Sevməyi sevdirən adam

 

   Ötən illərin mahnıları

  

   ya 80-ində 18 yaşlı səs möcüzəsi

  

   Bir az qəliz, qəribə bənzətmə təsiri bağışlaya bilər. Amma onun ifasını xatırlayan hər kəs qocaman adamın növcavan səsini heç vaxt unuda bilməz. O səsi ki, əhvalımızın hansı lada köklənməsinə baxmayaraq, ruhumuzu coşan dalğaların, dəli yellərin, bir-birini qovan ağ-qara buludların qanadlarına alıb heç xəyalımızın belə ilişmədiyi məkanlara aparır. Oqtay Ağayev sənətinin, sənətkarlığının və səsinin əzəməti, möcüzəsi bunda idi.

  

   Kimi o səsdə itən uşaqlığını haraylayaraq «Sən, ey uşaqlıq. Sən bizdən uzaq düşdün artıq» gileyinə düşür, kimi ötüb keçənlərin ağuşuna atılıb «Ötən günlər»in həsrəti ilə «Yadındamı ötən günlər? Ağac altı, bulaq səsi?..» nostaljisində sızlayır, bir başqası da vəfasız sevgilinin yandırıb-yaxan eşq ağrısına «Qaytar eşqimi» deyibən israrla «Ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəl, qaytar eşqimi, o solğun bir çiçək deyil» həqiqətini hayqırır. Deməli, hamı, hər kəs həyatının hər anını bəzəyən bu səsin təsiri ilə bir ömrü boyu mahnı, səs, səda qanadlarında pərvazlanır. Odur ki, möcüzə olan sənətin, musiqinin Oqtay Ağayev ünvanlı səs möcüzəsi hakimi-mütləqdir.

  

   O səsin həyata gəliş anları

  

   Oqtay Ağayev 1934-cü ildə Bakının köhnə məhəllələrindən birində dünyaya gəlib. Şəhərin nüfuzlu ailəsinə mənsub olan babası ötən əsrin əvvəllərində «Ədalət» partiyasının sədri, dövrünün aktiv ictimai-siyasi xadimi olub. Elə buna görə də sovetlər hakimiyyəti dövründə, məşum 1937-ci ilin repressiya dalğasında o da «xalq düşməni» kimi damğalanaraq sürgün həyatı yaşayıb. Təbii ki, bu fakt ömrü boyu «xalq düşməni»ni, böyük bir keçmişi olan Ağayevlər ailəsini də caynağına alıb. Sürgün həyatını Rusiyanın uzaq Komi diyarında yaşayan ailə sonsuz məşəqqətlərə məruz qalıb. Bütün var-yoxları, evləri əllərindən çıxan ailə sürgündən döndükdən sonra İçərişəhərdə babalarına məxsus kiçik evdə məskunlaşıb.

   Beləcə, böyük şəhərin kiçik, içəri şəhərində böyüyən Oqtay daş döşəməli dolanbac küçələr, dar məhəllələr və bu fonda ümumən ruhunda bir musiqi, melodik möcüzələr gizlənən İçərişəhərə vurularaq musiqini, uşaqlıqdan ruhunu əsir alan çox uzaqlardan gələn melodiyanı duyaraq o səsin arxasınca getməyə qərar verib. Alaqaranlıq dolanbacları özünə səhnə seçən Oqtay hey ənginliklərə boylanaraq zümzümə edər, səsinə ahəng qatan Bakı küləyinə qoşularaq ilhamlanarmış.  

 

   Müharibə uşaqlarının arzuları olmur...

  

   Onun da uşaqlıq illəri, gözəl arzuları müharibə, savaş anlayışları ilə əkslik təşkil etdiyindən, bir müddət ürəyində qalır. Minlərlə uşaq kimi o da qayğısız uşaqlığını birdən-birə top-tüfəngin, “qara kağız”ların, aclığın, məhrumiyyətin, hər an gələ bilən ölüm qorxusuna, barıt qoxusuna təslim edir. Bunu sənətkarın illər sonra «Şərikli çörək» filmində ayrı bir ecaz, ayrı bir yanğı, ayrı bir hisslə oxuduğu «Sən ey, uşaqlıq» mahnısında aydın sezirik. «Nəğmə susdu dodaqlarda, dilə gəldi tüfənglər. Mənim atam uzaqlarda, cəbhələrdə bir əsgər. Anamızın laylaları, nənnilər də pozuldu. Arzuladıq ilk baharı, istəyimiz yad oldu...» deyərkən sanki balaca Oqtay dilə gəlib o illərdən soraq verir, «Bu uşaq elə mənəm, müharibə mənim də uşaqlığımı alt-üst etdi»,- deyə fəryad edirdi.

