60 il poeziyada...

 

   Gədəbəydə İlyas Tapdığın yaradıcılığına həsr olunmuş tədbir keçirilib

  

   İyulun 16-da Gədəbəy Rayon Mədəniyyət Sarayında tanınmış şair, Prezident təqaüdçüsü İlyas Tapdığın yaradıcılığının 60 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

 

    “Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012” çərçivəsində rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşən tədbir rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

   Rayon mədəniyyət evinin müdiri Etibar Məmmədovun qəzetimizə verdiyi məlumata görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun iştirakı ilə baş tutan yubiley tədbirində yerli və qonaq musiqiçilər çıxış ediblər, İlyas Tapdığın şeirləri səsləndirilib.

   Tədbirdə «Ulduz» jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, «Şur» nəşriyyatının direktoru, şair Musa Ələkbərli, şairlər Hacı Loğman Göyçəli, Məmməd Dəmirçioğlu və başqaları çıxış edərək şairin yaradıcılıq səhifələrindən söz açıblar. Çıxış edənlər rəngarəng proqramlı tədbirin təşkilinə görə Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinə təşəkkür ediblər.

   Əməkdar mədəniyyət işçiləri Aşıq İsfəndiyar, Aşıq Sayad, Aşıq İmamverdi, həmçinin Aşıq Qələndər, Aşıq Dəmir, Aşıq Azər, Aşıq Vüqar, Aşıq Anar, Aşıq Mübariz və başqaları İlyas Tapdığın şeirlərini müxtəlif aşıq havalarında ifa ediblər.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 18 iyul.- S. 6.