Ukraynada Azərbaycan Mədəniyyəti Günləri

 

   Dost ölkədə mədəniyyət və incəsənətimizin təbliğinə, ikitərəfli mədəni əməkdaşlığın inkişafına xidmət edən tədbir müvəffəqiyyətlə gerçəkləşib

  

   İyunun 1-dən 5-dək Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət günlərinin təntənəli açılışı iyunun 1-də Kiyevdə, T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında gerçəkləşib. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan çıxış ediblər.

  

   Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycanla Ukrayna arasında səmimi dostluq münasibətləri, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində sıx tərəfdaşlıq əlaqələri mövcuddur. O xatırladıb ki, 2009-cu ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri böyük uğurla keçib. Nazir deyib: “Bu gözəl ənənənin davamı kimi biz yenidən Ukraynanın qonağıyıq”.

   Əbülfəs Qarayev vurğulayıb ki, bu dəfə mədəniyyət günlərində musiqi kollektivləri ilə yanaşı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi də iştirak edir. Teatr ukraynalı sənətsevərlərin görüşünə Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşası ilə gəlib.

   Əbülfəs Qarayev Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə görə Ukrayna Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

   Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan iki ölkə arasında qarşılıqlı əlaqələri, o cümlədən strateji tərəfdaşlığın mədəni tərkibini yüksək qiymətləndirib. Nazir müavini Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatında fəal rolunu diqqətə çatdırıb.

   Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin qaliblərinin çıxışları maraqla qarşılanıb.

   Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukraynanın rəsmi şəxsləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporunun üzvləri konsertdə olublar.

   Teatrın foyesində “Azərbaycan: ənənə və müasirliyin qovşağında” adlı fotosərgi açılıb, Azərbaycanın turizm potensialının təqdimatı olub.

  

   İkitərəfli əlaqələr müzakirə olunub

  

   İyunun 2-də Ukraynada Azərbaycan Mədəniyyəti Günlərində iştirak edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kiyevdə bir sıra görüşlər keçirib.

   Ukrayna Baş nazirinin humanitar məsələlər üzrə müavini Raisa Boqatıryova ilə görüşdə dost ölkədə keçirilən Azərbaycan Mədəniyyəti Günlərindən söhbət açılıb. 2013-cü ildə Azərbaycanda keçiriləcək Ukrayna Mədəniyyəti Günləri ilə bağlı məsələlər də müzakirə olunub.

   Nazir Ukraynanın tanınmış rejissorlarını, baletmeysterlərini və artistlərini Azərbaycanda işləməyə dəvət etmək, mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək təşəbbüsünü irəli sürüb.

   Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

   Həmin gün Əbülfəs Qarayev Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə də görüşüb. Görüşdə mədəniyyət və incəsənət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

   Görüşlərdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak edib.

 

   * * *

 

   İyunun 2-də Azərbaycanın rəsmi nümayəndə heyəti «ARSENALE-2012» I Kiyev Beynəlxalq Müasir İncəsənət Biennalesinə, iyunun 3-də Piroqovo Xalq Mədəniyyəti və Məişəti Muzeyinə baş çəkib.

  

   Kiyev səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah”

  

   İyunun 2-də Ukraynada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində L.Ukrainka adına Milli Akademik Rus Dram Teatrında M.F.Axundzadənin pyesi əsasında səhnələşdirilmiş “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib.

   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşası milli dramaturgiyamızın banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunub. Tamaşaçılar aktyorların oyununu sürəkli alqışlarla qarşılayıblar.

   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli və Ukraynanın mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan, bu ölkənin rəsmi şəxsləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri səhnə əsərinə tamaşa ediblər.

      

   Mədəniyyət günləri Odessada davam edib

  

   Ukraynanın paytaxtı Kiyevdə start götürən Azərbaycan Mədəniyyəti Günləri iyunun 3-də Qara dənizin sahillərində - Odessa şəhərində davam edib. Həmin gün Odessa Akademik Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti olub.

   İyunun 4-də V.Vasilko adına Odessa Akademik Musiqili Dram Teatrında M.F.Axudzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesi əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunub. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının təqdim etdiyi tamaşa anşlaqla keçib.

   Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Odessa meriyasının, Ukrayna ictimaiyyətinin, diasporumuzun nümayəndələri tədbirlərdə iştirak ediblər.

   “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının nümayişi ilə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri uğurla başa çatıb.

   Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, dost xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə mühüm töhfə olacaq.

   Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçirilməsi nəzərdə tutulur.

 

 

   Mədəniyyət.- 2012.-  6 iyun.- S. 8.