Heç kim unudulmur, heç nə yaddan çıxmır!

 

   Böyük Vətən müharibəsinin sənədli ekran təcəssümü

  

   22 iyun 1941-ci il. Səhər saat 4-də faşist Almaniyası Sovet İttifaqı ilə müharibəyə başladı. Sovet xalqının Böyük Vətən müharibəsi (1941-1945) İkinci Dünya müharibəsinin mühüm və həlledici tərkib hissəsinə çevrildi.

  

   Müharibə başlanandan sonra kinematoqrafçılarımızın da üzərinə çox mühüm və məsuliyyətli bir vəzifə düşdü. Onlar qələbənin qazanılması üçün arxada zəhmətkeşlərin necə hünər göstərdiklərini, ön cəbhədə isə əsgərlərimizin faşizmə qarşı qəhrəmanlıqla vuruşmalarını lentə alaraq operativ şəkildə ekranlarda nümayiş etdirirdilər. Bakı neftçilərinin fədakar əməyi müharibənin zəfərlə başa vurulmasında tarixi rol oynamışdır. Təkcə 1941-ci ildə Azərbaycanda 23 milyon 541 min ton neft hasil edilmişdi ki, bu da respublikamızın neft sənayesi tarixində o vaxtadək görünməmiş bir göstərici idi.

   “Bakinskiy raboçi” qəzeti xəbər verirdi ki, müharibənin ilk altı ayı ərzində Abşeronda ən iri “Lenin-neft” trestindən bütün ixtisaslı fəhlələrin və mütəxəssislərin 45 faizi cəbhəyə getmişdir. Lakin mədənlərdə qalanlar maye yanacağın hasilatını nəinki aşağı salmamış, əksinə daha da artırmağa müvəffəq olmuşlar. İstismarçılar və qazmaçılar kazarma vəziyyətinə keçərək sutkalarla buruqların yanında olurdular.

   Həmin illərin qəzet səhifələrində üstüörtülü faktlara da rast gəlirik: “Leyt. Şmidt adına Maşınqayırma Zavodu az fəhlə qüvvəsi ilə daha çox məhsul istehsal edir, özü də əvvəlkindən fərqli olaraq yüksək keyfiyyətlə”.

   Digər misal: “... şmidçilərin məhsulları faşistləri möhkəm əzişdirir”. Bakının digər zavod-fabrikləri də hərbi məhsullar hazırlayırdı. Azərbaycanın sənaye müəssisələri 1941-1945-ci illərdə ordu üçün 230 növ məhsul istehsal etmişdi.

   Müharibənin başlanğıcında, 1941-ci ilin avqustunda Azərbaycanda milli diviziya təşkil edildi. 402-ci Azərbaycan diviziyası 1941-ci ildə Mozdok rayonunda açıq döyüşlərdə iştirak etmiş, çoxlu yaşayış məntəqəsini azad etmişdi. Diviziyanın şəxsi heyəti açıq döyüşlərdə ciddi tələfata uğramışdı. Bundan sonra şəxsi heyətin bir hissəsi 416-cı diviziyaya verildi.

   Məşhur 416-cı milli diviziya 1942-ci ilin ortalarında yaradılmış, Taqanroqun azad edilməsində xüsusi şücaət göstərdiyinə görə diviziyaya “Taqanroq” diviziyası adı verilmişdi. Sovet İttifaqı marşalı G.K.Jukov diviziyanı Berlinə ilk yol açan hissələrdən biri adlandırmışdır. Diviziya Qafqazdan Berlinədək 2500 km yol qət etmiş, bu uzun və ağır döyüş yollarında misilsiz qəhrəmanlıqlar göstərmişdir.

   Hələ 1942-ci ildə Bakı kinostudiyasında rejissor-operator C.Məmmədov 416-cı Azərbaycan diviziyasının döyüş hazırlığından bəhs edən “416-cı” adlı ikihissəli sənədli film çəkmişdi. Bundan 28 il sonra rejissor N.Mustafayeva “Bizim 416” sənədli filmini lentə aldı. Filmdə diviziyanın keçdiyi ağır və müzəffər döyüş yolundan bəhs olunur.

   1975-ci ildə “Azərbaycantelefilm”də rejissor O.Babazadə diviziyanın bir alaydan olan döyüşçülərinə həsr edilən “Bir alayadan olanlar” televiziya filmini çəkmişdir.

   1980-ci ildə rejissor-operator V.Konyaginin çəkdiyi “Həyat naminə” sənədli film də 416-cı Taqanroq diviziyasının döyüş yolundan danışır. Burada alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərindən, Taqanroq şəhərində Azərbaycan diviziyasına həsr olunmuş abidənin ucaldılmasından söhbət açılır.

