“Heydər Əliyev - ömür yolu

 

   Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Qurtuluş Gününə həsr edilmiş tədbir

 

   İyunun 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu” simfonik poemasının film versiyası nümayiş olundu.

  

   Tədbiri muzeyin direktor müavini Təranə Qurbanova açaraq Milli Qurtuluş Gününün yeni tariximizdəki yerindən, əhəmiyyətindən danışdı. Qeyd etdi ki, dahi rəhbərin xalqımız qarşısında misilsiz xidmətləri bəstəkarlarımızın əsərlərində də əks olunub. Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu” simfonik poeması da belə musiqi əsərlərindən biridir. Simfonik poemanın film versiyasının ideya müəllifi Milli Məclisin deputatı Fəttah Heydərov, rejissoru Nazim Əkbərovdur.

   Tədbirdə çıxış edən millət vəkili Fəttah Heydərov bəstəkar Vasif Allahverdiyevin 20 il bundan əvvəl yazdığı əsərdə ulu öndərin şərəfli həyat yolunu, Azərbaycanda gördüyü böyük işləri musiqinin dili ilə ifadə etdiyini dedi. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ümummilli liderin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana xidmətlərindən danışan millət vəkili dahi rəhbərin dövlətçilik kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

   Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, bəstəkar Vasif Allahverdiyev, rejissor Nazim Əkbərov filmin əhəmiyyətindən danışdılar.

   Sonra film təqdim olundu. “Heydər Əliyev - ömür yolu” simfonik poemasının 20 dəqiqəlik film versiyasında əsər Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunub.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 20 iyun.- S. 5.