“Azərbaycan Cənubi Qafqazda Belarusun strateji tərəfdaşıdır”

 

   Nikolay Paskeviç: “Diplomatik əlaqələrimizin yubileyi ölkələrimizin mədəni həyatına çoxlu maraqlı hadisələr bəxş edəcək”

  

   Gələn il Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dövlətlərarası münasibətlərin qurulmasının 20 ili tamam olacaq. Bu illər ərzində iki ölkə arasında əlaqələr dinamik inkişaf edib. Siyasi, iqtisadi, mədəniyyət, elm, təhsil və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan ikitərəfli saziş və müqavilələr də bunu təsdiqləyir. Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç ilə söhbətimizdə ölkələrimiz arasında münasibətlərin müxtəlif məqamlarına toxunduq.

  

   - Cənab səfir, Azərbaycanla Belarus arasında münasibətlər dərin köklərə malikdir. Bu əlaqələrin tarixini necə xarakterizə edərdiniz?

   - Belarus və Azərbaycan uzun illər eyni dövlətin tərkib hissəsi olub: əvvəlcə Rusiya İmperiyasının, sonra isə Sovet İttifaqının. Beloruslar və azərbaycanlılar bu illərdə sevinc və kədəri birlikdə yaşayıblar. Xarici müdaxilələr, siyasi repressiyanın dəyirman daşları, sənayeləşdirmə və kollektivləşmənin acı nəticələri - bütün bunlar xalqlarımızın tarixinin bir hissəsidir. İki xalqı birləşdirən əsas tarixi hadisələr faşizm üzərində qələbə, belorusların və azərbaycanlıların bir cəbhədə vuruşduqları Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardır.

   Belarus xalqı həmin müharibədə respublikamızın faşist işğalçılarından azad olmasında böyük şücaət göstərmiş azərbaycanlıların xatirəsini hər zaman ehtiramla yad edir. Respublikamızın şəhərlərinin küçələrinə Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, Nəcəfqulu Rəfiyev, Aslan Vəzirovun adları verilib, onların heykəllər ucaldılıb. Bizi təkcə tarixi yaddaş birləşdirmir. Qonaqpərvərlik, tolerantlıq, xoşməramlılıq - bu amillər də belarus və azərbaycanlıları yaxınlaşdıran ümumi xüsusiyyətlərdir. Bunu Azərbaycana və Belarusa gələn hər kəs qeyd edir.

   - Bugünkü əlaqələrimizin səviyyəsini necə qiymətləndirirsiniz? Mədəniyyət və incəsənət sahəsində münasibətlər necə inkişaf edir?

   - Azərbaycan Cənubi Qafqazda Belarusun strateji tərəfdaşıdır. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq xarakteri alıb. Dövlət başçılarımız arasında sıx münasibətlər var, hökumət, parlament, müxtəlif dövlət idarələri, qurumlar səviyyəsində əlaqələr davamlı inkişaf edir, ikitərəfli əlaqələrin sağlam hüquqi bazası təşkil edilir. Qarşılıqlı ticarətin həcmi dəfələrlə artıb, 2011-ci ildə ticarət dövriyyəsi 1 milyard dollara çatıb. İqtisadi sahədə həyata keçirdiyimiz layihələr qarşılıqlı əməkdaşlığa töhfə verir. İnvestisiyaelmi əməkdaşlıq bu münasibətlərdə mühüm yer tutur, regionlararası əlaqələrin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. İntensiv ticarət və iqtisadi əməkdaşlıq, keçirilən yüksək səviyyəli səfərlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına da güclü təkan verir.

   İki ölkənin müvafiq nazirliklərinin əməkdaşlığı sayəsində incəsənət, o cümlədən teatr kollektivləri arasında əlaqələr intensiv şəkildə inkişaf etdirilir. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı ilə Belarusun Böyük Milli Akademik OperaBalet Teatrı arasında 2011-ci ildə əməkdaşlıq haqqında memorandum imzalanıb. Təkcə bu il Bakı səhnəsində Belarus aktyorlarının beş çıxışı baş tutub. İki ölkənin digər teatrları da aktiv şəkildə əməkdaşlıq edirlər. İyunda Sumqayıt Dövlət Musiqili Dram Teatrında V.Qaufın «Karlik-nos» əsəri Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva tərəfindən tamaşaya qoyuldu. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyətinin Minsk səhnəsində oynadığı Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası Belarus tamaşaçıları tərəfindən heyranlıqla qarşılandı.

