Tarix və mədəni irsimizin təntənəsi

 

   Şəki Xan Sarayının 250 illik yubileyi rəngarəng tədbirlərlə yadda qaldı

  

   XVIII əsr Azərbaycan memarlığının incisi, bənzərsiz tarixi-memarlıq abidəsi... Şəki Xan Sarayı haqqında onlarla belə tərif dolu ifadələr işlətmək olar. 1762-ci ilin yadigarı olan bu qədim sənət abidəsinin 250 yaşı müxtəlif ölkələrdən gəlmiş qonaqların iştirakı ilə yüksək səviyyədə qeyd edildi.

  

   İyulun 4-də Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Mərasimdə iştirak etmək üçün çoxlu sayda qonaq - Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatın nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici ölkə təmsilçiləri, bədii kollektivlər Şəki şəhərinə təşrif buyurmuşdular.

   Yubiley tədbiri XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaraymehmanxana kompleksinin həyətində başlandı. Mərasimə təşrif buyuran qonaqlar süfrələr salınmış masaların üzərində meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın xan şərbəti və sərinləşdirici içkilərə qonaq edildilər. Tədbirin keçirildiyi məkanın dekorasiyaları da maraqlı və diqqətçəkən idi: karvansaray Şəki Xan Sarayının divar rəsmlərini əks etdirən fraqmentlərlə bəzədilmişdi. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının şən və oynaq rəqsləri isə tədbirə gözəl bir ab-hava gətirdi.

   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək milli memarlığımızın ən gözəl nümunələrindən olan Şəki Xan Sarayının 250 illik yubileyinin qeyd olunmasının Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə əlamətdar hadisə olduğunu bildirdi: «Bu gün Azərbaycan tarixində çox gözəl bir an yaşayırıq. 250 il bundan öncə Zeynalabdin adlı gözəl bir memarın sayəsində Azərbaycan xalqının belə möhtəşəm sənət abidəsi meydana gəldi və 1762-ci ildən bu günə qədər qorunub saxlanılan Şəki xanlarının sarayı bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə heyran etməkdə davam edir».

   Nazir milli-mədəni irsimizin qorunması sahəsində görülən işlərdən danışaraq Prezident İlham Əliyevin tarixi abidələrimizin bərpası, təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunmasına xüsusi önəm verdiyini vurğuladı: “Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Bakı şəhərində və Azərbaycanın bölgələrində yerləşən tarixi abidələrimiz yenidən həyata qaytarılır, öz qapılarını insanların üzünə açır. Şəki xanlarının sarayı həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi olub. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın tarixi abidələrinin dünyada daha geniş tanıdılması ilə yanaşı, onları bəşəriyyətin mədəni irs siyahısına daxil etməkdən ibarətdir. Bu sahədə mühüm addımlar atılır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın səyi nəticəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu, Qobustan qaya rəsmləri UNESCO-nun mədəni irs siyahısına daxil edilib”.

   Çıxışının sonunda tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edən nazir, bu mərasimdən hər kəsin gözəl təəssürat alacağına ümidvar olduğunu bildirdi.

   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirildiyini vurğuladı: «Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə milli memarlıq sənətimizin əsrarəngiz nümunəsi olan Şəki Xan Sarayının 250 illiyinə həsr edilmiş yubiley tədbirləri də böyük əhəmiyyətə malikdir. Şəkinin məşhur sənətkarlarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıq daim zənginləşərək bu günümüzə gəlib çatıb. Əslində, bu bayram həm də xalq tətbiqi sənətimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmaqdır».

   Çıxışlardan sonra yenidən rəqs və mahnı ifaları başlandı.

  

   «Zorxana», «Şərq bazarı», çövkən oyunu...

  

   Sonra tədbir iştirakçıları “Natiqritm qrupu üzvlərinin ifa etdiyi musiqi sədalarının müşayiəti ilə “Yuxarı Baş” Dövlət Tarix və Memarlıq Qoruğuna yola düşdülər. XVIII əsrə aid memarlıq abidəsi olanQala divarları”nın önündə onları gözəl mənzərə gözləyirdi: Azərbaycanın folklor ənənəsini əks etdirən «Zorxana», qədim sənətkarlıq nümunələrindən ibarət «Şərq bazarı» adlı satış-sərgi...

