“Muğamlarımızı oxumaqdan doymuram

 

   Əməkdar artist Nuriyə Hüseynova milli musiqimizi, muğam və xalq mahnılarımızı öz məlahətli səsi ilə dinləyicilərə sevdirən sənətçilərdəndir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblının solistidir.

  

   Bu yaxınlarda Moskvada keçirilən “İntermuzey” beynəlxalq festivalında ölkəmizin nümayəndə heyəti tərkibində iştirak edən müğənni öz ifası ilə tədbir iştirakçılarının rəğbətini qazanıb. Kamançaçı Munis Şərifov və tarzən Davud Əhmədovun müşayiəti ilə ifa etdiyi “Heyratı” muğamı, “Sarı gəlin” xalq mahnısı böyük maraqla qarşılanıb. Müğənni bundan öncə Hindistanda, Türkiyədə çıxış edib. Yaxın aylarda yenə Türkiyəyə, habelə Kanadaya, Macarıstana səfərləri olacaq. Sənətçi bizimlə qısa söhbətdə həyat və sənət aləmindən söz açdı.

   - Sənətə necə gəlmisiniz?

   - Ordubadın Dırnıs kəndində doğulmuşam. Hələ 6-7 yaşlarımdan oxumağa böyük həvəsim olub. Əvvəlcə kənd, rayon miqyasında, sonra Naxçıvanda musiqili tədbirlərdə iştirak etməyə başladım. O vaxtlar rayonlarda olan istedadlı uşaqları Bakıya, müsabiqələrdə iştirak etməyə göndərirdilər. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasından 3 məktəblini - Azər Ağayev (Culfa), Azər Məmmədov (Naxçıvan) və məni (6-cı sinifdə oxuyurdum) belə müsabiqələrdən birinə göndərdilər. Korifey sənətkarlarımız Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev, Arif Babayev və digərləri məni görəndə təəccübləndilər. Çünki o vaxtadək Naxçıvandan qadın müğənni çıxmamışdı. Üç turdan uğurla keçib birincilər sırasına daxil oldum. Yadımdadır, Respublika Sarayında keçirilən yekun konsertdə ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Konsert müvəffəqiyyətlə keçdi, mənə Bakıda - Bülbül adına orta ixtisas musiqi məktəbində (muğam şöbəsi) oxumaq təklif olundu. Amma valideynlərim buna razı deyildilər. Nəhayət, Bakıda yaşayan dayım işə qarışdı, məni öz öhdəsinə götürdü. Onların evində yaşamaq şərtilə təhsilimi Bakıda davam etdirdim.

   1982-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə uğurla iştirak etdim. Bir il sonra Səmərqənd beynəlxalq festivalına qatılanda ən azyaşlı iştirakçı mən idim. Bakıda keçirilən bütün dövlət əhəmiyyətli tədbirlərdə iştirak edirdim. Konservatoriyanın birinci kursuna muğam şöbəsinə daxil olandan sonra ailə həyatı qurdum. Övladlarım dünyaya gələndən sonra qayğılarım artdı. Bir il A.Zeynallı adına Musiqi Texnikumunda dərs dedim. 1995-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deməyə başladım. Artıq 17 ildir ki, orada çalışıram.

   Bir dəfə təsadüfən gözəl kaman ustası - tələbə yoldaşım Munis Şərifovla rastlaşdım. İş-gücündən danışıb dedi ki, qədim musiqi alətləri ansamblında işləyir. Söhbət əsnasında məni ansambla dəvət etdi: “Gəl görək səsin bu illərdə dəyişməyib ki...”. Getdim, ansamblın rəhbəri Məcnun Kərimov və digər üzvlərlə tanış oldum, oxudum. İfamı çox bəyəndilər. Təklif etdilər ki, oxuduqlarımı yazdırsınlar, yadigar qalsın. Razılaşdım. Bir gün televiziyada mənim ifamla anonslar getdiyini gördük... Konsertə baxandan sonra isə elə bil hamı - ailə üzvlərimiz də ovsunlanmışdılar. Səhnəyə çıxmağımı istəməsələr də, etiraz da etmədilər.

   Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Əməkdar artist adına layiq görülərəm, dostlarım haqqımda kitablar yazar... 2007-ci ilin 18 sentyabrı idi. AzTV-də çalışan bir rəfiqəm zəng edib dedi ki, fəxri ad alanlar arasında mən də varam. Bu xəbəri eşidəndə fərəhdən uçmağa qanadım olmadı. Ağsaqqal akademik Teymur Bünyadov mənim haqqımda “Sən olmasaydın”, Rasim Gəncəli “Qəlbi asiman kimi” kitablarını ərsəyə gətirəndə də belə fərəh duymuşam. Əməyimi yüksək qiymətləndirən bütün insanlara hədsiz dərəcədə minnətdaram.

   - Bir neçə ay öncə sizin İ.M.Əbilov adına Mədəniyyət Mərkəzində M.S.Ordubadinin 140 illik yubileyilə bağlı keçirilən tədbirdə çıxışınızı dinlədim. İfanızdan doymayan tədbir iştirakçılarının xahişi ilə təkrar-təkrar mahnılar oxudunuz...

   - Mən dəvət olunduğum bütün tədbirlərdə həvəslə iştirak edirəm. Muğamlarımızı, xalq mahnılarımızı oxumaqdan doymuram. Ordubadinin əsərlərini isə hələ məktəb illərimdən mütaliə etmişəm. O, sevimli yazıçılarımdan biridir. İstəmədim ki, həmin gün böyük ədibin adı ilə bağlı olan tədbir iştirakçılarının ürəyində nəsə bir xal qalsın, ona görə də bütün arzularını yerinə yetirdim.

   - Bir qədər də ailəniz haqqında danışın.

   - Oğlum hərbi xidmətdədir. Qızım ailəlidir, 42 yaşım olmasına baxmayaraq, yaxınlarda nənə olacağam. Ailəmdən çox razıyam. Bütün övladlara səadət, xoşbəxtlik diləyirəm. Bir də ən böyük arzum budur ki, tezliklə düşmən əlində olan torpaqlarımızı geri qaytaraq, müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü təmin edək. Biz sənət adamları da o yerlərdə konsertlər verək.

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2012.- 22 iyun.- S. 12.