  

   Qara buludlar çəkildi

  

   Müharibə, ağlı-qaralı günlər hər şeyi dəyişsə də, ürəklərdəki kövrək arzuları boğa bilmədi. Uşaqlıqdan musiqi, səhnə, mahnı istəklisi Oqtay, nəhayət, öz böyük arzularının ardınca tələsir. Səsi, istedadı və qeyri-adi ifa manerası onu 1953-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun tələbəsi edir. Geniş səs diapazonuqeyri-adi ifa manerası müəllimi Sofya Xalfenin diqqətini çəkir və o, Oqtaya vokal sənətinin bütün sirlərini sevə-sevə öyrədir. Yaşı 80-i haqlayan qocaman müəllim özü də müğənni olduğundan, Oqtaya ifaçılıqla yanaşı, səhnə mədəniyyətini də aşılayır. Onun mükəmməl vokalçı kimi yetişməsi üçün böyük zəhmət çəkir. Tələbəsinin səsinin ahənginə uyğun romanslar, serenadalar axtarıb tapır, ona ifa tərzini sevə-sevə öyrədir. Beləcə, gənc Oqtay böyük sənət və əsrarəngiz səhnələr üçün yarandığını və yetişdiyini hiss edərək sənətə atılır.

  

   Böyük orkestrlərin axtardığı səs

  

   Oqtay Ağayev hərbi xidmətini başa vurub qayıtdıqdan sonra da musiqi təhsilini təkmilləşdirmək barədə düşünür. Və ölməz Bülbülün sənət məktəbinin davamçısı olan Firudin Mehdiyevin sinfində təhsilini davam etdirir. Paralel olaraq konsertlərdə də çıxışlar edən gənc ifaçı o zaman Azərbaycandakı iki böyük estrada orkestrinin hər ikisinin solisti olur. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə TeleviziyaRadio Estrada Orkestrində çalışır. Bu musiqi kollektivlərinin müşayiəti ilə mütəmadi olaraq televiziya ekranından, radio dalğalarından onun doğma, həzin, ilıq səsi eşidilməyə başlayır. Beləcə, bu gözəl səs sahibini minlərin, milyonların sevimlisinə çevirir.

  

   O, səsi ilə çox uzaqları dolaşır

  

   Azərbaycan və rus dillərində estrada mahnılarını mükəmməl ifa edən Oqtay Ağayev dünyanın bir çox ölkələrində - Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və o cümlədən keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub. İlk dəfə 1962-ci ildə Kreml Sarayında böyük konsert verən Oqtay Ağayev sonralar həmin sarayda 11 dəfə çıxış edib. Təsadüfi deyil ki, mütəmadi konsertlər verən müğənninin məşhur “Camayka” mahnısını özünəməxsus tərzdə ifa etməsi ona keçmiş SSRİ-də daha böyük şöhrət qazandırır.

   Xasiyyətinə, insanlarla davranışına görə bütün Azərbaycan sənətçiləri ona hörmət və məhəbbətlə yanaşırdı. Müasirləri, sənət dostları ifaçılardan söhbət düşərkən Oqtay Ağayevin adını birincilər sırasında çəkirlər. SSRİ-də hələ televiziya olmadığı vaxtlarda, Oqtay Ağayevin ümumittifaq radiosunda oxuduğu 4 dəqiqəlik “Camayka” mahnısının dinləyicilər tərəfindən 14 dəqiqəlik alqışla qarşılandığı faktını qeyd edirlər.

  

   Qocaman kinonun gənc səsi

  

   O, milli kino sənətimizin inkişafında da öz sözünü deyən sənətkarlardandır. Təsadüfi deyil ki, onun səsinin hopduğu əksər filmlər bizə daha doğma gəlir. Oqtay Ağayev səsinin rövnəqləndirdiyi «O qızı tapın» filmindəki «Kimsən sən?», «Abşeron ritmləri» filmində oxuduğu «Qayalar» mahnıları, «Dağlarda döyüş» filmindəki mahnının mükəmməl ifası bizə həmişə əziz və sevimlidir. Bundan başqa, o, aktyor kimi də məharətini nümayiş etdirməkdən çəkinməyib. Müğənni 1990-cı ildə ekranlaşdırılan “Yapon və yaponiyalı” filmində milis rəisi rolunda çəkilib.

