Birlik Gəncləri Günü

 

   Moskvada MDB gəncləri arasında mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən layihə start götürüb

  

   Moskvada keçirilən “Birlik Gəncləri Günü” proqramında iştirak etmək üçün MDB ölkələrindən 120 gənc ictimai lider, o cümlədən Azərbaycan nümayəndə heyəti Moskvaya gəlib. Heyətin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “İrəli” və digər təşkilatların təmsilçiləri daxildir.

  

   Rusiya Prezidentinin MDB ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi və “RossotrudniçestvoFederal Agentliyinin rəhbəri Konstantin Kosaçev Moskvada keçirilən brifinqdə gənclər arasında mədəniyyətlərarası dialoqun inkişafına dair tədbirlərdə gənc liderlərin iştirakına yol açmaq məqsədilə həyata keçirilən layihənin məqsəd və vəzifələrindən danışıb.

   Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu çıxışında MDB ölkələri gəncləri arasında daha sıx əlaqələrin qurulması üçün bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib:Bu layihə MDB ölkələrinin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olmalıdır. Gənc liderlərin görüşü qarşılıqlı fəaliyyətin bütün cəhətləri üzrə faydalı və açıq fikir mübadiləsi, perspektiv əməkdaşlıq prioritetlərinin müzakirəsi üçün yaxşı imkandır”.

   Brifinqdə qeyd edilib ki, layihənin proqramına missiyanın MDB ölkələri ilə elmi, mədəni, iqtisadi, humanitar, informasiya sahələrində əlaqələrin möhkəmlənməsinə kömək edəcək tədbirlər daxil edilib.

   İştirakçılar “Birlik Gəncləri Günü” beynəlxalq gənclər düşərgəsində iştirak edəcək, Rusiya Federasiya Şurasında, Dövlət Dumasında, XİN-də, “Rossotrudniçestvo” agentliyində, İctimai Palatada görüşlər keçirəcəklər. Tədbir çərçivəsində geniş ekskursiya proqramı nəzərdə tutulub. MDB ölkələrinin gənclərdən ibarət nümayəndə heyətlərinin səfəri iyulun 26-da başa çatacaq.

 

 

   Mədəniyyət.- 2012.- 20 iyul.- S. 5.