150 yaşlı müasirimiz

 

   Böyük şair, mütəfəkkir Mirzə Ələkbər Sabirin yubileyi qeyd olundu

  

   Mayın 31-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli şairi, böyük satirik Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

  

   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Sabirin əsərlərinin nəşrləri və ədibə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış oldular. Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış sərgidə əvvəlki illərin nəşrləri ilə yanaşı, yeni nəşrlər də yer almışdı.

   Sərgiyə baxışdan sonra tədbirin rəsmi hissəsi başlandı. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından danışdı. Qeyd olundu ki, Sabirin əsərləri bu gün də müasirdir, bu əsərlər humanist ruhu ilə hər kəsi heyran edir. Dövlət başçısının sərəncamına əsasən ədibin 150 illik yubileyinin geniş qeyd olunduğunu deyən nazir Bakıda, Sabirin doğma yurdu Şamaxıda və digər bölgələrdə keçirilən silsilə tədbirlərdən söz açdı.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Sabirin şeirlərinin bəşəri xarakter daşıdığını vurğuladı. Yubiley tədbirləri ilə bağlı ölkəmizə gələn Qırğızıstanın mədəniyyət nazirinin müavini Kozoqeldi Kuliyev, Litva mədəniyyət nazirinin müavini Staponkus Dividas və digər qonaqlar çıxış edərək Mirzə Ələkbər Sabir satirasından, onun ədəbiyyatdakı rolundan danışdılar.

   Çıxışlardan sonra şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olundu.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 1 iyun.- S. 2.