Belə bir rejissor vardı...

 

   Rüfət Şabanov - 90

  

   Müdriklərdən biri demişdir: “Ən uzun həyat zəngin yaşanmış həyatdır. Ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır”. Rüfət Şabanovun tərcümeyi-halı ilə tanışlıq bizə deməyə əsas verir ki, o, zəngin həyat yaşamışdır.

  

   Rüfət İsmayıl oğlu Şabanov 1922-ci il iyunun 22-də Bakıda dünyaya göz açmışdır. Bu ailədə kitaba, teatra və kinoya, ədəbiyyat və incəsənətə böyük maraq var idi. Valideynlər bu sevgini övladlarına da aşılamışdılar. Rüfət mütaliəni çox sevirdi. Elə yeni tamaşa olmazdı ki, ona gedib baxmasın.

   1941-ci ildə Böyük Vətən müharibəsi başlananda Rüfətin 19 yaşı vardı. O da orduya çağırılır. Lakin ağır xəstələndiyi üçün ordudan tərxis edilir. 1942-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında köməkçi heyətdə işə düzəlir. 1944-cü ildə “Bakı” kinostudiyasında işləməyə başlayır. Kinostudiyada “Arşın mal alan” komediyasının çəkilişində rejissor köməkçisi işləyərkən başa düşür ki, mütləq ali savad almalıdır. Həmin il Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Rüfət sonralar məşhur rejissorlar kimi tanınacaq Eldar Ryazanov, Stanislav Rostotski, Marlen Xutsiyev, həmyerlimiz Lətif Səfərovla bir yerdə oxuyur. Günlərin birində Rüfət anasından teleqram alır: “Atan ağır vəziyyətdədir, tez özünü evə çatdır...”

   Atası vəfat edəndən sonra Rüfət təhsilini davam etdirmək üçün Moskvaya qayıtmadı. Amma sonralar Kinematoqrafiya İnstitutunda təhsilini yarımçıq qoyduğuna görə peşmançılıq çəkirdi. O, oxumağı, ali təhsil almağı qarşısına məqsəd qoymuşdu. Ona görə də Bakıda Azərbaycan Dövlət Teatr İnstitutunda təhsilini davam etdirməli olur. Burada görkəmli rejissor Mehdi Məmmədovun sinfində oxuyur.

   1952-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Rus Dram Teatrında truppa müdiri, sonra rejissor işləyir, “Uşaqların anası”, “Qızıl qartal altında”, “Gözəl qızlar”, “Bədbəxt hadisə” və s. pyeslərə quruluş verir. 1957-ci ildə yenidən “Bakı” kinostudiyasına qayıdaraq 1967-ci ilə kimi burada əvvəlcə rejissor assistenti, sonradan “Uzaq sahillərdə”, “Əsl dost”, “Matteo Falkone”, “Bizim küçə”, “Romeo mənim qonşumdur” bədii filmlərində II rejissor işləyir.

   Maraqlıdır ki, “Uzaq sahillərdə” filminin bəzi çəkilişlərində “Mixaylo”nu ifa edən aktyor Nodar Şaşıqoğlu özünü pis hiss edəndə və ya xəstələnəndə R.Şabanov onu əvəz edirdi. Əlbəttə, gözə çarpmasın deyə, yalnız orta və uzaq planlarda. Bədən quruluşlarına və boylarına görə onlar bir-birinə oxşayırdı. Hətta Veselin (Yuri Boqolyubov) öləndə N.Şaşıqoğlu onu əlləri üstə götürə bilmir. Rüfət aktyorun yerinə Veselini qucağına alıb aparır. Bir gün Karranti rolunda çıxış edən aktyor Lev Bordukov çəkilişə gələ bilmədiyi üçün Karranti ilə Mehdinin görüşdüyü səhnədə R.Şabanovu onun rolunda arxadan və yan tərəfdən lentə alırlar.