   Göründüyü kimi, 416-cı milli diviziyanın keçdiyi zəfər yolu barədə cəmi 4 sənədli film yaradılmışdır. Bu, çox azdır. Halbuki bu barədə irihəcmli bədii film çəkilməliydi. Hərbi mövzuda çəkilən bədii və sənədli filmlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti çox böyükdür.

   Böyük Vətən müharibəsi başlanan il faşist Almaniyası neft Bakısını ələ keçirməyi planlaşdırmışdı. Çünki Bakı faşistlər üçün həm qiymətli yanacaqla təmin olunmaq, həm də tez bir zamanda alman qoşunlarının Yaxın və Orta Şərqə, eyni zamanda Hindistana çıxması demək idi.

   Kinoxronikaların birində belə bir görüntü təsvir olunmuşdur: üstündə iri tort olan masanın ətrafında Hitler və onun silahdaşları dayanmışlar. Alman zabitlərindən biri tortun ortasında yazılmış “Bakı” sözünün yanındakı şokolad buruğu kəsib Hitlerə təqdim edir. Lakin tarixdən məlumdur ki, bu rəmzi şokolad-buruq Hitlerin boğazında ilişib qalır. Hitlerin bu arzusunu ürəyində qoyan, faşistləri Bakının həndəvərinə belə buraxmayan sovet ordusu hissələri içərisində bizim 416-cı milli diviziyanın - Azərbaycanın igid oğullarının əməyi az olmamışdır.

   Müharibə ərəfəsində və müharibə illərində ölkədə yaranmış fövqəladə vəziyyətlə bağlı sovet hökuməti tərəfindən bir sıra qərarlar qəbul edilmişdi. Onlardan birincisi və ən mühümü döyüş gedən ərazilərdən əhalinin və ən vacib obyektlərin ölkənin dərinliklərinə köçürülməsi, arxa cəbhənin ön cəbhəyə köməyinin təşkil olunmasından ibarət idi.

   Bu qərara əsasən, cəbhəyə 1,6 milyon vahiddən artıq zəruri mal və 125 vaqon isti paltar göndərilmişdi. Bakı müəssisələri 1942-ci ilin yayınadək təkcə Leninqrad üçün 2 vaqon kürü, 40 ton meyvə qurusu, habelə dava-dərman və sarğı vasitələri toplayıb yola salmışdı. Stalinqrada, Stavropol və Krasnodar diyarlarına da ərzaq, avadanlıq, pul sarıdan xeyli yardım göstərilmişdir.

   Bu barədə yüz metrlərlə kinoxronika, “Bakı neftçiləri”, “Qardaşlıq köməyi”, “Azərbaycan kolxozçusu, tank briqadası yaradaq!”, “Vətənin qüdrətini möhkəmləndirək” sənədli filmləri çəkilmişdir. O vaxt hökumətin qəbul etdiyi məxfi qərarlar içərisində dəhşətli nəticələr doğura biləcək qərarlar da vardı. Onlardan biri almanların ələ keçirdikləri şəhərlərin partladılması, yəni düşmən üçün əhəmiyyətli olan obyektlərin onların əlinə keçməməsi üçün məhv edilməsi ilə bağlı idi.

   Bakı da məhv ediləcək şəhərlərin siyahısına daxil edilmişdi. “Xalqlar atası” Stalin bu mürəkkəb və ağır işi özünün sadiq əlaltısı, daşnak-kommunist Anastas Mikoyana tapşırmışdı. O, köçürmə işləri üzrə Dövlət Komissiyasının sədri təyin olunmuşdu.

   Ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri apardıqları düşmənçilik siyasəti az bir zamanda burada da özünü göstərdi. Stalinin “xüsusi əməliyyat” planında şəhərlərdəki mühüm hərbi obyektlərin, sənaye müəssisələrinin, fabrik və zavodların minalanıb partladılması nəzərdə tutulmuşdu. Əlinə girəvə düşmüş Mikoyanın planına gəldikdə isə o, Bakıda strateji əhəmiyyətli obyektlərdən başqa, tarixi abidələri, qədim binaları, onun simasını silmək arzusunda idi.

   Hətta Mikoyan bu dəhşətli nəticələrə gətirib çıxara biləcək təxribatçılıq planını o vaxtlar Azərbaycanın rəhbərlərindən gizli saxlamağa çalışırdı. O bilirdi ki, Bakı bu işdən xəbər tutsa, ola bilsin ki, planı həyata keçirməyə imkan verməsin. Bu belə də oldu. Mikoyanın əlaltılarına Bakının cavabı çox qısa idi: “Lazım gələndə şəhəri biz özümüz partladacağıq, sizə ehtiyac yoxdur”. Bununla da Mikoyanın məkrli niyyəti ürəyində qaldı.