   «Zorxana» oyununda pəhləvanların məharətli və cəld hərəkətlərlə ifaları, qeyri-adi səhnələri yerli qonaqlarla yanaşı, əcnəbi qonaqların da diqqətini özünə cəlb edirdi. Qoruğun ərazisində təşkil edilmiş Şəki sənətkarlarının əl işlərindən ibarət “Şərq bazarı” qonaqlarda xüsusi təəssürat yaratdı. Gözəl şəbəkə nümunələri, milli suvenirlər, taxta-oyma sənəti nümunələri, rəsm əsərləri, müxtəlif papaqlar xarici qonaqlarda böyük maraq oyatdı. Bir qədər irəlidə isə qonaqlar çövkən milli atüstü oyununuatüstü güləş yarışlarını da izlədilər.  

 

   Çal-çağıra bürünən Xan Sarayı

   

   Nəhayət, qonaqlar mənzil başına çatdılar. Bu da 250 yaşını qeyd edən ev sahibi - Şəki Xan Sarayı. Sarayın divarları önündə qonaqları «adəti üzrə» XVIII əsr hərbi geyimində əsgərlər və atlılar qarşıladılar.

   Bayram tədbiri sarayın həyətində teatrlaşdırılmış səhnə ilə davam etdi. “Xansaraydan çıxaraq öz qonaqlarını qarşıladı, onları “əyanları” ilə tanış etdi. Tədbir iştirakçıları qarşısında çıxış edən “xan” Şərqin gözəl abidəsi olan sarayın daim var olacağını və insanların bu gözəl abidəni hər zaman seyr edəcəklərini dedi. Öz qonaqlarına xoş istirahət arzulayaraq taxtına əyləşdi. “Xan”ın adından qonaqlara ənam paylandı. Qonaqlar Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında rəqs ansamblının ifasında dünya xalqlarının rəqslərini izlədi, xanəndələrin, tanınmış müğənnilərin ifalarını dinlədilər.

   Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov yubiley mərasiminin əhəmiyyətindən bəhs etdi: «Biz çox şadıq ki, bu gözəl mərasim, bu təntənələr bəşər sivilizasiyasının, Yer kürəsində bizim qovuşduğumuz müasir mədəniyyətin yarandığı yerdə, 5 min illik dövlətçilik tarixi olan dünyanın ən qədim diyarlarından biri olan Azərbaycanda keçirilir. Bu bayram dünya mədəniyyətinin yaranmasında çox böyük rolu olan bütün Azərbaycan xalqının bayramıdır. Şəki qədim sak tayfalarının, kimmerlərin yaşadığı şəhərdir. Hər zaman mədəniyyət beşiyi olan Şəkiyə gəlin, onun gözəlliyini, tarixi abidələrini seyr edin».

   Bayram tədbirlərində iştirak edən xarici ölkə səfirliklərinin nümayəndələri də ürək sözlərini bölüşdülər. Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslan tədbirlərin möhtəşəmliyini dilə gətirdi: «İlk dəfədir ki, Şəkiyə gəlirəm. Çox gözəl, tarixi abidələrlə zəngindir. Bu şəhərin Türkiyənin Giresun şəhəri ilə qardaşlaşmasından qürur hissi duyuruq. Tədbirlər olduqca yüksək səviyyədə hazırlanıb. Hər kəsə gözəl və tarixi məkan olan Şəkiyə gəlməyi arzu edərdim».

   Belarusun Azərbaycandakı konsulu Oleq Qoroxovik Şəki əhalisini möhtəşəm bayram münasibətilə təbrik etməkdən şərəf duyduğunu bildirdi: «Belarusun Slutsk şəhərinin Şəki ilə qardaşlaşmasına çox sevinirik. Əməkdaşlığımız, xüsusilə də mədəni sahədə əlaqələrimiz gündən-günə genişlənir. Şəki gələcəkdə Azərbaycanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək”.

   Şəkiyə öz xanımı ilə gəldiyini deyən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu şəhərdə bir sıra tarixi abidələrlə tanış olduğunu dedi: «Kiş kəndində, alban məbədində oldum. Karvansaraylara baş çəkdim. Hamısı çox gözəldir. Yubiley tədbirinin möhtəşəmliyi, milli üslubu məni heyran etdi”.

   Bayram tədbiri bir neçə saat davam etdi. Sonda qonaqlarsaray xanı onunəyanlarıilə xatirə şəkli çəkdirdilər. Şəki Xan Sarayının 250 illik yubiley tədbirləri yaddaşlarda gözəl təəssüratlarla qaldı.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 6 iyul.- S. 8.