   Azərbaycan və xarici ölkə bəstəkarlarının çoxsaylı mahnılarına həyat verən Oqtay Ağayevin 200-dən çox mahnısı lentə alınıb.

  

   Sənətini hər şeydən çox sevirdi

  

   Dinləyiciləri, pərəstişkarları onu, o isə ömrünün ən vəfalı, ən gözəl sevgisini sevir, onu vəsf etməkdən doymurdu. Oqtay Ağayev, həqiqətən də, sənətini dərin məhəbbətlə sevirdi. O, ifa etdiyi hər mahnının üzərində böyük əmək sərf edir, dinləyicinin bir musiqi parçasında tam mükəmməl əhvala köklənməsini istəyirdi. Elə ona görə də hər ifası mükəmməl, qüsursuz olurdu. Özünə qarşı çox tələbkar olan müğənninin ömrünün sonlarında verdiyi müsahibəni yenidən nəzərdən keçirərkən sənətkarın sənət daşıyıcılarını necə böyük amallara səslədiyini aydın görürük. Müğənni şou-biznes aləmində baş verənlərin mədəniyyətimizə ziyan vurduğunu ürək ağrısı ilə dilə gətirirdi. Çünki bir sənətkar kimi onun həyat kredosu bu idi: böyük olan sənət, əbədi isə musiqidir.

  

   O mahnılardan sonra

  

   Mən inanmıram ki, bu dəqiqələrdə bu cümlələri oxuyanlar onun ifa etdiyi “Sənin bircə təbəssümün”, “Qaytar eşqimi”, “Yadındamı”, “Azərbaycanım mənim”, “Bəlkə, bəlkə, bəlkə də”, «Durnalar”, «Qayalar», «İçərişəhər», «Bir səhər», «Sevgilim», «Buludlar», «Eşqimin bəxti» kimi mahnılardan heç olmasa bir neçəsini zümzümə etməsin, o mahnıların qoynunda nostalji duyğular yaşamasın. Bu duyğuları bizə bəxş edən sənətkara alqış, əhsən deməsin. Ən azı Bakını dolaşarkən Oqtay Ağayevin ifasında bir daha sevdiyi şəhərini vəsf edərək «Bakımı necə sevməyim...» deməsin və ya «Eşqimin bəxti» deyib sevgilisinə «Səndən özgə kimsəm yoxdu gəl, durna kimi bahar vaxtı gəl. Gəl, eşqimin əzəl bəxti, gəl, gəl, sevgilim, gəl»,- deyib ürəyini yumşaltmasın. Bəlkə elə buna görədir ki, illər, onilliklər ötsə də, Oqtay Ağayev səsinin yaşı 80-i, 180-i haqlasa da, hər zaman belə təzə-tər, növcavan və hər dinləyiciyə həmdəm olacaq. O səs istər uşaqlığımızın qayğısızlığında, istər gəncliyimizin məhəbbət, sevgi payındakı xatirələrdə, istərsə də ömrün payızını soraqlayan çağında bizimlə yol yoldaşı, səs sirdaşı olacaq.

  

   Bir acı gerçəyin sonu

  

   Müğənni ömrünün ahıl yaşında da yorulmaq bilmədən çalışır, yeni audio diskini hazırlayırdı. Tez-tez xəstələnsə də, müalicə olunduqdan sonra yenidən sənət qayğılarına önəm verəcəyini düşünürdü. Fəqət, amansız ölüm böyük sənətkarın planlarını yarımçıq qoydu.

   Ürək-damar xəstəliyindən əziyyət çəkən Xalq artisti Oqtay Ağayev 2006-cı il noyabrın 14-də həyata vida etdi. Həmin gün o, dəfələrlə tamaşaçıları qarşısına çıxıb gül-çiçək dəstələrinə qərq olunduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı səhnəsində öz pərəstişkarları ilə son dəfə görüşdü. Son dəfə əzəmətli səsinin hopduğu lent yazılarını səssiz, sükutla müşayiət etdi. Və həyat adlı şirin nağılın özü üçün olan hissəsinin son nöqtəsini qoydu. Bütün nağılların sonundakı kimi göydən üç alma düşdü - səs, sənətkar və əbədi musiqi kimi zühur edən bu nemətlər əbədiyyət yolçusu sənətkarın milyonlarla dinləyicisinə son və dəyəri biçimsiz əmanəti oldu.

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 18 iyul.- S. 13.