Bölgələrdə mədəniyyət mərkəzləri

 

   Lənkəran və İsmayıllıda həyata keçirilən pilot layihə müsbət nəticə verib

  

   Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına başlanılıb. Layihə qeyri-maddi mədəni irsimizin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası, istifadəsi və regionlarda klub müəssisələrinin fəaliyyətinin yenidən qurulmasını nəzərdə tutur.

  

   Pilot layihənin gerçəkləşməsi üçün Lənkəran şəhəri və İsmayıllı rayonu seçilib. Layihəyə əsasən, qeyri-maddi mədəni irsin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsini təmin etmək məqsədilə əvvəlcə sözügedən bölgələrin mədəniyyət və turizm şöbələrinin şəbəkəsində olan klub müəssisələrinin mərkəzləşdirilməsi həyata keçirilməli idi. Eyni zamanda Azərbaycan qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətlərinin inkişafı məqsədilə mədəniyyət və turizm şöbələrinin şəbəkəsi daxilində olan klub müəssisələrinin profilləşdirilməsi planlaşdırılırdı.

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynlinin sözlərinə görə, layihə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” konvensiyasının tövsiyələrinə əsasən və qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən, beynəlxalq layihələrdən istifadə olunmaqla hazırlanıb. İcra müddəti 6 ay nəzərdə tutulan pilot layihənin 2011-ci il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmuş Lənkəran şəhərində və “Azərbaycanın Sənətkarlıq Paytaxtı” İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab edildi: “Bununla bağlı hər iki bölgədə işçi qrupu yaradıldı, mədəniyyət mərkəzlərinin filialları qismində fəaliyyət göstərən klub müəssisələrinin profilləşdirilməsinə dair təkliflərə baxıldı. Qəni Vəliyev adına Lənkəran şəhər və Heydər Əliyev adına İsmayıllı rayon mədəniyyət evlərinin adları dəyişdirilərək müvafiq olaraq Qəni Vəliyev adına Lənkəran şəhər və Heydər Əliyev adına İsmayıllı rayon mədəniyyət mərkəzləri adlandırıldı. Lənkəran şəhər və İsmayıllı rayon mədəniyyət və turizm şöbələrinin tabeliyində olan digər klub müəssisələri - şəhər, rayon, kənd mədəniyyət evləri mədəniyyət mərkəzlərinin müvafiq filialları oldular”.

  

   Lənkəranda 75 klub istiqamətlər üzrə profilləşib

  

   Layihə çərçivəsində Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2012-ci il tarixli qərarına əsasən fəaliyyətə başlayıb. Mərhələli şəkildə görülən işlər xalq sənəti ustaları, folklor ifaçıları, kollektivlər və tədqiqatçıların klub müəssisələrinə cəlb olunmasına, xalq yaradıcılığının diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətlərinin inkişafına təkan verib. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev layihəni uğurlu hesab edir: “Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırdıq. Görülən işlər nəticəsində 75 klub müəssisəsinin hamısının profilləşməsi həyata keçirildi. Onlardan 14-ü folklor, 15-i diyarşünaslıq, 13-ü yaradıcılıq, 33 filial isə sənətkarlıq profili üzrə fəaliyyət göstərəcək. Klub müəssisələrinin yeni profillərinə uyğun olaraq adlandırılmaları ilə bağlı təkliflər hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunubbununla bağlı müvafiq qərar qəbul edilib”.   

 

   İsmayıllıda qədim sənət sahələrinə yeni nəfəs

  

   Pilot layihə ilə bağlı İsmayıllı rayonunda da bir sıra işlər görülüb. Mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, layihənin icrası bölgədə uzun illərdən qalmış bir çox problemlərin həllində dönüş yaradıb, rayonun Kürdmaşı, Diyallı və Qubaxəlilli kənd mədəniyyət evlərində əsaslı və cari təmir işləri aparılıb: “Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində və filiallarında pilot layihənin strukturuna uyğun olaraq yeni dərnəklər, xüsusən də xalçaçılıq, toxuculuq, biçmə-tikmə, misgərlik və s. dərnəkləri yaradılıb, azsaylı xalqların folklor qrupları (lahıc, ləzgi, hapıt, malakans.) təşkil edilib”.

   Şöbə müdiri deyir ki, vaxtilə rayonun bir neçə kəndində xalça sexi fəaliyyət göstərib və bu da əhalinin əsas dolanışıq yeri olub. İndi onların heç biri fəaliyyət göstərmir. Bunu nəzərə alaraq 8 kənd klubunda xalçaçılıq dərnəyi yaradılıb, dərnəklər müvafiq avadanlıqla təchiz olunub. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi İsmayıllıda qədim sənət sahələrinə yeni nəfəs gətirib. Bu tədbirlər həm qədim sənət növlərinin yaşamasına, həm də yeni yerlərinin açılmasına, gələcəkdə əhalinin güzəranının yaxşılaşdırılmasına imkan verir”.

  

   Layihənin respublika miqyasında tətbiqi planlaşdırılır

  

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektoru tərəfindən pilot layihə əsasında yaradılan mədəniyyət mərkəzləri və onların filiallarında monitorinqlər aparılaraq görülən işlər dəyərləndirilib. Sektorun müdiri Yaşar Hüseynlinin sözlərinə görə, mərkəzlərdə profillərinə uyğun yeni dərnək və kollektivlərin təşkili davam etməkdədir. Mərkəzlərin illik planları hazırlanaraq təsdiq olunub: “Görülən işlər çərçivəsində mədəniyyət mərkəzlərinin və filiallarının inzibati və yaradıcı istifadə üçün yararlı sahələri barədə sistemləşdirilmiş məlumat hazırlanıb. Bu məlumat əsasında təhlil işləri aparılmış, mədəniyyət mərkəzlərinə dərnəklər və kollektivlər üçün müvafiq şəraitin yaradılması, onların yerləşdirilməsi və s. barədə tövsiyələr verilmişdir. Bu gün biz deyə bilərik ki, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi islahatlar nəticəsində Lənkəran və İsmayıllının klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranıb. Pilot layihənin nəticələri uğurlu sayıldığından bu təcrübənin respublika üzrə tətbiq olunması planlaşdırılır”.

  

 

    Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 13 iyun.- S. 12.