Uşaq mahnılarının dünəni, bu günü və sabahı

 

   İnsan gözünü dünyaya açan gündən musiqi aləminə qərq olur. Ana laylasından başlayan bu tanışlıq uşaq mahnıları ilə davam edərək körpələrin dünyagörüşünün formalaşmasında, mədəni tərbiyəsində əhəmiyyətli rol oynayır.

  

   Təsadüfi deyil ki, Azərbaycanın bir çox görkəmli bəstəkarlarının yaradıcılığında uşaqlar üçün mahnılar, müxtəlif musiqi əsərləri mühüm yer tutub. Bəs indi bu sahədə vəziyyət necədir?

   İyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Uşaq mahnıları: dünən, bu gün, sabah” mövzusundakı dəyirmi masa”da bu barədə söhbət açıldı. Mərkəzin direktoru İradə Yaqubova tədbirin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində gerçəkləşdiyini nəzərə çatdırdı. O, layihə barədə məlumat verərək uşaq internet portalının fəaliyyətə başlamasından sonra görülən işlərdən danışdı.

   Qeyd olundu ki, bu gün dövlət tərəfindən musiqi mədəniyyətimizin inkişafına, eləcə də uşaqların mədəni tərbiyəsinin təşkilinə böyük diqqət göstərilir. Bununla yanaşı, uşaq mahnıları sahəsində müəyyən problemlər də mövcuddur. Uzun illər sevilərək ifa olunan, ruhumuzu oxşayan uşaq mahnılarımız unudulmaq üzrədir. Həmin incilər nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhurlaşmışlar. Eyni zamanda bu mahnılara sözlər yazan görkəmli şairlərimiz də yada salınmalıdır. A.Şaiq, A.Səhhət, T.Mütəllibov, X.Əlibəyli, T.Elçin və digər ədiblərin yazdığı şeirlər uşaqlara yüksək hiss və duyğular, Vətənə, torpağa məhəbbət aşılayıb.

   Tədbirdə iştirak edən millət vəkili, professor Musa Qasımlı, bəstəkarlardan Xalq artisti Oqtay Zülfüqarov, Əməkdar incəsənət xadimləri Rəşid Şəfəq, Azər Dadaşov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Səid Hacıyev, “Space 104 FM” radiosunun direktoru Əhməd Əsgər və digərləri böyüyən nəslin dünyagörüşündə, saf təfəkkürə malik cəmiyyət üzvü kimi formalaşmasında uşaq mahnılarının əhəmiyyətindən söz açdılar.

   Uşaq mahnılarına televiziya və radio kanallarında olduqca az efir vaxtının ayrılması məsələsinə də toxunan tədbir iştirakçıları uşaq mahnılarının ifası və populyarlaşmasının vacibliyini vurğuladılar. Bildirildi ki, respublikamızda fəaliyyət göstərən, beynəlxalq müsabiqə və festivallarda ölkəmizi uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivlərinin çıxışlarına da efirlərdə az rast gəlinir. Uşaqlar bu gün gənclər, böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edirlər.

   Dəyirmi masada “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən uşaqlar üçün mahnıların gündəmə gətirilməsi məqsədilə onların yeni aranjimanda yazılmasına, disklərə köçürülməsi və yayılmasına, uşaq mahnısı müsabiqələrinin təşkilinə, sırf uşaq auditoriyasına ünvanlanan telekanalın və radionun açılmasına, atılan addımların bütün mərhələlərində dövlətin maliyyə dəstəyi və nəzarətinin zəruriliyinə dair təkliflər irəli sürüldü. Qeyd olundu ki, mahnıların yayılmasında televiziya və radio ilə yanaşı, internetin də önəmli yeri var. Uşaq internet portalının rus və ingilis dilli versiyalarının yaradılması, layihə çərçivəsində bəstəkar, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın 100 illik yubileyinin qeyd olunması məsələləri də müzakirə olundu.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 8 iyun.- S. 6.