“Sübhün səfiri”

 

   Ramiz Həsənoğlu: “Taleyimdən çox razıyam ki, bu film mənim bioqrafiyama daxil oldu”

  

   Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Sübhün səfiri” ikiseriyalı bədii filmin çəkilişləri artıq başa çatıb. Filmin quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğlu və quruluşçu operatoru, Əməkdar incəsənət xadimi Kənan Məmmədov çəkiliş prosesi barədə təəssüratlarını bizimlə bölüşdülər.

  

   - Ramiz müəllim, bu il Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi qeyd olunur. Siz bu yubileylə bağlı iki böyük işin məsuliyyətini üzərinizə götürdünüz. Ədibin “Mürafiə vəkilləri” əsəri əsasında eyniadlı film-tamaşa hazırladınız, Axundzadənin həyatından bəhs edən ikiseriyalı film çəkdiniz. Çəkilişləri artıq başa çatmış film haqqında təəssüratlarınızı bilmək istərdik?

   - Heç şübhəsiz ki, bu filmin arxasında Mirzə Fətəli Axundzadənin şəxsiyyəti, onun ruhu, ideyaları dayanır. Ədibin ideyaları əslində Azərbaycanın bu gününə tuşlanmış ideyalardır. Kino işi elədir ki, burda əvvəldən uğuru hesablamaq mümkün deyil. Ən əvvəl ssenari elə bir şəkildə olmalıdır ki, onun ətrafında yaradıcı qrupu toplayıb ssenarini gerçəkləşdirə biləsən. Allaha şükür ki, bizim çox gözəl yaradıcı qrupumuz var. Filmin ssenari müəllifi Xalq yazıçısı Anardır. Onunla yaradıcılıq əlaqələrimizin 38 illik tarixi var. Bu əlaqələr 1975-ci ildən - “Mən, sən, o, telefon” əsərindən başlayır. Bu illər ərzində bir çox uğurlu yaradıcılıq işlərini ərsəyə gətirmişik. Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Cavanşir Quliyev, ikinci rejissoru Akif Rüstəmovdur. Kinoda yaxşı ikinci rejissoru olan filmin aqibəti yaxşı olur. Bu mənada mən də çox ümidliyəm ki, Akif Rüstəmovla birgə işimiz uğurlu olub.

  

   “Tarixi filmin bir çox çətinlikləri var”

  

   Filmdə kostyumlar üzərində çox böyük işlər görülüb. Bu işi Tahir Tahirov başladı və Şahin Həsənov uğurla davam etdirib başa çatdırdı.

   - Maraqlıdır, filmdə nə qədər personaj var?

   - Kütləvi səhnələri nəzərə almasaq, filmdə 90 personaj var. Onların hamısını XIX əsrin zövqünə, dəbinə uyğun geyindirmək lazım gəlirdi. Ümumiyyətlə, tarixi filmin bir çox çətinlikləri var. Bizdə isə mövcud şəraitdə çətinliklər birə on artır. Çünki neçə illərdi ki, tarixi filmlər çəkilmirdi. Xoşbəxtlikdən son illər “Cavad xan” və “Hökmdarın taleyi” filmləri lentə alınıb. Dövr etibarilə yaxınlıq vardı. Ancaq o dövrü canlandırmaq üçün bir çox çətinliklərlə qarşılaşdıq.

   Mirzə Fətəli Axundzadə 66 yaşında rəhmətə gedib. Hadisələr coğrafi baxımdan Şərq aləmində baş verir. Ancaq filmdə Brüssel səhnələri də var. O dövrdə Axundzadənin oğlu Brüsseldə təhsil alırdı, atası ilə məktublaşırdı, onun əsərlərini orda müəyyən adamlara təqdim edirdi. Biz Bakıda buna uyğun yerlər tapıb o səhnələri çəkdik.

   - Vaxtilə siz “Brüsseldən məktublar”ı hazırlamışdınız...

