Qubada mütaliə həftəsi

 

   İyulun 16-dan etibarən Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət evinin qarşısında “Mütaliə həftəsi” adlı aksiya keçirilir.

  

   Bir sıra Avropa ölkələrinin təcrübəsinə əsaslanan bu xidmət forması oxucuların kitaba marağını daha da artırmaq məqsədi daşıyır və artıq ikinci ildir ki düzənlənir.

   Açıq havada təşkil olunan kitabxana xidməti oxucular tərəfindən maraqla qarşılanıb. Həftə ərzində Azərbaycan və xarici yazarların mindən çox kitabı, eləcə də ən yeni nəşrlər oxucuların istifadəsinə verilib.

   Tədbirin açılışında çıxış edən Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov, rayon Təhsil şöbəsinin metodisti, şair, yazıçı, “Gülüstan” ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədov, məclis üzvlərindən Cabir Albantürk, Pirəli Rüklü və başqaları cəmiyyətdə mütaliənin qlobal problem olduğu bir dövrdə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar. Tədbir çərçivəsində yerli yazarlarla oxucu görüşlərinin, kitab müzakirələrinin təşkili də nəzərdə tutulub.

   Xatırladaq ki, 2012-ci il QubadaKitabxanalar ilielan olunub. İl ərzində oxucuların kitablara marağının artırılması məqsədilə silsilə tədbirlər keçiriləcək.

 

 

   Mədəniyyət.- 2012.- 20 iyul.- S. 5.