   Rüfət müəllimin rejissor kimi ilk müstəqil işi 1966-cı ildə lentə alınan “Liftçi qız” kinonovellası olur. Rejissor paytaxtın 8 nömrəli məktəbinin şagirdi Xuraman Qasımovanı əsas rolda çəkməklə düzgün seçim etmiş və maraqlı film yaratmışdır. 10-cu sinfi yenicə bitirmiş və böyük həyata qədəm qoymağa başlamış Lalə yol ayrıcındadır. Onun ağıllı məsləhətlərə ehtiyacı vardır. Uşaqlıq illəri ağır keçmiş bu qız bəzən adamlara inanmır, onlara şübhə ilə yanaşır. Buna görə də işə girdiyi mehmanxanada ilk günlər heç kimə qaynayıb-qarışmır. Bir gün Lalə bir rəssamla qarşılaşır. Rəssam onun portretini çəkir. Rəssam qızın xarici görünüşündən daha çox onun qəlbinin təmizliyini, zəngin mənəviyyatını, insani keyfiyyətlərini məhəbbətlə təsvir edir, Lalədə özünə qarşı inam hissini yaradır.

   Rejissor müsahibələrindən birində bu barədə belə demişdi: “Film gözəl insan qəlbi haqqındadır. Burada deyilir ki, hər bir insanda gözəl başlanğıc vardır. İnsanlar üçün xeyirxah işlər görmək, onlara sevinc bəxş etmək lazımdır. Onda bu həyatda yaşamağına da dəyər. Bizim filmimiz bu barədədir”.

   Rüfət Şabanov bu lirik filmi çəkəndən sonra 1968-1981-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziya-kino çəkilişləri redaksiyasında baş rejissor vəzifəsində çalışır. Əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olur. R.Şabanova “Qurultaydan qurultaya”, “Qurultay nümayəndəsi”, “Bakı”, “Şuşa”, “Dostluq və qardaşlıq bayramı”, “Talış meşələri”, “Dənizkənarı bulvar”, “Şüvəlan buketi” kimi tammetrajlı və qısametrajlı filmlərin çəkilişi tapşırılmışdı. Rejissorun bütün filmləri o vaxtkı Mərkəzi Televiziya tərəfindən yalnız I kateqoriya ilə qəbul olunurdu. O, bir sıra telefilmlərin bədii rəhbəri olmuşdur. Bunların arasında “Sovet Azərbaycanı” dövri tammetrajlı filmi xüsusilə fərqlənir.

   1982-ci ildə rejissoru yenidən “Azərbaycanfilm” kinostudiyasına dəvət edirlər. Bir il sonra “Gəmi saatının sirri” bədii və 1986-cı ildə “On yeddi yaşlı oğlan” bədii televiziya filmlərinin quruluşçu rejissoru olur.

   Rüfət müəllimin həyat yoldaşı, Xalq artisti Elmira Şabanovanın xatirələrindən: “Rüfət işində çox ciddi və tələbkar idi. Mən İncəsənət İnstitutunda dərs deyirdim. Vaxtımın çoxu burada keçirdi. Buna baxmayaraq Rüfət film üçün aktyorları seçəndə həmişə mənimlə məsləhətləşirdi. Filmin çəkiliş vaxtı üzü heç vaxt gülmürdü. Filmi çəkib qurtaran kimi onu ilk dəfə mənə və dostu Tofiq Tağızadəyə göstərirdi. Bizim fikrimizi bilmək istəyirdi.” “Gəmi saatının sirri” filmi Azərbaycan və Ukrayna (A.Dovjenko adına kinostudiya) kinematoqrafçılarının ilk birgə yaradıcılıq işidir. Ekran əsərində “Mosfilm” kinostudiyasından Nikolay Volkov və Yuri Sarantsev kimi məşhur aktyorlar da çəkiliblər. Elmira xanım filmdə balaca qəhrəman Alikin anası rolunda çıxış edib.

   Filmin maraqlı süjet xətti var. Alikin valideynləri bir-birilə yola getmir, tez-tez mübahisə edirdilər. İş o yerə gəlib çatmışdı ki, hətta onlar ayrılmaq istəyirdilər. Bununla heç cürə razılaşmaq istəməyən uşaq evdən getməyi qərara alır. “Qoy başları məni axtarıb tapmağa qarışsın. Ayrılmaq heç yadlarına belə düşməsin”, - deyə öz-özünə düşünür. Digər tərəfdən, on yaşlı Alik səyyah olmağı arzulayırdı. Ona görə də valideynlərindən xəbərsiz, təkbaşına Kiyevə, əmisinin yanına gedir. Yeniyetmə istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. O, buna nail olana qədər Ukraynada bir sıra qəribə hadisələrlə üz-üzə gəlir.

