, eyni zamanda bir sıra dərslikləri rus
dilindən (Kiselyovun «Cəbr», Terentyevin «Hesab», İvanovun
«Coğrafiya» dərslikləri) tacik dilinə tərcümə
edib. Belə gərgin əməyinə,
geniş fəaliyyətinə görə
soydaşımıza 1923-cü ildə «Maarif qəhrəmanı»
adı verildi. 1933-1937-ci illərdə bu görkəmli
pedaqoq və ictimai xadim Ə.Nəvai adına
Səmərqənd Dövlət Universitetində müəllim
işləmiş, ərəb və fars dillərini tədris
etmişdir.
Bir sıra bədii əsərlərin
də müəllifi olan Seyid Rza Əlizadə zəngin
yaradıcılığı ilə seçilirmiş. Mənbələrdən məlum olur ki, müəllifin
«Əsri səadət» əsəri 1924-cü ildə
Pakistanın Lahor şəhərində çap olunub.
Akademik V.Bartoldun «Türküstan» əsəri fars,
əfqan və urdu dillərində Seyid Rzanın tərcüməsi
ilə yenə Lahor şəhərində nəşr edilib. Onun çoxşaxəli, zəngin
yaradıcılığı elmi cəhətdən, təəssüf
ki, lazımi şəkildə tədqiq olunmayıb. Geniş fəaliyyət dairəsinə malik bu
ensiklopedik şəxsiyyətin
yaradıcılığında mühüm yer tutan pedaqoji,
jurnalistlik, bədii yaradıcılıq, tərcüməçilik,
ictimai işlərinin hər biri ayrı-ayrılıqda tədqiqat
obyektinə çevrilməlidir. Onun
yaradıcılığı tacik, özbək, Azərbaycan
elmi-pedaqoji ictimaiyyətinin müştərək obyekti
olmalıdır desək, daha düzgün səslənərdi.
Çünki belə olduqda bu maarif, mədəniyyət
və məslək fədaisinin yaradıcılıq nümunəsində
türk xalqlarının, eləcə də müsəlman
dünyasının həmrəyliyinin mahiyyətini daha
yaxşı izah etmiş olarıq. Seyid Rza Əlizadənin
əsərlərinin, xüsusilə də «Sarfi-nahfi tociki»,
«Polnıy russko-tacikskiy slovar» kitablarını yenidən nəşr
edib elmi ictimaiyyətin istifadəsinə vermək bir tərəfdən
dilçilik elmini daha da zənginləşdirər, digər tərəfdən
isə oxucularda müəllif haqqında dolğun fikir yaradar.
Sovet dövründə
Seyid Rza Əlizadə haqqında tədqiqat aparanlar
Türküstan diyarında inqilab hərəkatının
iştirakçısı, mətin kommunist, görkəmli
pedaqoq, alovlu şair, istedadlı dilçi, gözəl
jurnalist kimi dəyərləndirirdilər.
Soydaşımızın ədəbi irsi bu gün də
Ə.Nəvai adına Səmərqənd
Dövlət Universitetində öyrənilir. Səmərqənddə
Seyid Rza Əlizadənin adını daşıyan
küçə var. Yaşadığı evin divarına
xatirə lövhəsi vurulub.
Qocaman jurnalist, ədəbiyyatşünas
Qulam Məmmədli yazırdı: «Seyid Rza Əlizadə Orta
Asiya xalqlarının mədəniyyətində, maarifində
azərbaycanlı ziyalıların göstərdiyi rolun bir
nümunəsidir. Belə ki, Əbülqasım
Gəncəvi, Fatma xanım Gəncəvi, Əli İsmayılzadə,
Qulaməli Kazımzadə, Əliş bəy Əliyev kimi
başqaları məhz bu qəbildəndir. Təsadüfi deyildir ki, özbək şairi Qafur
Qulam 30-cu illərdə Bakıda olarkən «Kommunist» qəzeti
üçün verdiyi müsahibəsində demişdir ki, mən
ilk təhsilimi Səmərqənddəki azərbaycanlıların
məktəbində almışam. Şeir
aləminə isə Cavidin, Sabirin yolu ilə gəlmişəm».