   - Bəli, bu mənim Axundzadə yaradıcılığı ilə üçüncü görüşümdür. 2003-cü ildə Akademik Milli Dram Teatrında Həsən Həsənovun “Brüsseldən məktublar” əsərini hazırlamışdım. Bu təcrübə mənə imkan verdi ki, filmdə o dövrü, o mühiti yarada bilək. Ancaq filmlə bağlı çalışanda dövrlə, münasibətlərlə bağlı daha dəqiq detallara ehtiyac hiss etdim. 1941-ci ildə Mikayıl Rəfilinin ssenarisi əsasında “Səbuhi” filmi çəkilib. Hər dövrün öz tələbi var. O filmdə Axundzadə az qala bir inqilabçı kimi çıxış edir. Əslində Axundzadə heç vaxt inqilabçı olmayıb, həmişə təkamül yolu ilə getmək istəyib. Çingiz Hüseynovun “Fətəli fəthi” romanı isə maraqlı bir əsərdir. Romanda müəllifin çox qəribə fikri var. Deyir ki, mən olanları olduğu kimi yazmağa çalışdım, olmayanları ola biləcək kimi. Şübhəsiz, bütün bunlar Axundzadə haqqında mənim bilgilərimi daha da zənginləşdirdi.

   - Səhv etmirəmsə, çəkilişlər üç ölkədə nəzərdə tutulmuşdu.

   - Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyədə də çəkilişlərimiz oldu. Fikirləşmişdik ki, Tiflisdə, Şeytanbazarda - Abbasqulu ağa Bakıxanovun evinin qarşısında - Axund Ələsgərlə gənc Fətəlini Bakıxanovla “görüşdürək”. Çox təəssüf ki, istədiyimiz kadrları orada çəkə bilmədik. Gürcüstanla bağlı kadrların bir çoxunu Şəkidə lentə aldıq. Kino illüziyadır. Bu illüziyanı əvvəl kadr-kadr beynində qurursan, sonra çəkiliş meydançasında gerçəkləşdirirsən. Özü də tək sən çalışmırsan, böyük bir kollektiv səninlə birlikdə çalışır. Filmin redaktoru Ramiz Rövşəndir. Rejissor ssenarisinin yazılmasında onun çox böyük köməyi oldu.

   - Hadisələr XIX əsrdə cərəyan edir. Yəqin ki, çəkiliş yerlərini seçərkən çətinliklərlə qarşılaşdınız.

   - Həm Bakıda, həm rayonlarda çox böyük yenidənqurma işləri gedir. Binaların, küçələrin simaları dəyişir. Biz Cənubi Azərbaycanın Xamnə kəndində olan hadisəni Qala qoruğunda çəkdik. Çox gözəl bir yerdir. Qala kəndində vaxtilə insanlar necə yaşayıbsa, o dövrün tikililəri necə olubsa, o cür bərpa ediblər. Mirzə Fətəlinin atasına məxsus olan evi, həyəti orda çəkdik. Çox güman ki, film elə o epizodla başlayacaq.

  

   “Bu film maarifçi filmdir”

  

   - Bildiyimizə görə, filmdə Axundzadənin əsərlərinə geniş yer ayırmısınız.

   - Filmdə Mirzə Fətəli Axundzadənin həm maarifçi, həm filosof, həm də məmur fəaliyyəti əks olunmalı idi. Çünki bu, maarifçi filmdir. Anarın başladığı dalğanın davamıdır. Vaxtilə Anar Azərbaycanda ilk maarifçi filmini çəkdi. Bu, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” filmi idi. Ondan sonra Mirzə Cəlilə həsr olunmuş “Qəm pəncərəsi”ni. Sonra mən “Cavid ömrü”nü çəkdim. “Sübhün səfiri” bir növ bu tetralogiyanı tamamlayır. Bu mənada Axundzadənin bütün fəaliyyətini təfərrüatı ilə ikiseriyalı filmdə əhatə eləmək çətin olsa da, çalışmışıq ki, əhatə edə bilək. Mirzə Fətəli barədə Aydın Talıbzadənin çox gözəl bir sözü var. Deyir ki, Axundzadə Azərbaycandan Avropaya pəncərə açdı. Bəli Axundzadə Avropaya pəncərədir.

   - Ramiz müəllim, filmdə böyük simalarımızdan kimlər yer alıb?

   - Filmdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Axundzadənin şəxsiyyətinin formalaşmasında bilavasitə rolu olan Mirzə Şəfi Vazeh və Axund Ələsgərə kifayət qədər yer ayrılıb. Axund Ələsgər rolunu Bəxtiyar Xanızadə, Həsən bəy Zərdabi rolunu Məmməd Səfa, Abbasqulu ağa Bakıxanov rolunu Fəxrəddin Manafov ifa edirlər. Anar bəzən Mirzə Fətəlinin özünü o personajların içinə gətirir.

