Nabran ölkənin mühüm turizm mərkəzinə çevrilib

 

   Yay turizm mövsümünün açılmasından sonra bölgəyə ilk infotur gerçəkləşdi

  

   «Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə turizm şirkətlərinin əlaqələrinin yaranması, onların bir-biri ilə əməkdaşlığı zəminində daxili turizm bazarının inkişafı gündəmdə duran əsas məsələlərdən biridir. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi işlər görülür. Belə tədbirlərdən biri də regionlarda yerləşən turizm xidməti obyektlərinə jurnalistlərin və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə mütəmadi infoturların təşkilidir”.

  

   Bu sözləri iyunun 16-17-də Xaçmaz rayonunun Nabran bölgəsindəki (Seyidli qəsəbəsi) «Malibu» istirahət mərkəzinə infotur zamanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəfər Qarayev söylədi. Nazirliyin dəstəyi, «Malibu» istirahət mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən infoturda turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyət iştirak edirdi.

   Nazirlik rəsmisi bildirdi ki, «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində reallaşdırılan tədbir, eyni zamanda, Azərbaycanın turizm baxımından ən potensiallı rayonlarından olan Xaçmazla tanışlıq məqsədi daşıyır: «Ötən il Nabrandakı «Palma» istirahət mərkəzinə infotur təşkil edilmişdi. Təcrübə göstərir ki, belə səfərlərin təşkili bölgəyə və konkret olaraq istirahət mərkəzinə gələnlərin sayına müsbət təsir göstərir. Gələcəkdə də belə səfərlərin davamlı olaraq təşkili nəzərdə tutulur”.

  

   Şabrandan Nabranadək...

  

   Bakıdan Nabrana səfərimizin ilk dayanacağı Şabran rayonu ərazisində oldu. İnfotur iştirakçıları qədim Şabran şəhərinin qalıqları ilə tanış oldular. Şahnəzərli kəndi yaxınlığında yerləşən qədim şəhər qalıqları barədə məlumatı isə tarixçi Əsədulla Hüseynovdan aldıq. Onun sözlərinə görə, 2500 il tarixi olan qədim Şabran şəhəri V-VI əsrlərdə bölgənin mühüm yaşayış məntəqəsi olub. 6,5 min hektar ərazisi olan qədim Şabran tarixi İpək Yolunun üzərində yerləşdiyindən bura, eyni zamanda ticarət mərkəzi kimi tanınıb. Şəhər zaman-zaman müxtəlif yadelli orduların işğalçılıq müharibələri gedişində üç dəfə güclü dağıntıya məruz qalıb. XVIII əsrə Şabranın yalnız xarabalıqları gəlib çıxıb. Qədim şəhərin varlığı barədə sübutlar isə 1979-cu ildən toplanmağa başlayıb. Həmin vaxtda Şahnəzərli kəndi yaxınlığında 0,9 hektar sahədə qazıntı işləri başlanıb. Hazırda Şabran Şəhər Tarix-Diyarşünaslıq Muzeyində qədim Şabran şəhərinə aid 4 mindən artıq eksponat toplanıb.

   Tarixi abidə ilə tanışlığımızı bitirib yenidən Xaçmaz istiqamətində yolumuza davam edirik. Yolboyu qarşılaşdığımız yaşıllıqlar, bir tərəfdə ucu-bucağı görünməyən əkin sahələri, meşələr, digər tərəfdə isə mavi dəniz buranın, doğrudan da, cəlbedici turizm məkanı olmasından xəbər verirdi. Rayon əhalisinin əsas gəlir mənbəyi əkinçilik və turizmdir. Nabran-Yalama-Xudat yolu boyunca ilin bütün fəsillərində təzə meyvə-tərəvəzə rast gəlmək olur. Xaçmaz rayonu ev şəraitində hazırlanmış müalicəvi əhəmiyyətli meyvə şirələri və içkiləri ilə də məşhurdur.

   Rayonun təbii-coğrafi mövqeyi onu Azərbaycanın mühüm turizm bölgələrindən birinə çevirib. Burada ən çox çimərlik turizmi inkişaf edib. Rayon mərkəzindən çox da uzaqda olmayan Nabranın adını eşidəndə adamın gözləri önünə ilk olaraq dəniz və çimərliklər gəlir. 1960-cı illərdən müxtəlif dövlət idarələrinin həmkarlar ittifaqları burada öz işçiləri üçün istirahət evləri tikməyə başlayıblar. Hazırda isə Nabran gözəl təbiəti, qonaqpərvər insanları ilə bərabər, yüksək standartlara cavab verən turizm obyektləri ilə də tanınır.

