Həqiqətin dadı da varmış!

 

  Əli bəy Hüseynzadə ən çox bu “təam”dan dadmış...

  

   Bu, onun fəlsəfi postulatlarından biridir: “Həqiqətin də dadı, ləzzəti vardır”.

 

   Əli bəy Hüseynzadə bütün ömrü boyu, heç də hamının - əslində, bəşəriyyətin böyük əksəriyyətinin “xörəyi” olmayan bu tanrısal “dad”ın dadına çatan, imdadına yetən çox-çox azlardan biri olub. Bu mənəvi sərvətin qorunması üçün, yalnız əsilzadələrin, irfani-intellekt beyinlərin duyub-eşidə biləcəyi tonda haraylar salıb. Öz şəxsi mənafe, nəfs qapılarını mahiyyətində batillik olan hər şeyin üzünə bağlayan bu milli və bəşəri şəxsiyyət yalnız ulu rəbb-ali bəndə “mətbəxi”nə məxsus olan bu haqq qida ilə - həqiqətlə yaşayıb...

  

   Niyə “bütün şüurlu həyatı boyuyox, bütün ömrü boyu dediyimin fərqindəyəm; onunyeddi arxa dönəni”nin pak və müqəddəs maddi-mənəvi həyat yaşayan tarixçəsi doğurur bu qənaəti. Bu nəsil, az qala əsrlər boyu Salyan qəzasından yayılan Şeyxülislamlar tağı kimi tanınıb. Əli bəyin nənəsi Hüsniyyə - on səkkizinci əsrdə doğulub, otuz doqquz il Qafqaz şeyxülislamı olmuş Axund Məhəmmədəli Səlyaninin iki qızından biri olub (ikinci qızı Nisə Əli bəyin çəkdiyi “Azərbaycanlı ailəsi” tablosunda təsvir edilib). Əli bəyin babası Axund Əhməd Səlyani (Məhəmmədəlinin qardaşı oğlu) də uzun illər Qafqaz şeyxülislamı olub.

  

   Tale belə gətirib ki...

  

   “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində” yerləşən Salyan şəhərində doğulmuş Əlinin Tiflisə köçüb, buradakı Müsəlman Məktəbində riyaziyyat müəllimi işləyən atası Molla Hüseyn Hüseynzadə və anası Xədicə xanım vəfat edəndə onun 6, qardaşı İsmayılın isə 2 yaşı varmış.

   O, babasının - Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyümüş, uşaqlıq və tələbəlik illərində fars, ərəb, almanrus dillərini öz fəhm-fərasətilə mükəmməl öyrənmişdir.

   İyirmi bir yaşında (1885) Peterburq Universitetində riyaziyyat fakültəsinə daxil olan Əli bəy həm təhsildə, həm də həyatda “dinc” dayanıb-durmayıb. Riyaziyyat ixtisasına yiyələnməkdə olan bu gənc tez-tez Şərq fakültəsindəki məşğələlərə də qaçar, görkəmli professorların, adlı-sanlı pedaqoq-mütəxəssislərin mühazirələrini dinləyərmiş. Onun o dövrün Mendeleyev, Baqner, Jukovski, Menşutkin kimi məşhur elm adamlarının elmi-tədrisi qənaətləri ilə imperiya paytaxtında baş verən ictimai-siyasi diktələr paraleli arasında qalıb, dillema-düşüncələr yaşadığı anları, məqamları da çox olurmuş. Təbiətən azadxah, milli, sadə, əzabkeş xalq tərəfdarı olan Əli bəydə Sankt-Peterburqda ikən “Xalqçılar” hərəkatına rəğbət yaranır. Bundan siyasi nəzarətçilər də agah olunca, bir sıra inqilabi ruhlu tələbələr kimi, Əli bəy də Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

