Sivil ölkədə insanlar öz hüquqlarını bilməlidirlər”

 

   Aytən Mustafayeva: “İnsan hüquqları elə bir sahədir ki, daimi inkişafdadır və daimi dəyişikliklər tələb edir”

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu tarix 1998-ci il iyunun 18-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın qəbul olunması ilə bağlıdır.

  

   Əlamətdar günlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. İyunun 18-də isə Bakıda ombudsmanların X Beynəlxalq konfransı keçiriləcək.

   Ölkəmizdə insan hüquqları sahəsində vəziyyət, milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və digər məsələlərlə bağlı AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ilə söhbət etdik:

   - Aytən xanım, 18 İyun - İnsan Hüquqları Gününün əhəmiyyətini necə dəyərləndirirsiniz? Müstəqilliyimizin əldə edilməsindən ötən 20 ildə bu sahədə hansı işlər görülüb?

   - Prezident İlham Əliyev tərəfindən 18 iyunun Azərbaycanda İnsan Hüquqları Günü elan olunması dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə, bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də əsaslı islahatlar başlandı. Avropa ailəsinə inteqrasiya yolunu seçmiş Azərbaycan üçün bu sahə dövlət quruculuğunun prioritet istiqamətlərindən biridir. Avropa ailəsinə daxil olmaq üçün, təbii ki, öz cəmiyyətimizin quruculuğunu və insan hüquqları sahəsində qanunvericiliyimizi də bu istiqamətdə inkişaf etdirməliyik. Ötən dövrdə insan hüquqlarının inkişafı kontekstində həm qanunvericilikdə, həm də məhkəmə sistemində islahatların aparılması təqdirəlayiqdir. Azərbaycan Milli Elmlər Akademiyasında İnsan Hüquqları İnstitutunun yaradılması da bu istiqamətdə atılan mühüm addım oldu. Respublika rəhbərliyi əsas insan hüquq və azadlıqlarının qorunması istiqamətində islahatların aparılması ilə yanaşı, milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, insan hüquqlarının müdafiəsində dünya və Avropa standartlarının təmin olunması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yolunu tutub. Ötən 20 il ərzində insan hüquqları sahəsində Azərbaycanda çox böyük işlər görülüb. ATƏT, Avropa Şurası, BMT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub və onlar da bizə dəstək göstəriblər. Bu xüsusda BMT-nin qurumları, o cümlədən UNESCO ilə sıx əməkdaşlıq mövcuddur. Bu sahədə qanunvericilik müstəvisində dəyişikliklər edilməsi, milli qanunvericiliyin beynəlxalq qanunvericilikdən istifadə edilərək zənginləşməsi müsbət haldır.

   - İnsan hüquqlarının inkişafı qanunvericiliklə bərabər, cəmiyyətin də inkişafını tələb edir. Maraqlıdır, bu sahədə maarifləndirmə işləri yetərincə aparılırmı?

   - İlk növbədə cəmiyyətin insan hüquqları ilə bağlı marağı, bilikləri olmalıdır ki, insanlar öz hüquqlarından istifadə edə bilsinlər. Təbii ki, bunun üçün maarifləndirmə çox böyük əhəmiyyət daşıyır. Bu illər ərzində Azərbaycan qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması, konvensiyalara qoşulmağımız bu istiqamətdə gördüyümüz mühüm işlərdir. Bu gün görürük ki, cəmiyyətimizdə insan hüquqları sahəsində biliklər artıb. İnsanlar artıq öz hüquqlarını yaxşı bilməkdə, hüquqi biliklərini zənginləşdirməkdə daha fəaldırlar. Ancaq yenə də demək olmaz ki, cəmiyyətdə bu biliklərin səviyyəsi yetərincədir. Bizim ali məktəblərimizdə fakültələrdən, peşələrdən asılı olmayaraq insan hüquqlarının tədrisi çox vacibdir. Çünki sivil ölkədə insanlar öz hüquqlarını bilməlidirlər. Bu normal və elementar biliklərdir. Yenə qeyd etmək istəyirəm ki, ötən illər ərzində bu sahədə çox böyük dəyişikliklər baş verib. İnsan hüquqları elə bir sahədir ki, daimi inkişafdadır və daimi dəyişikliklər tələb edir. Çünki həyatımız və ətraf mühit, cəmiyyətin tələbləri, maraqları dəyişir və təbii ki, bu öz təsirini həm qanunvericiliyə, həm normalara göstərir. Bütün cəmiyyətlərdə bu belədir. Ancaq cəmiyyətdə artıq qəbul olunmuş normalar, biliklər, hüquqi meyarlar var - bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Parlament deputatı olaraq bu məsələlər mənim üçün xüsusilə önəmlidir. Biz də çalışırıq ki, mütərəqqi qanunlar bizim qanunvericiliyimizdə də əksini tapsın və biz qabaqcıl dünya ölkələri ilə ayaqlaşaq.