  

   Bu il Xaçmaza 80 min nəfər turistin gəlməsi gözlənilir

   

   Nəhayət, avtobusumuz mənzil başına yetişdi. Artıq günorta saat 13:30 idi. Bizim üçün əvvəlcədən ayrılmış kotteclərə yerləşib, yarım saatdan sonra nahara qatıldıq.

   Günortadan sonra isə səfərin proqramına uyğun olaraq, «Malibu» istirahət mərkəzinin konfrans zalında təşkil edilmiş təqdimat mərasimi keçirildi. İstirahət mərkəzinin təsisçisi Abdulla Muradov qonaqları salamladıqdan sonra «Malibu» barədə qısa məlumat verdi. Onun sözlərinə görə, istirahət mərkəzi artıq 10 ildir ki, fəaliyyət göstərir: «Gördüyünüz bu mərkəzin ərazisi vaxtilə sovxoz qarajı idi. Xaçmazın füsunkar təbiətini ərazinin dənizə yaxınlığını nəzərə alıb burada gözəl bir istirahət mərkəzi yarada biləcəyimizi fikirləşdik. Elə oldu. 10 il əvvəl bir neçə kotteclə işə başlayan «Malibu» artıq 380 nəfər qonağı eyni vaxtda qarşılayıb yola salmaq imkanındadır». A.Muradov ötən illərə nisbətən bu il qiymətlərdə bəzi yeniliklər etdiklərini iştirakçıların diqqətinə çatdırdı. Belə ki, müştərilərə təklif edilən qiymətlərə (40 manatdan başlayaraq) gündəlik üç dəfə yemək daxildir.

   Xaçmaz Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Nazim Ağayev infoturların həm rayonun turizm potensialının tanıdılmasında, həm turizm xidmət müəssisələri ilə turizm şirkətləri arasında sıx işgüzar münasibətlərin yaradılmasında xüsusi əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, Xaçmaz rayonu ərazisində ümumilikdə 70-ə yaxın turizm obyekti fəaliyyət göstərir. Onlardan 34-ü Mədəniyyət Turizm Nazirliyinin lisenziyasını alıb: «Rayonumuza gələn turistlərin sayı on minlərlə ölçülür. Hər il bu say artır. Ötən il Xaçmaza 50 mindən artıq turist gəlib. Bu il isə bu rəqəmin 80 min nəfər olacağını gözləyirik. Bir faktı nəzərinizə çatdırım ki, mövsümün təzəcə başlamasına baxmayaraq, artıq 2 mindən çox turist dincəlmək üçün rayonumuza təşrif buyurub. Təbii ki, buna may ayında Bakıda keçirilən «Eurovision-2012» musiqi yarışmasının da təsiri var. Hazırda Xaçmazda yerləşən turizm obyektlərində xarici qonaqların sayı daha da artıb. Xüsusilə həftəsonu burada boş yer tapmaq çətindir».

   Şöbə müdiri bu günlərdə Mədəniyyət Turizm İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrindən ibarət monitorinq qrupunun rayondakı turizm obyektlərində xidmətin səviyyəsi, onların standartlara cavab verməsi s. məsələləri yoxlayacağını da qeyd etdi.

   Sonra infotur iştirakçılarına «Malibu» istirahət mərkəzinin 10 illik yubiley tədbirində iştirak etdiklərinə görə hədiyyələr sertifikat verildi. Tədbir axşam saatlarında şou-proqramla davam etdirildi.

  

   * * *

 

   Sonda bir neçə məqamı vurğulamaq istərdik. İkigünlük səfər müddətində apardığımız müşahidələr əsasında deyə bilərik ki, Azərbaycanın turizm sektorunda mütəxəssislər tərəfindən qeyd edilən xidmətin səviyyəsi ilə bağlı problemlərə «Malibu» istirahət mərkəzində rast gəlmək mümkündür. Buraya yemək zamanı xidməti personalın peşəkarlığının arzuolunan səviyyədə olmamasından kotteclərdə ərazidə təmizliyədək bir sıra məsələlər daxildir. Lakin onları qısa zamanda aradan qaldırmaq mümkündür. Onu da qeyd edək ki, istirahət mərkəzinin rəhbərliyi işçiləri bizim bu dostyana iradlarımızı səmimi qəbul edərək gələcəkdə nəzərə alacaqlarını bildirdilər. Biz onlara fəaliyyətlərində uğurlar bu yay mövsümündə çoxlu turist qəbul etməyi arzuladıq.

 

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 20 iyun.- S. 7.