   Bu filmin çəkilişi zamanı da qeyri-adi hadisə baş vermişdi. Filmin qəhrəmanı (160 nömrəli məktəbin şagirdi Anar Tağıyev) epizodların birində ağlamalı idi, özü də təbii şəkildə. Rejissor danışırdı ki, Anarın anası ilə əvvəlcədən razılaşdıraraq mən özümə yaraşmayan bir iş gördüm. 9 yaşlı uşağı günahlandırıb dedim: “Heç sən utanmırsan, sən yeniyetmə oğlan, pis iş görmüsən. Aktyorlardan birinin qələmini oğurlamısan!.. Heç utanıb qızarmırsan!..

   Əlbəttə, uşaq bütün bunları inkar etdi və ağlamağa başladı. Bu zaman operator hazır vəziyyətdə durmuşdu. O, vaxtı itirmədən kinokameranı işə salıb Anarın necə ağlamağını lentə aldı. Çəkilişdən sonra mən min dəfə uşaqdan üzr istəməli oldum. Hesab edirəm ki, bu, mən tərəfdən yaxşı iş deyildi. Amma incəsənət məhz bunu tələb edirdi”.

   Rejissor R.Şabanovun növbəti – “On yeddi yaşlı oğlan” bədii televiziya filmi Böyük Vətən müharibəsində sovet xalqının faşist Almaniyası üzərində qələbəsinin 40 illiyinə həsr olunub. Film Çeçen-İnquşetiyanın cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı Xanpaşa Nuradilovun həyatından bəhs edir.

   Rüfət Şabanovun ailəsini kinematoqrafçılar ailəsi adlandırırlar. Həyat yoldaşı Elmira Şabanova bir çox filmlərə çəkilib. İndi də fəaliyyətini davam etdirir. Oğlu Fuad ÜDKİ-nin rejissorluq fakültəsini bitirib. Hazırda Moskvada yaşayır, filmlər çəkir. Qızı Leyla xanım sənətşünasdır. Azərbaycan Dövlət Film Fondunda baş redaktor vəzifəsində çalışır. Nəvəsi Kamilla ADMİU-nun rejissorluq fakültəsinin məzunudur. Artıq bir neçə filmə çəkilib.

   Rüfət Şabanov boş dayanmağı sevməzdi. Film çəkmədiyi dövrdə də özünə bir iş axtarıb tapırdı. O, dəfələrlə ümumittifaq televiziya filmləri festivallarının münsiflər heyətinə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinə üzv seçilmişdi. Yaradıcı gənclərlə böyük iş aparırdı. Özünün yetirmələri vardı.

   76 illik ömrünün 56 ilini Azərbaycan incəsənətinə, onun inkişafına həsr etmiş R.Şabanov başını aşağı salıb gecə-gündüz işlədi. Azərbaycan kinosunun və televiziyasının gələcəyi naminə ən mürəkkəb məsələlərin həlli ilə bağlı əsəblərini korladı. Gözlərinin nurunu itirdi. Amma buna təəssüf etmədi, peşmançılıq çəkmədi. Çünki ömürlərini incəsənətə həsr edənlər onları şan-şöhrət pərdəsi arxasında nə kimi çətinliklər, məhrumiyyətlər və əzablar gözlədiyini yaxşı bilirlər.

   Elə Rüfət müəllimin özü də bütün həyatını beləcə, təmtəraqsız, sadə yaşadı. Amma hamının yanında başı uca gəzdi. Rüfət müəllim artıq aramızda olmasa da onun çəkdiyi istər bədii, istərsə də sənədli filmlərdə, mavi ekranda quruluş verdiyi tamaşalarda qaldırdığı məsələlər, problemlər bu gün də tamaşaçıları narahat edir, düşündürür. Bu narahatçılıq, bu düşüncələr bütün yaradıcılığını doğma xalqına həsr etmiş tanınmış sənətkar-kinorejissor Rüfət Şabanov haqqında ən yaxşı xatirədir.

  

 

   Aydın Kazımzadə,

   əməkdar incəsənət xadimi

 

  Mədəniyyət.- 2012.- 15 iyun.- S. 12.