Türkiyədə “Dədə Qorqud” sənət festivalı

 

   İyulun 11-15-də Türkiyənin Bayburt şəhərində 18-ci “Dədə Qorqud” Beynəlxalq sənət festivalı keçirilib. 1995-ci ildən Dədə Qorqudun şərəfinə keçirilən bu mərasimlərdə türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, “Dədə Qorqud” mövzusunda teatr tamaşaları və s. təşkil olunur.

   Budəfəki festivalda ölkəmizi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti və “İrs” folklor ansamblı təmsil edib. Tədbir çərçivəsində şəhər mədəniyyət mərkəzində “Miras” İctimai Birliyi və Bayburt Elm, Təhsil və Mədəniyyət Dərnəyinin (BEKDER) təşkilatçılığı ilə “Ağsu möcüzəsi” sərgisi açılıb. “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanın qədim Ağsu şəhərində aşkar olunmuş materiallar və qazıntının yenilikləri barədə məlumat verib. Bu günlərdə qazıntı aparılan ərazidə aşkar olunan holland qızıl sikkələrinin Azərbaycan-Avropa əlaqələrini öyrənmək baxımından əhəmiyyətini vurğulayıb.

   Daha sonra festival çərçivəsində Bayburt vilayətinin Aydıntəpə qəsəbəsində təşkil olunmuş konsert proqramında “İrs” folklor ansamblı maraqlı repertuarla çıxış edib.

 

 

   Mədəniyyət.- 2012.- 18 iyul.- S. 12.