   Rusiya imperiyası və onun, Bakı da daxil olmaqla, ucqarlarındakı inqilabi təlatümlər, siyasi oyanışlar, ictimai qarşı-qarşıya dayanışlar Əli bəy Hüseynzadəni daha ali təhsilə səsləyir, öz fikir və qənaətlərini daha ciddipopulyar səpki-sərgidə bəyana sövq edir. O, Sankt-Peterburq “qəza-qismət”indən sonra Türkiyəyə gedirİstanbul Darülfünununda əsgəri-tibbiyə fakültəsində dermatoloq ixtisası və hərbi rütbə (yüzbaşı) qazanır. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyəti tərkibində İtaliyaya gedir, üç il sonra geri dönür, müsabiqə yolu ilə İstanbul Darülfünununda professor köməkçisi vəzifəsinə təyin edilir. Lakin canındakı yenilikçilik, inqilabçılıq cövhəri burada da özünü büruzə veriro, “Gənc türkçülər hərəkatı”na qoşulur. “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğu bilindikdən sonra isə ciddi təqib və təzyiqlərə məruz qalır.

  

   Bu da Azərbaycan...

  

   Bəli, uzun qürbət, mühacirət, zillət illərindən sonra, bu da Azərbaycan! O, buraya buradan apardığı fikir-düşüncələrinin daha yüksək təzahürləri, daha ali misli ilə qayıtmışdı. Sonralar yazıb yaddaşlara əmanət etdiyi fəlsəfi mühakimələrinin biri də elə bu gəlişinin ən başlıca səbəb-görəvlərindən birini ehtiva edir: “Hürriyyət!.. Bu nə qüvvətdir ki, zehnləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

   O, bu ilahisövq ediyorluğu Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında aldığı təhsil, təcrübə və dünyagörüşləri məcmusunda yaratdığı bir sıra portret və mənzərələrində də oxucu-tamaşaçılarına təlqin etməyə çalışırdı.

   Sənətsevər oxucularımız yəqin ki, onun ustad (həm də son dərəcə milli!) fırçasıyla yaradılmış neçə-neçə tablosunu, “Şeyxülislamın portretini və “Bibiheybət məscidi”ni (indiki yox, bolşeviklərin yerlə-yeksan etdiklərini) xatırlayırlar. Bunu da bilənlər var ki, müəllifin güzəran ucbatından əcnəbi milyonçuya satmaq istədiyi “Bibiheybət məscidi” əsəri böyük millət hamisi Zeynalabdin Tağıyev sayəsində özümüzdə qalmışdır. Amma, bütün hallarda, Əli bəyin rəsm əsərləri Bakı muzeylərindən daha çox, İstanbulun sənət-sərgi ocaqlarında və Parisdə - əsasən şəxsi kolleksiyalarda saxlanılır.

   Əli bəy Hüseynzadənin daha böyük ideya-mayaklara hesablanmış fikir-düşüncələrinə Bakı mühiti də darlıq edirdi. O, Türkiyədən qayıtdığı ilk günlərdən “Kaspi” qəzetilə əməkdaşlıq etsə də, hələ bu onunçünodeyildi. Fikri millətin, qara camaatın böyük, “qara” dağlarında qala-qala, əlacsızlıqdan, bəzən kiçik - o qədər də önəmli olmayanala dağlardan da yazmalı olurdu.

   Bir neçə publisistik, analitik yazılardan sonra “Gənc türkçülük nədir?” məqaləsində öz hədəfinə yaxınlaşmağa başlayır. Bu yazıda türk-tənzimat hərəkatının mahiyyətini açıqlayır və islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra dövrünün daha bir ictimai fikir nəhəngi - tezliklə “milli əkizlər” adıyla çağrılan dostu Əhməd bəy Ağaoğlu ilə birlikdə “Həyat” qəzetinin nəşrinə (Z.Tağıyevin maliyyəsilə) başlayır. Tezliklə bu fikir-əqidə “əkiz”lərinin sırası artır. Üzeyir bəy, Şahtaxtılı, Mirzə Cəlil, Qaspıralı və başqaları Azəbaycan məfkurə-mədəniyyətinin əleyhdarlarına qarşı canlı sipər-səngərə, tərəfdarlarımızın isə “ata evi” dayağına çevrilirlər.

   Türkiyədəki həmfikir dostları və Krım-tatar dahisi Qaspıralının timsallarında Əli bəy Hüseynzadə öz “zavallı”-nakam Turançılıq ideyasına da ayaq verir. O Qaspıralı ki, vaxtilə “Kaspi” qəzetində onu belə təqdim edirdi: “İsmayıl bəy Qaspıralı kimdir? O, bütöv bir millətdir!”