   - Sizcə, insan hüquqları ilə bağlı insanların maarifləndirilməsində ən vacib və effektiv təbliğat mexanizmi hansıdır və ondan necə istifadə olunmalıdır?

   - Ən effektiv üsul televiziyadır və təəssüf ki, bu imkandan hələ lazımınca istifadə olunmur. Televiziyalarda ən böyük təsirə malik vasitə kimi sosial reklama üstünlük verilməlidir. Biz artıq bununla bağlı qanun qəbul etməli, bu məsələni televiziya kanallarının qarşısında vəzifə kimi qoymalıyıq ki, sosial reklama yer ayırsınlar. Təbii ki, bu reklam kommersiya xarakterli deyil, pulsuz olmalıdır. Çünki sosial reklam böyük əhəmiyyət daşıyır. Adi bir reklamın hansı təsirə malik olması hamıya bəllidir. Eləcə də sosial reklam vasitəsilə vətəndaşlarımızı maarifləndirməliyik. Birincisi, bu daha tez yadda qalır, digər tərəfdən mənəvi-tərbiyəvi baxımdan da çox böyük dəyər daşıyır. Bununla bağlı aidiyyəti təşkilatlar görüşlərə gedəndə orada bir qrup insanlar iştirak edir. Uşaqdan qocaya qədər bütün cəmiyyəti əhatə etmək üçün sadə dillə, yaddaqalan effektlə sosial reklamlar hazırlanıb təqdim olunmalıdır. Çünki hər bir cəmiyyətdə əlillər, qadınlar, uşaqlarla bağlı problemlər, elementar yol hadisələri, səhiyyə ilə bağlı hansısa problemlər var - bütün bunlarla bağlı əhalini maarifləndirmək, insan hüquqları ilə bağlı bilikləri təbliğ etmək lazımdır. Biz qanun qəbul edirik, amma bir çox insanların bundan xəbəri yoxdur. Onları məcbur etməli deyilik ki, qanunları öyrənsinlər. Amma mütəmadi olaraq televizoru açıb orada diş pastasının və ya ketçupun reklamından sonra öz hüquqları haqqında bir reklam görsələr, bu, yadda qalacaq. İnsan bilməlidir ki, məsələn, səhiyyə müəssisəsinə gedərkən hansı sənədləri imzalamalı və öz hüquqlarını necə qorumalıdır. Ümumiyyətlə, gündəlik həyatımızda hüquq və vəzifələrimizi bilməliyik: mənim hüququm harada qurtarır və harada başqasının hüququ başlayır. Biz onu da təbliğ etməliyik ki, hüquqların da həddi-hüdudu var.

   - Necə düşünürsünüz, mədəniyyət sahəsində insan hüquqlarının qorunması necə əhəmiyyət kəsb edir?

   - Azərbaycanın bu sahədə apardığı çox böyük işlər var və bir sıra qanunlar qəbul edilib. Son zamanlar biz, məsələn, plagiatla bağlı qanunlar qəbul etmişik. Mədəniyyət hüquqları bütün insanları, xalqları, dövlətləri maraqlandırır. Çünki bu etnoyaddaşdır və mədəniyyətlər bunun daşıyıcısıdır. Qloballaşma dövründə etnik müxtəlifliyi qorumaq böyük işdir.

   - Yeri gəlmişkən, bədnam qonşularımız davamlı olaraq mədəniyyət nümunələrimizi özününküləşdirməyə cəhd edirlər. Bu, mədəniyyət sahəsində hüquqlarımızın pozulması deyilmi?

