Kitabsevərlər Sabir bağında bir araya gəldilər

 

   Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə mayın 31-də Sabir bağında görkəmli satirik şairin 150 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirildi. Tədbir iştirakçıları əvvəlcə şairin xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına gül dəstələri qoydular.

  

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bu il ölkəmizdə bir neçə görkəmli ədibin yubileylərinin geniş şəkildə qeyd olunduğunu bildirdi: “2012-ci ili bu baxımdanƏdəbiyyat ilikimi dəyərləndirə bilərik. Bu il ölkə başçısının müvafiq sərəncamları ilə Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə yanaşı, Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200, Məmməd Səid Ordubadinin 140, Hüseyn Cavidin 130, Əhməd Cavadın 120, Mirvarid Dilbazinin 100 illik yubileyləri qeyd olunacaq. Bütün bu tədbirlər Azərbaycanın zəngin ədəbi irsinin daha geniş şəkildə təbliği məqsədi daşıyır”.

   Vaqif Əliyev şairin yubiley tədbirləri çərçivəsində nazirliyin həyata keçirdiyi layihələrdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Sabirin 150 illik yubileyi Bakıda müxtəlif bölgələrdə geniş qeyd olunur: “Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə şairin əsərlərinin, həyat yaradıcılığı ilə bağlı tədqiqatların yer aldığı yeni kitablar çapdan çıxıb. Əlbəttə ki, bütün bunlar Sabir yaradıcılığına, Sabir irsinə dərin hörmətin əlamətidir”.

   Nazir müavini vurğuladı ki, Sabir görkəmli satirik şair kimi hər zaman müasirdir: “Onun əsərlərini oxuyarkən görürük ki, şair öz xalqını, vətənini düşünən vətənpərvər ziyalı olub. O, çalışırdı ki, insanlar cəhalətdən uzaq olsun.

   Mən xüsusilə qeyd etmək istərdim ki, bu il ilk dəfə olaraq Mirzə Ələkbər Sabirin yubiley tədbirlərində müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər. Bütün bunlar göstərir ki, Sabirin yaradıcılığı, ədəbi irsi bu gün aktualdır, gələcəkdə aktual olacaq”.

   Millət vəkili, yazıçı Aqil Abbas çıxışında Sabirin yaradıcılığından söz açdı, kitab bayramının əhəmiyyətindən danışdı: “Bu gün həm Sabirin, həm kitabsevərlərin bayramıdır. Bizlərin bura toplaşmağımız göstərir ki, insanların bu gün kitaba sevgisi, diqqəti hörməti var. Bu tədbirlər isə oxucuları kitaba daha da yaxınlaşdırır. Düşünürəm ki, belə kitab sərgilərinin keçirilməsi, kitab bayramlarının təşkili təqdirəlayiq olmaqla yanaşı çox vacibdir”.

   Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova may ayının əlamətdar mədəniyyət hadisələri ilə yadda qaldığını, mayın son günündə paytaxtda kitab bayramının təşkilini yüksək qiymətləndirdi: “Biz daima qürur duya bilərik ki, bizim ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz çox zəngindir. Əlbəttə ki, bu zənginliyi öyrənmək, təbliğ etməyin yolu kitab oxumaqdan keçir”.

   Sabirşünas alim Tahir Şirvanlı, norveçli ədəbiyyatşünas, pedaqoq Ragnhild Tori, Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli Azərbaycan ədəbiyyatından, şairin zəngin irsindən söz açdılar, kitab bayramının əhəmiyyətini vurğuladılar. Tədbirdə həmçinin Sabirin müasiri olmuş Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin şair haqqında fikirləri səsləndirildi.

   Cəlil Məmmədquluzadənin ev-muzeyinin əməkdaşlarıArdıcıl mollanəsrəddinçi - Mirzə Ələkbər Sabirsərgisini təqdim etdilər. Sərgidə Sabirin həyat yaradıcılığını əks etdirən 50-dən artıq sənəd nümayiş olunurdu.

   Daha sonra musiqi məktəbləri kollektivlərinin ifasında müxtəlif nömrələr təqdim edildi Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət evlərinin təqdimatında tamaşalar göstərildi. Tədbirdə böyük satirikin şeirləri səsləndirildi, ən yaxşı qiraətçilərə hədiyyələr təqdim olundu.

   Tədbirdə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev, paytaxtın mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak edirdi.

   Bayram tədbirində Nizami rayon MKS-nin oxucularının çəkdiyi karikaturalar, Əzim Əzimzadənin Sabirin satiralarına çəkdiyi illüstrasiyaların nümayişi maraqla qarşılandı.

   Qeyd edək ki, kitab bayramındaQanun”, “Azərnəşr", "Yazıçı," "Nurlan", "Çaşıoğlu", "Mütərcim", "Şirvannəşr", "Adiloğlu", "Nurlar", "Qismət", “Vektor”, “Altun Kitab”, “Letterpress”, “Apastrof s. nəşriyyatlar, "Eziz atlas" kartoqrafiya fabriki "Yeni nəşrlər" yayım assosiasiyası tərəfindən kitabların satış-sərgisi təşkil edildi.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 1 iyun.- S. 9.