   Əvvəlcə özləri tapışıb birləşmiş bu millət mücahidləri bütün əqli və fiziki güclərini cəmləşdirərək bütün Azərbaycanı, Türk dünyasını, Turanı birləşdirmək işinə başlamışdılar. “Dildə birlik, işdə birlik, əməldə birlik!” şüarı ilə çalışan bu mütəfəkkir-mücahidlər Azərbaycanın da “Türkləşmək, müasirləşmək” kimi azərbaycançılıq formulunda inkişafına rəvac verirdilər. “Həyat” və digər mütərəqqi görüşlü qəzetlər Əli bəy Hüseynzadəni oxuculara “ağır başlı filosof”, ağla, “sədrə şəfa verən sözlər söyləyən mütəfəkkir” kimi təqdim edib, tanıdırdılar. Əli bəy isə bu qiymətə borclu qalmır, dərc etdirdiyi yeni-yeni məqalələrində ictimai-mədəni mühitə yeni, müasir ab-hava gətirir, ümumxalq dünyagörüşünə, canlı bir universitet kimi, elmi-məntiqi əsaslara söykənən milli və bəşəri prinsiplər saçırdı.

   Başda Ə.Hüseynzadə və Ə.Ağaoğlu olmaqla, bu canlı institutlar yaxşı bilirdilər ki, ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində informasiya mühiti ən önəmli amildir. Buna isə yalnız kütləvi mətbuat - qəzet-jurnal vasitəsilə nail olmaq mümkündür. Elə jurnalistikamızın, mətbuatımızın əvəzsiz ictimai fikir tribunasına çevrilməsi də, başda mətbu-ata Zərdabi olmaqla, məhz onlarla bağlı tarixi mərhələnin məhsuludur. Məsələn, “Füyuzat”ın heyəti gözəl jurnal nümunəsindən əlavə, həm də ümumən Azərbaycanda füyuzatçılıq xətti-hərəkatı yaratmış, orijinal-kompleksal jurnalistika məktəbinə banilik imzası atmış oldu. Elə Xalq Cümhuriyyətimizin dövründən dövlət bayrağımızda rəmzləşən üç rəng - Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri də Əli bəy Hüseynzadənin yuxarıda bəhs edilən tezisi və füyuzatçıların kompleks milli-bəşəri-dini xidmətləri ilə bağlıdır.

  

   Onun öz qələmindən...

  

   lap sonda bəndənizin dilindən bir neçə söz...

   O: “1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə qurduq. 1914-cü il aprelin 6-da Saidabəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci il dekabırin 31-də Feyzavər balalarım dünyaya gəldi. Səlim Turan gözəl rəssamdır (qeyd: Fransada impressionizm nəhənglərindən olan Səlim Turan 1995-ci ildə Parisdə vəfat edib). Feyzavər Üsküdarın Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı. Qızım Saida Lyondan qayıtdıqdan sonra Kabataş qız liseində matematik müəllimidir. Hər üçü ailəlidir...”

   Sonuncu üç nöqtənin biraçmasıda bu ki, onlardan heç birinin övladı olmamışdır. Dahilərin çoxusuna nəsib olan bir tale, irsiyyət sonsuzluq qisməti...

   1926-cı ildə - hələ sovetlərinürəyigeniş” “era”sında Bakıda keçirilməsinə icazə verilən I Türkoloji qurultayda iştirakdan sonra bir daha Vətən üzü görməmiş bu dahimiz haqda elə-belə düşünmək çətin, yazmaq da, bu yazını necə, niyə belə tez-tov bitirmək ...

   Qaspıralı bütöv bir millətdir!” deyən kəsin özü kim idi, bəs?! Görəsən, “Əli bəy Hüseynzadə bütöv bir Turan idifikrimə şərik çıxmayan tapılarmı? Varsa, onların xətrinə, sovet mətbuatında tez-tez işlədilib bayağılaşdırılmış bir deyimlə bitirirəm bu əzablı yazımı: O, bütün gələcək nəsillərimizə nümunədir!...

 

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 29 fevral.- S. 15.