İlk ali təhsilli
memarımız
Azərbaycan
xalqı incəsənətin bir çox sahələrində
olduğu kimi, memarlıqda da görkəmli sənətkarlar
yetişdirib. Onlar yaratdıqları bənzərsiz memarlıq
abidələri ilə mədəni irs xəzinəmizə əvəzsiz
töhfələr bəxş edib. Belə görkəmli sənətkarlardan
biri də Zivər bəy Əhmədbəyov olub.
O, 1873-cü ildə Şamaxı
şəhərində qulluqçu ailəsində dünyaya
göz açıb. Atası mütərəqqi fikirli bir
kişi olub, Şamaxıda quberniya idarəsində kiçik
məmur vəzifəsində işləyib. Zivərin məktəb
yaşı çatanda onu əvvəl molla məktəbinə
qoyur. Bir il keçdikdən sonra Zivəri molla məktəbindən
çıxarır və Bakıya, gimnaziyada oxumağa
göndərir. Zivər burada istedadı və
çalışqanlığı ilə tanınır.
1893-cü ildə o “Əlaçı tələbə” statusu
ilə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna
göndəriş alır. Bu, dövrün zənginlərinin
uşaqlarının oxuduğu təhsil ocağı idi.
Zivər burada da fəal,
bacarıqlı tələbə kimi ad çıxarır.
Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya
Memarlıq və Zərif Sənətlər İttifaqına
üzv seçilir. Çox keçmir Zivər bəy Əhmədbəyovun
xoş sorağı Azərbaycana gəlib çatır. Hələ
tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi
və İsmayıl bəy Qasprinski ilə
görüşür. Bu görüş onun həyatında dərin
iz buraxır. Həsən bəy onun dərin zəkalı,
açıqfikirli bir gənc olduğunu vurğulayır.
İşinə böyük dəyər verir. Fəaliyyətini
Bakıda davam etdirməyi məsləhət görür.
Bu barədə onun Həsən bəyə
yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan
görüşüm hələ də xatirimdədir. Mənə
vermiş olduğunuz töhfəni əsla unutmayacağam.
İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.
Zivər bəy ali təhsilini
başa vurduqdan sonra təyinatla Bakıya gəlir. Qubernatorun qəbulunda
olur. Şəhərdə yenicə başlanılan abadlıq
işlərinə nəzarətçi təyin edilir. Həmin
vaxt Bakı sənaye şəhəri kimi inkişaf yolunda idi.
Zivər bəyin işlərində Qərbi Avropa üslubuna
meylli olması diqqət çəkir. Bu, o zamankı
memarlıq sənətində innovasiya kimi qəbul olunur. Tikilən
binaların xüsusi naxışları və ornamentləri
qubernatoru belə təəccübləndirir. Beləliklə,
o, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin
şəxsi malikanələrinin memarı kimi tanınır.
Onun layihəsi ilə tikilən bir
sıra yaşayış binaları bu gün də göz
oxşayır. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər
bəy məscidi belə tikililərdən biridir.
Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Xeyli vaxt məqsədəuyğun yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir. Tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova yeni məscidin layihəsini sifariş verir. İstedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy zövqlü insan olduğundan bu maraqlı layihəni bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir. “Kaspi” qəzetində dərc edilən bir məlumata görə, məscidin təməli 1912-ci ilin martında qoyulur, 1913-cü ilin dekabrında möminlərin ixtiyarına verilir.
Zivər bəy Əhmədbəyov 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də, ta ömrünün sonuna qədər (1925) icra edib.
Araşdırmalarda bu görkəmli sənətkarın nəsil-nəcabəti və ailə həyatı haqqında çox az məlumat mövcuddur. Arxiv sənədlərində göstərilir ki, o, iyirmi altı yaşında ikən Zərifə xanım adlı tatar əsilli bir bəy qızı ilə ailə həyatı qurur. Zərifə xanımdan bir qızı, bir oğlu olur. Oğlu Cəlil Almaniyada tibb təhsili alıb. Onun sonrakı taleyi haqqında da heç bir məlumat yoxdur. Qızı Nailə xanım qızlar gimnaziyasını bitirir. Sonra Bakı kəndlərinin birində müəlliməlik edir. Cavanşir nəslindən (Qarabağ xanları) olan bir bəylə ailə həyatı qurur.
Zivər bəy Əhmədbəyova gəlincə, o, həyatının coşqun və kamillik çağında, 1925-ci ildə Bakıda vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 14.