Əlbəttə, bunlar adi sözlər deyildi.
Məhz bu sözlərin izinə
düşüb böyük işlər aşkar etmək
olar.
Seyid Rza Əlizadənin
dil öyrənmək sahəsində xüsusi istedadı olub.
Özbək və tacik dillərinin qrammatikasından elmi əsər
yazmaq, lüğət tərtib etmək, rus dilində
yazılmış əsərləri başqa dillərə
çevirmək, ərəb və fars dillərinin bilicisi
olmaq, bundan başqa, tatar, Osmanlı (türk), rus, ingilis, erməni,
fransız, hind, urdu, ivrit dillərini da yaxşı bilmək -
bu, ancaq qeyri-adi qabiliyyətə malik olmaq deməkdir. Məhz belə bir səadət Seyid Rza Əlizadəyə
nəsib olmuşdu. Bu səbəbdən də
yaşadığı dövrdə istedadlı dilçi kimi
məşhurlaşıb.
Araşdırmalar təsdiqləyir
ki, Seyid Rza Əlizadə hansı sahədə fəaliyyət
göstərməsindən asılı olmayaraq həmişə
öz istedadı, qeyri-adi qabiliyyəti, böyük məharəti
və hünəri ilə seçilirdi. Onun «İslam mədəniyyəti»,
«İslam tarixi», «Din vacibləri», «Əsabeye-İkram», «Məhəmməd
peyğəmbərin yaxın əqrabaları haqqında», «Səadət
əsəri» və başqa əsərlər böyük
maraq doğurmuş, bu günə kimi elmi ədəbi aləmin
nəzər-diqqətində dayanmışdı. Əsərlərinin nüsxələri
dünyanın bir çox kitabxanasında saxlanılan milli
ruha, bəşəri duyğulara, böyük arzulara sahib olan
bu istedad sahibinin necə kommunist olması, bu ideyalara sədaqətlə
xidmət etməsi bir qədər şübhəli
görünür. Əlbəttə,
türk ellərinin maariflənməsi, azadlığa
çıxması, tərəqqiyə qovuşması naminə
yeni quruluşa inana bilərdi. Bu mənada
onun ön sıralarında addımlaması da
mümkündür. Amma dünya tarixini,
elmin bir çox sahələrini dərindən bilən,
qeyri-adi istedada malik, son dərəcə həssas və dəyanətli
olan Seyid Rza Əlizadəni aldatmaq mümkün deyildi. O,
səhv edə bilərdi, amma qəlbi həmişə
xeyirxahlıqla döyündüyündən, millətinə,
xalqına çox sədaqətli olduğundan günah edə
bilməzdi. Ömrü boyu kasıblara əl
tutan, onları oxutmaq üçün məktəblər
açan, kitablar yazan, hətta uşaqların qələmini,
dəftərini, kitabını pulsuz paylayan bu böyük
ürəkli, təpərli insan başdan-ayağa milli hisslərə
malik bir şəxsiyyət idi. Hətta bəzi
yazılı mənbələrdən bəlli olur ki, o,
Hindistanda müsəlmanlar üçün qəzet çap
etmək istəyəndə Bakıya - Hacı Zeynalabdin
Tağıyevə müraciət edib, ondan kömək istəyib.
Bu barədə məlumat da var ki, Hacı da
özü kimi xeyirxah, vətənpərvər əqidə
qardaşının sorğusuna biganə yanaşmayıb.
Ona Hindistanda mətbəəsini
çalışdırmaq üçün pul göndərib.
Seyid Rza Əlizadənin
tərcüməçilik fəaliyyəti də genişdir.
Puşkinin, Tolstoyun, Ostrovskinin, Qladkovun, Karamzinin, Qoqolun,
Şoloxovun, Voyniçin əsərlərini tacik, Nizami,
Füzuli, Sabir, Nəvai və Firdovsinin əsərlərini isə
rus dilinə çevirərək oxuculara
çatdırırdı.
