Naxçıvanda
bəstəkarların hesabat konserti
Cəlil
Məmmədquluzadə adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar
Təşkilatının hesabat konserti olub.
Tədbirdə Naxçıvan MR Bəstəkarlar
Təşkilatının sədri Şəmsəddin
Qasımov çıxış edərək qurumun fəaliyyətindən
danışıb. Qeyd olunub ki, muxtar respublikada bəstəkar
və musiqişünasların fəaliyyəti
üçün hərtərəfli şərait
yaradılıb. Naxçıvanlı bəstəkarların əsərləri,
simfonik və kamera musiqisi böyük konsert salonlarında səslənir.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, professor Firəngiz Əlizadə
çıxışında qeyd edib ki, Naxçıvan MR Bəstəkarlar
Təşkilatı 34 illik tarixə və zəngin təcrübəyə
malikdir. Son illər Naxçıvan bəstəkarlarının
qazandığı uğurlar, muxtar respublikada gənc
musiqiçilərin yetişməsi istiqamətində həyata
keçirilən tədbirlər və yaradılan şərait
mədəniyyətin, o cümlədən musiqinin
inkişafına göstərilən yüksək
qayğının nəticəsidir. Bu gün
naxçıvanlı bəstəkarlar müxtəlif janrlarda
yazdıqları əsərlərlə Azərbaycan musiqi xəzinəsini
daha da zənginləşdirirlər.
Bəstəkar Kamal Əhmədovun
“Azərbaycan bayrağı” odasının ifası ilə
başlayan hesabat konsertində ayrı-ayrı janrlarda mahnı
və musiqi nömrələri səsləndirilib. Bəstəkarlardan
Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun, İzzət
Zamanovanın, Ülvi Əhmədovun, Günay Məmmədovanın
əsərləri Naxçıvan Dövlət
Filarmoniyasının Xalq Çalğı Alətləri
Orkestri və Xorunun, estrada orkestrinin müşayiəti ilə
solistlər tərəfindən ifa edilib. “Ömrün Heydər
zirvəsi”, Hüseyn Cavidin “Səyavuş” pyesinə
yazılmış musiqi əsasında “Süita”, “Əshabi-kəhf”
baletindən iki fraqment, “Vətən” romansı, “Müstəqil
respublikam”, “Çoban türküsü” və s. əsərlər
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Hesabat konsertindən sonra bəstəkarlarla
görüşən Ali Məclisin sədri Vasif Talıbov
uğurlu konsert proqramına görə onları təbrik
edib. Qeyd olunub ki, bu gün təkcə paytaxt Bakıda deyil,
ölkəmizin regionlarında, eləcə də
Naxçıvan MR-də istedadlı sənətkarlar, peşəkar
ifaçılar yetişir. Naxçıvan Dövlət
Universitetində açılan Bəstəkarlıq
kafedrası bu sahədəki kadr hazırlığına
mühüm töhfə verir.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, professor Firəngiz Əlizadə,
qurumun İdarə Heyətinin katibi, Əməkdar incəsənət
xadimi, bəstəkar Eldar Mansurov və məsul katibi Lalə
Hüseynova uğurlu konsert proqramına görə
naxçıvanlı bəstəkarları təbrik ediblər.
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 10.