   Digər tərəfdən, Hitler nəyin bahasına olursa-olsun Bakını ələ keçirmək üçün gecə-gündüz tədbir tökürdü. O deyirdi: “Əgər Qafqaz nefti ələ keçirilməzsə, Almaniya müharibəni uduzacaq”. Alman zabitləri isə bu fikri bir qədər də dərinləşdirərək deyirdilər: “Müharibə pis işdir. Bakını alsaq müharibənin sonu olacaq, almasaq bizim sonumuz”.

   Sovet rəhbərliyi də yaxşı başa düşürdü ki, Qafqazı əldən verməklə əslində Bakını itirmiş olurdu, Bakı isə Sovet İttifaqının yanacaq bazası idi. Bu bazanı itirmək SSRİ-nin süqutuna aparıb çıxarırdı. Azərbaycan xalqının bu məxfi planlardan, təbii ki, xəbəri yox idi. Bəs xalqımız faşizm üzərində qələbənin qazanılması üçün nə kimi işlər görürdü, hansı tədbirləri həyata keçirirdi?

   Azərbaycan kinematoqrafçılarının çəkdikləri onlarla sənədli və bədii filmdə bu sualların cavabını tapa bilirik.

   “Bakının müdafiəsi uğrunda” sənədli filmi, adından da göründüyü kimi, Bakı ətrafında müdafiə istehkamlarının qurulmasına, dərin xəndəklərin qazılmasına həsr olunmuşdur. Bu ağır işə minlərlə bakılı kişilər və qadınlar cəlb olunurdu. İnsanlar bu işi böyük həvəslə yerinə yetirirdilər. Fasilə zamanı əsgərlərdən ibarət ansambl burada çalışanlara konsert də verirdi. “Bakının müdafiəsi uğrunda” sənədli filmi dövrün dəyərli hərbi kino salnaməsidir.

   “Ordenli Azərbaycan” kinojurnalının 30 və 31-ci nömrələri əsasında 1942-ci il noyabrın 7-də istehsal olunmuş xüsusi buraxılış həm Bakının müdafiəsinə, həm də arxa cəbhəyə köməyinə həsr edilmişdir. Rejissorlardan Q.Braginsinki və N.Bədəlovun bu filminin I hissəsində hava hücumundan müdafiə bölüyü döyüşçülərinin doğma Bakı səmasını qanadlı düşmən quldurlarından necə böyük həssaslıqla qoruduqlarını görürük.

   Həyəcan siqnalı əsgərləri bir anda ayağa qaldırır. Artıq təyyarələr səmaya qalxır. Budur, vurulub yerə salınmış düşmən təyyarəsi. Həmin düşmən təyyarəsinin qalıqlarını gətirib Nizami bağında nümayiş etdirirdilər. Şəhər camaatı axın-axın gəlib təyyarənin qalıqlarına baxır, əsgərlərimizin qəhrəmanlığına görə qürur hissi keçirirdilər.

   O dövrdə bu cür kinosüjetlərin xalq içərisində göstərilməsinin böyük təbliğati əhəmiyyəti vardı. Arxa cəbhədə çalışan zəhmətkeşlər döyüşçülərimizin sərhəddə ayıq-sayıq durub keşik çəkdiklərini görəndə sevinir, onların sabaha ümidləri artır, düşmən üzərində qələbə çalacağımıza əmin olurdular. Ona görə də istirahət nə olduğunu bilmədən “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında yorulmadan işləyirdilər. Və yeri düşdükcə ön cəbhəyə sovqat göndərməyi də unutmurdular.

   Xüsusi buraxılışın II hissəsi elə beləcə də adlanır: “Azərbaycan cəbhəyə”. Bu süjetdə göstərilir ki, Volodarski adına tikiş fabrikinin əməkçi qadınları öz növbələrində çox gərgin, istirahət etmədən işləmələrinə baxmayaraq, işdən sonra qalıb əsgərlər üçün paltar tikirlər. Sonra kinokameranın obyektivi başqa bir ünvana - Maştağaya yönəlir. Burada da kənd əməkçiləri qələbə naminə əllərindən gələni edir, döyüşən orduya bayram hədiyyələri göndərirlər.

   Bütün Azərbaycan ön cəbhədə vuruşan əsgərlər üçün bayram sovqatı hazırlayırdı. Neftçilər də, pambıqçılar da, taxılçılar da, fəhlələr də, kəndlilər də, ziyalılar da - bir sözlə hamı, bütün Azərbaycan əl-ələ verib arxada da, öndə də ümumi düşmənə - Hitler faşizminə qarşı mübarizə aparır, yorulmadan öz işləri ilə böyük Qələbəni yaxınlaşdırırdılar.

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2012.- 22 iyun.- S. 10.