Ötən əsrin
repressiyaları bu istedadlı şəxsi də öz
caynaqlarına aldı. Doğrudur, onu
hansı məsələdə
günahlandırıldığı o qədər də
açılmayıb. Amma Seyid Rza Əlizadənin
yaradıcılığını araşdırarkən istər-istəməz
bir sıra həqiqətlər özü bu «səhvləri»in
nədən ibarət olduğunu söyləyir. Mikayıl
Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəkir
Çobanzadə, Abbas Mirzə Şərifzadə və
onlarca başqaları hansı günahın sahibi idilər
ki?! Onların bir ümumi «eybi» var idi -
istedadlı idilər. Millətin, xalqın
maariflənməsi yolunda hər cür fədakarlığı
bacarırdılar. Bir milləti və
xalqı məhv etmək üçün öncə onun
ziyalılarını aradan götürmək prinsipini həyata
keçirən sovet repressiya maşını məhz ermənilərin
əli ilə türk ellərinin şəxsiyyətlərini
həbs edərək qətlə yetirdilər, Sibirin
çöllərində dondurdular. Qollarına
qandal vurularaq həbs edilən Seyid Rza Əlizadə 1945-ci ilin
dekabrında məhkum ikən dünyasını dəyişib.
Uzun illər qəbrinin yeri də məlum
olmayıb. Yalnız 1987-ci ildə nəvəsi
Fərhad Əlizadənin uzun axtarışları öz nəticəsini
verib. Azərbaycanın bu görkəmli
oğlunun nəşini doğulduğu Səmərqənd
şəhərinə gətirərək «Pəncab» qəbiristanlığında
dəfn ediblər.
1982-ci ilin fevralında Bakıda bu görkəmli pedaqoq və ictimai xadimin anadan olmasının 95 illiyi ilə bağlı elmi-praktik konfrans keçirildi. Bu mərasimdə iştirak edən Fərhad Əlizadənin sözləri hələ də yadımdadır: «Seyid Rza Əlizadənin repressiya zamanı sönmüş ulduzu qədirbilən xalqı tərəfindən Azərbaycan torpağında yenidən parladı. Bu ulduzun nuru elə bol, parıltısı elə güclü və işıqlıdır ki, bir də sönəcəyinə inanmıram».
O, bu dünyaya həqiqətən də bir ulduz kimi doğuldu, ziyası çox ellərə nur gətirdi. Seyid Rza Əlizadə həm də bütün varlığı ilə xalqına, millətinə bağlı bir insan kimi fəaliyyət göstərdi. Onun istedadı müxtəlif sahələrdə öz bəhrəsini verdi. Bu gün də türk elləri bu mötəbər Azərbaycan oğlunu minnətdarlıq duyğusu ilə xatırlayırlar. Bu gün Səmərqənddə onun adına məktəb, küçə var, ev-muzeyi yaradılıb, adını daşıyan məktəbin qarşısında büstü qoyulub. Hətta Rusiyanın özündə də bu azərbaycanlı oğulun elmi, ədəbi, bədii irsinə böyük maraq göstərilir. Onun «Dünya tarixi» əsəri tədqiqatçılar tərəfindən araşdırılır. Bəllidir ki, Seyid Rza Əlizadə bu əsəri yazarkən ingilis, alman, fransız və italyanların tarixini dərindən araşdıraraq onu iki cildə sığışdıra bilmişdi.
Belə bir görkəmli şəxsiyyətləri yad etmək bizim vətəndaşlıq borcumuzdur. Onlar çox ağır və çətin dövrlərdə yaşayaraq millətin işıqlı sabahı üçün böyük işlər gördülər. Bütün türk dünyasının çiçəklənməsinə, tərəqqiyə qovuşmasına, bəşər mədəniyyətində öz halal yerini tutmaq üçün çarpışdılar. Zamanın ağır ittihamları, dəyişən quruluşların repressiyaları onların ömrünü yarıda qırsa da, yazdıqları, yaratdıqları əbədi qaldı. Əbədiyyətə qovuşanların bu əbədiyaşar əməlləri isə millətin fəxarət ünvanıdır!
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 13.