Uğurların
qanadında
Azərbaycan
musiqisinin tanıdılması və təbliğində
istedadlı gənc ifaçılarımızın
mühüm payı var. Müxtəlif festival və müsabiqələrdən
xoş soraqlarını eşitdiyimiz gənclər milli incəsənətimizə
layiqli töhfə verirlər.
Belə gənclərin
sırasında Araz Həmidzadə də var. O, 1990-cı ildə
Bakıda anadan olub. Səbail rayonu 3 saylı uşaq musiqi məktəbinin tar sinfində
3 il oxuduqdan
sonra 2004-cü ildə
Bakı Musiqi Akademiyası nəzdində
orta ixtisas musiqi məktəb-studiyasının
4-cü tar sinfinə qəbul
olunub. Təhsil müddətində sənətin sirlərinə
yiyələnib, müxtəlif
tədbirlərdə muğam,
mahnı və Azərbaycan bəstəkarlarının
əsərlərini məharətlə
ifa edib. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin «İnstrumental
ifaçılıq» fakültəsinin
tar şöbəsinə qəbul
olunub.
İndiyədək respublikada keçirilən
bir sıra müsabiqələrdə iştirak
edib. 2002-ci ildə
Bakı Şəhər
Mədəniyyət İdarəsinin
təşəbbüsü ilə keçirilən “Qönçə” festivalında,
2005-ci ildə isə Xalq artisti, tarzən
Hacı Məmmədov
adına VII Bakı Uşaq Musiqi Müsabiqəsində uğurla
çıxış edib.
«Oxu tar-2005» I Bakı Müsabiqəsində
yüksək səviyyəli
ifaya görə Bakı Şəhər Mədəniyyət İdarəsinin
2-ci dərəcəli diplomuna
layiq görülməklə
müsabiqənin laureatı
olub. Həmin il Xalq artisti, tarzən Bəhram Mansurov adına I Muğam Müsabiqəsində əla
ifaya görə 1-ci dərəcəli diplomla da təltif olunub.
Daim üzərində çalışan
ifaçı uğurdan
uğura doğru addımlayıb, zəhmətinin
bəhrəsini görüb.
2006-cı ilin mayında
Azərbaycan Mədəniyyətinin
Dostları Fondu və Bakı Musiqi Akademiyasının birgə təşəbbüsü
ilə BMA-nın nəzdində orta ixtisas musiqi məktəb-studiyasının 25 illik yubileyinə həsr olunmuş festivalda ikinci yeri qazanıb.
Həmin il Dünya Əhali
Günü münasibətilə
BMT-nin Azərbaycan nümayəndəliyinin “Gənclər
Azərbaycanda dəyişiklik
edir” şüarı altında Dövlət Filarmoniyasında təşkil
etdiyi konsert proqramında iştirak edib, layihənin qalibi kimi Fransada
keçirilən Azərbaycan
mədəniyyəti ongünlüyündə
iştirak etmək hüququ qazanıb.
Gənc ifaçı bizimlə söhbətində bildirdi
ki, hazırda tar aləti ilə solo ifa etməklə muğam və Azərbaycan bəstəkarlarının
mahnılarından ibarət
albom üzərində
çalışır. “Rast”,
“Orta Mahur”, “Xaric Segah” muğam
və dəstgahlarını,
görkəmli bəstəkarımız
Cahangir Cahangirovun “Ana”
mahnısını, xarici
bəstəkarlardan F.Şubertin
“Serenada” əsərini
diskə yazdırıb.
Araz saz və digər
simli alətlərdə
də ifa etməyi bacarır. Gələcəkdə aşıq
yaradıcılığına da müraciət etməyi planlaşdırır.
Biz də gənc istedada öz işlərində uğurlar
arzu edirik.
Mehparə
Mədəniyyət.- 2012.- 27 iyul.-
S. 6.