Oxucunun kitabxanaya gəlməsi
üçün ilk
növbədə orada yaxşı şərait
olmalıdır”
Lətifə
Məmmədova: “Kompyuter texnologiyalarını bilməyən
mütəxəssislər kitabxanada işləyə bilməz”
Son
illər ölkəmizdə kitabxana işinin
yaxşılaşdırılması haqqında qəbul edilən
qərarların icrası bu sahənin inkişafında ciddi
dönüş yaradıb. Bu sırada “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsini xüsusi qeyd etmək gərəkdir.
Ötən dövrdə proqramda nəzərdə tutulan tədbirlərin
gerçəkləşməsi nəticəsində yerlərdə
bir çox kitabxanaların vəziyyəti, maddi-texniki təchizatı
yaxşılaşıb, oxucuların kitabxanalara marağı
artıb. Hərçənd ayrı-ayrı yerlərdə hələ
də problemlər, həlli vacib məsələlər qalmaqdadır.
Dövlət Proqramı çərçivəsində
görülən işlərin hansı səviyyədə
olması və ümumilikdə hazırda
kitabxanalarımızın vəziyyəti haqqında ətraflı
məlumat almaq üçün Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədovaya
müraciət etdik. Sektor müdiri öncə bir mühüm
məqamı qeyd etdi ki, internetin, elektron informasiya mənbələrinin
sürətlə yayıldığı indiki vaxtda bəzən
kitabxanaların fəaliyyətinin nə dərəcədə
gərəkli olduğuna dair suallar meydana çıxır:
“Lakin bir məsələ dəqiqdir ki, kitabxanasız cəmiyyət
ola bilməz. Kitabxana informasiya mənbəyi kimi cəmiyyətə
lazımdır. Bu gün internet kitabxanalarla çox ciddi rəqabətə
girib. Lakin nəzərə almaq lazımdır ki, internet mənbələrindən
fərqli olaraq, kitabxanada saxlanılan informasiya sistemləşdirilib.
Bu informasiya daha dolğun və dürüstdür. Halbuki
internetdə isə çoxlu qeyri-dəqiq informasiyaya rast gəlmək
olur. Ona görə də kitabxanaların bu aspektdə rolu əvəzsizdir.
Yaxşı kitabxanaçı isə cəmiyyətin fəxridir».
Dövlət Proqramının
icrası nəticəsində kitabxanaların fəaliyyətində
böyük dəyişikliklər olduğunu deyən sektor
müdiri bu xüsusda ilk mühüm parametr kimi
kitabxanaların veb saytlarının yaradılmasını qeyd
etdi. Bu gün bir neçə rayonu çıxmaqla (Lerik,
Şuşa, Xocalı) respublika üzrə qalan bütün
şəhər və rayon kitabxanalarının saytı var:
“Bundan əlavə, ölkə üzrə 50-yə yaxın
kitabxanada elektron kataloq yaradılıb. Onlar öz
resurslarını dünyaya çatdıra bilirlər. Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana sistemində vaxtilə ən
geridə qalan kitabxanalar indi öncül müəssisələrə
çevriliblər. Onu da deyim ki, digər təşkilatların
kitabxanaları da bizim kitabxanalara müraciət edirlər.
Milli Elmlər Akademiyasının, Azərbaycan Texniki
Universitetinin, Neft Akademiyasının, Polis Akademiyasının,
Tovuzda Heydər Əliyev Mərkəzinin kitabxanasında bizim
köməyimizlə elektron informasiya sistemi yaradılıb”.
Bu il bölgələrdə
kitabxanaların inkişafı ilə bağlı yeni layihələr
həyata keçiriləcək.
Respublikada ilk dəfə Beyləqan rayonunda 2012-ci il “Kitabxanalar
ili” elan edilib. İl ərzində rayonda
kitabxanaların informasiyalaşdırılması,
kitabxana fondlarının
yeni nəşrlərlə
zənginləşdirilməsi, multimedia fondlarının yaradılması,
yeni kitabxanaların, o
cümlədən uşaq
kitabxanası üçün
yeni binanın inşası nəzərdə
tutulur.
Kitabxanaların bina şəraitinin
yaxşılaşdırılmasının
ən aktual məsələlərdən olduğunu
deyən sektor müdiri bu sahədə görülən
işləri də nəzərə çatdırdı.
Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının yeni binaya köçməsi,
ilk kitabxana-mağazasının açılışı, Abşeron
rayonunun Fatmayı kəndində müasir tipli kitabxana binasının istifadəyə
verilməsi, Xaçmazda
uşaq və gənclər kitabxanasınının
yaradılması, Şabran
rayonunda ilk multimedia mərkəzinin
açılışı bu qəbildəndir: “Kitabxanaların təmir olunması işi demək olar ki, bütün bölgələrimizdə davam
edir. Qəza vəziyyətində olan kitabxana binalarının sayı artıq minimuma enib. Şəmkirdə Mərkəzi Kitabxana
binası qəza vəziyyətindədir. Bu
barədə Nazirlər
Kabinetinə müraciət
etmişik. Belə vəziyyət
bir neçə rayonda mövcuddur və bununla bağlı müvafiq işlər görülür”.
Kitabxanaların
müasir texnologiyalardan
istifadəsində də
müəyyən çətinliklər
var. «Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı»nda
da bu məsələyə
xüsusi yer ayrılıb: “Hazırda Prezident Kitabxanasında və Cəfər Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasında elektron
kitabxanalar fəaliyyət
göstərir. Milli Kitabxanada, Respublika Uşaq Kitabxanasında və digər kitabxanalarda kitabların elektron bazası yaradılıb. Müasir texnologiyalardan istifadə
problemi artıq öz yoluna qoyulub. Hər bir kitabxana filialında multimedia mütəxəssisi
ştatı yaradılıb.
Yəni hər kənd kitabxanasında internet, kompyuter
və onu işlədən mütəxəssis
olacaq. Bir sıra şəhər və rayonların - Quba, Xaçmaz, Qusarın kitabxana işçiləri Rusiya Federasiyasının Mədəniyyət,
İncəsənət və
Turizm İşçilərinin
Yenidən Hazırlanma
Akademiyasının virtual kurslarında
iştirak ediblər.
Bu iş gələcəkdə
də davam etdiriləcək. Kitabxanalarda attestasiyalar
da keçirəcəyik.
Bu iş artıq Füzuli, Masallı, Beyləqan rayonlarında həyata keçirilib. Kompyuter texnologiyalarını bilməyən
mütəxəssislər kitabxanada
işləyə bilməz.
Kitabxana-informasiya sahəsində görülən
işlər müasir
standartlara cavab verməlidir”.
Sektor müdiri kitabxanalara oxucu marağının artırılması məsələsinə
də toxundu: «Oxucunun kitabxanaya gəlməsi üçün
ilk növbədə orada
yaxşı kitablar, yaxşı şərait olmalıdır. Bir neçə kitabxana
filialını normal şəraiti
olmadığı üçün
bağlamışıq. Kitabxana filiallarını birləşdiririk.
Lakin kitabxanalara oxucu marağını artırmaq
üçün orada
çalışan işçilərin
də üzərinə
məsuliyyət düşür.
Oxucunun necə qarşılanması,
ona necə xidmət göstərilməsi
heç də az əhəmiyyətli məsələ deyil”.
L.Məmmədova
görmə qabiliyyətindən
məhrum olan insanlara kitabxana xidmətinin göstərilməsi
ilə bağlı görülən işlərdən
də danışdı:
“Respublika Gözdən
Əlillər Kitabxanasının
kitab təminatı baxımından problemi yoxdur. Lakin bina problemi
var. Kitabxana hazırda
5 mərtəbəli evin
zirzəmisində yerləşir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev kitabxana üçün yeni binanın layihəsinin hazırlanması
ilə bağlı tapşırıq verib və hazırda bununla əlaqədar iş aparılır”.
Sektor müdiri kitabxana
işi sahəsində
əldə olunan uğurlar sırasında
son illər bir sıra ölkələrin
(Polşa, Rumıniya,
Macarıstan, Almaniya,
ABŞ, Rusiya, Ukrayna,
Belarus, İndoneziya) kitabxanalarında
Azərbaycan guşəsinin
yaradılmasını da
qeyd etdi. Bundan əlavə, xarici ölkə kitabxanalarında Azərbaycan
haqqında olan nadir kitabların elektron variantının ölkəmizə
gətirildiyini bildirdi:
«Rusiya Dövlət Kitabxanası, Tatarıstan
Milli Kitabxanasından Azərbaycana aid materiallar gətirilib. Tiflis, Sankt-Peterburq, Drezden kitabxanasına da müraciətlər edəcəyik.
Kitabxanalarımızın beynəlxalq əlaqələri
də genişlənir.
Əvvəllər Azərbaycanı demək olar ki, yalnız Milli Kitabxana təmsil edirdi. İndi digər kitabxanalar, o cümlədən region kitabxanaları
da beynəlxalq konfranslarda iştirak edir, qabaqcıl təcrübə, müasir
texnologiyalar mübadiləsi
aparırlar.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 11.