   - Azərbaycanın üzləşdiyi ən böyük problem, sözsüz ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzüdür, bu işğalçılıq siyasətinin doğurduğu Qarabağ münaqişəsidir. Ermənilər tərəfindən aparılan bu siyasətin yaşı artıq 100 ildən çoxdur. Hələ bu münaqişədən öncə erməni ideoloqları Azərbaycan mədəniyyətini mənimsəməyi qarşılarına məqsəd qoymuşdular. Bilirik ki, ötən əsrin 70-80-ci illərində artıq onlar bu istiqamətdə işləməyə başlayıblar. Hətta dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası haqqında iddiaları da olub. XX əsrin ortalarından mətbəximizə maraq və mənimsəmə uğrunda cəhdlər ediblər. Müasir dövrdə isə artıq milli musiqi nümunələrimizi, məsələn, «Sarı gəlin» xalq mahnısını özününküləşdirməyə çalışırlar. Bu, beynəlxalq hüquqda plagiat adlanır. Biz də öz tərəfimizdən bu istiqamətdə daha fəal işləməliyik. İctimai təşkilatlarımız, dövlət qurumları ölkəmizin mədəniyyəti, mətbəxi və musiqisinə qarşı bu iddiaların qarşısının alınmasında əlbir çalışmalıyıq. Bu məsələ qanunvericilikdə də əks olunmalıdır. Onu da qeyd edim ki, bu yaxınlarda Milli Məclisdə plagiatla bağlı müzakirələr aparılıb. Bununla bağlı qanun da hazırlanmaqdadır.

   - Aytən xanım, rəhbərlik etdiyiniz institut insan hüquqları sahəsində elmi kadrlar yetişdirir. Fəaliyyət sahəniz əsasən hansı istiqamətləri əhatə edir?

   - Bizim institut 14 ildir ki, fəaliyyət göstərir. Fəaliyyət sahəmiz əsasən aşağıdakı istiqamətləri əhatə edir: vətəndaş hüquqları, sosial hüquqlar, din və təhlükəsizlik, bioetika və tibbi hüquq, elmdə insan hüquqları, milli təhlükəsizlik və erməni problemləri. Mütəmadi şəkildə cəmiyyətin bugünkü tələblərinə uyğun olaraq bizim istiqamətlər də dəyişir. Çoxlu nəşrlərimiz var. UNESCO ilə sıx əlaqələr qurmuşuq. Bioetika və tibbi hüquq fənnini elmi istiqamət halına salmışıq. Bu istiqamətdə ötən il doktoranturaya ilk qəbul keçirdik. BDU və UNESCO ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Qarşıdakı 4 ildə, 2012-ci ildən 2016-cı ilədək tədricən UNESCO kafedrasını açacağıq. Bu qurumun tədris proqramını onların icazəsi ilə Azərbaycan dilinə tərcümə etmişik. Bundan əlavə, qeyd etdiyim sahələr üzrə siyasi elmlər, konfliktologiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, bioetika və tibbi hüquq sahələri üzrə doktorantlar, dissertantlar qəbul etmişik. Amma kadr məsələsi çox mürəkkəbdir. Çünki gənc insanları elmə cəlb etmək çətindir. Elələri var ki, burda püxtələşərək mütəxəssis olurlar və sonra gedirlər. Bu sahədə professional mütəxəssislərin azlığı bizim üçün hələlik problemdir. İnstitut direktoru olaraq xarici dilləri, beynəlxalq hüququ bilən, qanunvericiliklə işləməyi bacaran kadrların axtarışındayam. Amma hazırda mövcud insan resursları ilə işlərimizi aparırıq. Ötən il dekabrın 27-də Azərbaycan Prezidenti tərəfindən insan hüquqlarına dair Milli Fəaliyyət Planı haqqında sərəncamın imzalanması bizim üçün böyük nailiyyətdir. Sənədin 9 bəndində institut icraçı orqan kimi xüsusi vurğulanıb ki, bu da bizə göstərilən böyük diqqətdir. Sənəddə maarifləndirmə, təhsil, məhkəmələrin işinin monitorinqi, BMT-nin və xüsusən UNESCO-nun qəbul etdikləri qanunvericiliklərlə bizim qanunvericiliyimizin uyğunlaşdırılması problemləri ilə bağlı işlərin davam etdirilməsi, nəşrlərin çapı və yayılması məsələləri əksini tapıb. Bizim institut tərəfindən də Ermənistanın Azərbaycana vurduğu iqtisadi ziyanın ödənilməsi məsələsi qaldırılmışdı. Çox sevindirici haldır ki, Milli Fəaliyyət Planında bu məsələ də öz əksini tapıb.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 8 iyun.- S. 5.