   Filmdə Mirzə Fətəlinin ölümünü deyil, bununla bağlı xəbəri veririk. Axundzadə bu dünyadan nigaran getsə də, çox xoşbəxt adam idi. Onun gördüyü işlər ümid verirdi ki, bu nigarançılığın arxasında bir ümid yaranacaq. Azərbaycanın bugünkü gerçəkliyi Axundzadənin ümidlərinin tam doğrulduğunu sübut elədi.

   - Hazırda işin hansı mərhələsindəsiniz və film nə vaxt hazır olacaq?

   - Filmin tam yarısındayıq. Epizodlar yığılır, inşallah iyul ayının ortalarında səsləndirmə ilə bağlı işlərə başlayacağıq. Filmi çox güman ki, payız aylarında tamaşaçılara təqdim edəcəyik. Taleyimdən çox razıyam ki, bu filmi çəkməli oldum.

  

   Kənan Məmmədov: “Çalışmışam hər kadr bir təsvir tablosu olsun”

  

   Filmin operatoru Kənan Məmmədovdan da xahiş etdik ki, film barədə fikirlərini bizimlə bölüşsün:

   - Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Ramiz Həsənoğlu ilə çoxdan birgə işləmək arzusunda idik. Amma alınmırdı. Nəhayət, o, Anar müəllimin ssenarisini mənə təqdim etdi. Mirzə Fətəli Axundzadə Azərbaycanın ədəbi, fəlsəfi fikir tarixində misilsiz xidmətləri olan şəxsiyyətdir. Bu sima haqqında film çəkmək özü bir şərəfdir. Mən məmnuniyyətlə razılığımı verdim və işləməyə başladıq.

   Hər dəfə operator kimi yeni filmə başlayanda mənim üçün ən mühüm məsələlərdən biri filmin gələcək təsvir konsepsiyasıdır. Çox düşünüb-daşınandan sonra bu filmin təsvir sistemini özüm üçün sistemləşdirdim. Bu, mənim sayca 25-ci bədii filmimdir. 20-25 il bundan əvvəl çəkilmiş filmlərlə bugünkü filmlər arasında yerlə göy qədər fərqlər var. Çünki operator sənəti dinamik inkişaf edən bir sənətdir. Çalışıram müasir operator sənətinin dünya səviyyəsində tendensiyalarını izləyim, görüm, bu sənətdə nə yeniliklər var ki, bizim studiyanın imkanlarından istifadə edib o yenilikləri tətbiq edim.

   Həmişə filmin dinamikasından söhbət düşəndə dramaturji materialdan çıxış edirəm. Bu filmdə özüm üçün təsvir konsepsiyasını aydınlaşdıranda belə nəticəyə gəldim ki, bu təsvir klassik mahiyyət daşımalıdır. XIX əsrdə Mirzə Fətəli Axundzadə şəxsiyyətinə uyğun təsvir çərçivəsində öz fəaliyyətimi gördüm və mənə elə gəlir ki, bu nəticəyə nail oldum. Çalışmışam hər kadr bir təsvir tablosu olsun. Operatorun ən mühüm təsvir vasitələrindən biri də işıqdır. İşıqla operator müəyyən bir epizodu faciəyə də döndərə bilər, komediyaya da. Aktyorun daxili iztirablarını açıb tamaşaçıya təqdim etmək üçün işıqlandırma çox önəmlidir. Baş rolda böyük sənətkarımız Rasim Balayev çəkilib. Çalışmışam ki, onu müəyyən çərçivəyə salmayım. O tam azad olsun ki, kadrda da öz imkanlarını göstərə bilsin.

   Filimdə mühüm məsələlərdən biri də rəng və koloritdir. Sən düşünülməmiş rəngli film çəkirsənsə, o tamaşaçını yorar. Filmin quruluşçu rəssamı Rafiz İsmayılovla xeyli sayda ekran əsərində işləmişik. Çalışmışıq kostyumların, dekorların, əşyaların rəngində harmoniya olsun.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 8 iyun.- S. 11.