   Akademik Arif Mehdiyevin rəhbərlik etdiyi “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyəti xalqlarımız arasında dialoqun inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın tanınmış elm, mədəniyyət, incəsənət, təhsil xadimləri, işgüzar adamları cəmiyyətin üzvləridir. Cəmiyyətin xətti ilə reallaşan əhəmiyyətli layihələrdən biri Bakı Slavyan Universitetində fəaliyyət göstərən “Belarus dili və mədəniyyəti mərkəzi”dir. Mərkəz 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı açılıb. 2011-ci ilin fevralından burada belarus dilinin tədrisinə başlanılıb. Eyni zamanda M.Tanka adına Belarus Pedaqoji Universitetində “Azərbaycan dili mərkəzi” fəaliyyət göstərir. Bakıda Zərifə Salahovanın yaratdığı Miniatür Kitab Muzeyində Belarus Milli Kitabxanasının miniatür nəşrlərinin sərgisinin təşkilində də “Azərbaycan-Belarus” cəmiyyəti yaxından iştirak edib.

   İkitərəfli ədəbi əlaqələr inkişaf edir. Keçən il Azərbaycan Yazıçılar Birliyinin katibi Belarus Yazıçılar İttifaqının qurultayında iştirak etdi. Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə Belarus Yazıçılar İttifaqının və qurumun orqanı olan « çadır» jurnalının redaksiya heyətinin üzvü seçildi. Rəssamlarımız arasında da əlaqələr genişlənir. Bu ilin mayında tanınmış Belarus rəssamı Zoya Luçeviç Bakıda “Qız qalası” beynəlxalq incəsənət festivalında, iyunun əvvəllərində isə «Tullantıdan incəsənətə» beynəlxalq sənət festivalında iştirak etdi. Azərbaycan nümayəndələri müntəzəm şəkildə Belarusda keçirilən «Listapad», «Vitebskdə Slavyan bazarı», «Dostluq çələngi», « çadır» kimi beynəlxalq incəsənət festivallarında iştirak edirlər. 2012-ci ilin oktyabrında ölkələrimiz üçün mühüm hadisə - Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi gözlənilir. Cavab tədbiri olaraq 2013-cü ildə Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.

   - Necə düşünürsünüz, mədəniyyətin digər sahələrində əməkdaşlıq mümkündürmü?

   - Bizim təsviri sənət sahəsində çox yaxşı sənətkarlarımız var. Ümid edirəm ki, onlar Azərbaycan və Belarusun incəsənət muzeyləri arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində sərgilərin mübadiləsini həyata keçirə biləcək. Azərbaycan təmsilçilərinin «Eurovision» mahnı yarışmasında stabil olaraq yüksək yerləri əldə etməsi müasir Azərbaycan estradasına marağı artırıb. Təəssüf ki, hələlik kinematoqrafiya sahəsində az əməkdaşlıq edirik. Düşünürəm ki, birgə səylərimizlə bu boşluğu da doldura bilərik. Real hadisələr əsasında birgə film çəkməklə bağlı maraqlı ideyamız var. Bu bizim ümumi tariximizin ən parlaq səhifələrini əks etdirə bilər. Bütövlükdə inanıram ki, bir-birimizi çox tanıdıqca mədəni əlaqələrin inkişafında qarşımıza daha geniş üfüqlər açılacaq. Əminəm ki, 2013-cü ildə diplomatik əlaqələrimizin 20 illik yubileyi ölkələrimizin mədəni həyatına çoxlu maraqlı hadisələr bəxş edəcək.

   - Cənab səfir, Azərbaycana gələnə qədər ölkəmiz haqqında nələri bilirdiniz? Burada yaşadığınız müddətdə ölkəmiz və onun insanları sizdə hansı təəssüratı yaratdı?

   - 2006-cı ilə qədər Azərbaycanda Belarus nümayəndəliyi yox idi. Bizim jurnalistlər praktiki olaraq burada işləmirdilər. Ona görə də Belarus sakinləri Azərbaycana bir qədər yad nəzərlərlə baxırdı. Bu, bizi müəyyən dərəcədə mənfi stereotiplərin əsiri etmişdi. Buraya gələnə qədər mənim Azərbaycanla bağlı təsəvvürlərim daha çox sovet dövrü təsəvvürlərinə əsaslanırdı. Məktəb illərindən Azərbaycan neftçilərinin uğurları, Neft Daşları haqqında eşitmişdim. Futbolla maraqlananların çoxu keçmiş ittifaqın yığma komandasında Banişevski-Malofeyev tandemi ilə qürur duyurdular. Mən çox xoşbəxtəm ki, tale mənə Azərbaycanda çalışmaq, bu ölkə haqqında biliklərimi xeyli genişləndirmək imkanı bəxş edib. Ölkənizdə tikintinin vüsət alması, Bakının fövqəladə arxitekturası və zəngin təbii landşaftı insanda gözəl təəssürat yaradır. Mənim üçün ən yaxşı kəşf buradakı insanlar oldu. Azərbaycanda artıq 6 ildir ki, işləyirəm və bu illər mənim üçün çox yaddaqalan olub. Mən hərdənbir qayğılı, narahat adamlar görürəm. Lakin heç vaxt qəzəbli və sərt adamlarla rastlaşmamışam. Həyata keçirdiyimiz birgə layihələr sayəsində azərbaycanlıların zəhmətsevərliyi, biliyi, bacarığı, yüksək nəticəli yaradıcılıq qabiliyyətləri ilə yaxından tanış olmaq imkanı qazandıq.

   - Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fikirlərinizi bilmək maralı olardı...

   - Bu suala cavab verərkən mən belarus və azərbaycanlıların milli xüsusiyyətlərinə diqqət yetirdim. Burada başlıca səbəb kimi xalqlarımızın tarixi talelərində həmahənglik görürəm. Azərbaycan və Belarus dövlət müstəqilliyinə doğru uzun çətin yol keçib, tez-tez başqa dövlətlərin amansız döyüş meydanına çevrilib. Ola bilsin ki, tarixin dramatik ziqzaqları Azərbaycan mədəniyyətinin xüsusiyyətlərini şərtləndirib. Ən mühümü odur ki, burada mədəni orijinallıq qorunur. Məsələn, musiqini götürək: Azərbaycan musiqisi janrından asılı olmayaraq (klassika, yüngül musiqi, cazsair) milli harmoniyanın xeyirxahlıq, sevgi və ümidləri ilə “hörülür”. Mən burada özündə neqativlik daşıyan musiqi ilə rastlaşmamışam.

   - Səfir kimi burada geniş fəaliyyət sahəniz var. Yəqin ki, boş vaxtlarınız az olur. Yerli teatr tamaşalarına, konsertlərə getmək imkanı tapırsınızmı?

   - Həqiqətən mənim qrafikim sıxdır və bəzən vaxtım gecəyə qədər davam edir. Ona görə də deyə bilmərəm ki, teatrkonsert salonlarına mütəmadi gedirəm. Buna baxmayaraq, mümkün qədər tamaşalara, incəsənət ustalarının çıxışlarına baxıram. Eyni zamanda bizim Belarus incəsənət xadimlərinin buradakı çıxışlarını da buraxmamağa çalışıram. Məsələn, bir qədər əvvəl Azərbaycan Dövlət OperaBalet Teatrının səhnəsində bizim həmyerlimiz maestro Vyaçislav Voliçin dirijorluğu ilə nümayiş olunan «Traviata» operası ilə böyük məmnunluqla tanış oldum.

   - Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

   - Turizm istiqamətində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və hələlik potensial tamamilə reallaşmayıb. Ölkələrimiz arasında turistlərin mübadiləsini genişləndirmək üçün birbaşa aviareyslər, vizasız rejim var. Belarus sanatoriyaları və pansionatları orta qiymətləri və yüksək səviyyədə xidməti ilə əcnəbilərin diqqətini cəlb edir. Xeyirxah və yüksək ixtisaslı heyət, ixtisaslaşdırılmış müalicə proqramları, canlı təbiət, mineral mənbələr, Belarus tarixinin nadir abidələri ilə tanışlıq imkanı - bütün bunlar Belarusda bir dəfə istirahət edəni yenidən bizim ölkəyə gəlməyə sövq edir. Öz növbəsində belaruslar məşhur Azərbaycan kurortu Naftalana böyük maraq göstərirlər. Yenə də müxtəlif təbiət landşaftları, nadir tarixi abidələr. Xüsusilə də mən turistlərə məsləhət görərdim ki, Bakının əsrarəngiz görünüşündən zövq alsınlar. Onun siması surətlə dəyişir, arxitekturası isə insanı heyrətləndirir. «Eurovision» müsabiqəsinə gələn hər kəs bunu gözləri ilə gördü.

   - Azərbaycanda olduğunuz müddətdə tarixi və görməli yerlərə baş çəkmək imkanınız olub?

   - Mənim Azərbaycanda kifayət qədər geniş - Qusardan Astaraya və Bakıdan Naxçıvana qədər səfərlər coğrafiyam var. Gəncədə tez-tez oluram - Gəncə Avtomobil Zavodu «Belarus» traktorları və «MAZ» yük avtomobillərinin yığılması layihəsini müvəffəqiyyətlə reallaşdırır. Perspektivdə başqa maraqlı layihələr də var.

   - Milli mətbəximizlə aranız necədir?

   - Mətbəxinizin zənginliyi insanı heyran edir. Azərbaycanın çoxlu növlərə malik plovları, yarpaq dolması, Bakı düşbərəsinin dadına baxmamaq mümkün deyil. Ən çox sevdiyim plov növü isə «Şah plov»dur. Kulinarlar xüsusilə göyərti balqabaq qutablarını çox gözəl hazırlayırlar. Balıqlardan kütüm xoşuma gəlir. Sizin narşərabı sumağı biz təkcə öz qida rasionumuzda istifadə etmirik, eyni zamanda, onları Belarusda da aktiv şəkildə təbliğ edirik.

  

 

   Söhbətləşdi: Mehparə Sultanova

 

   Mədəniyyət.- 2012.- 4 iyul.- S. 5.