Sənətində paşa sənətkar

 

   Şirvan aşıq məktəbinin ustad balabançılarından biri də İbrahimpaşa Ağayev olmuşdur. Xalqın bu qədim musiqi sənətinə, balaban alətinə vurğun sənətkarı haqqında təəssüf ki, bu günədək geniş məlumat verilməmişdir. Şirvanın tanınmış aşıqlarından Məmmədağa Babayev, Bəylər Qədirov, Qurbanxan Sadıqov, Barat Əhmədov, Şakir Hacıyevlə sənət yoldaşı olmuş bu gözəl el sənətkarını xatırlatmaq, onu yaxından tanıyanların yaddaşını təzələmək, həyat şəcərəsinə və sənət paşalığına baş vurmaq istədim.

  

   İbrahimpaşa Ağayev 1928-ci ildə Sabirabad rayonunun Qaratuğay kəndində anadan olub. Lakin onun uşaqlıq və gənclik illəri Hacıqabul rayonunun Meyniman kəndində keçib. Atası molla Cəbrayıl sovetlər dönəmində «kulak” adlandırılaraq həbs edildikdən sonra balaca İbrahimpaşa anası ilə Meyniman kəndinə gəlmiş və dayısı Muxtar kişinin himayəsində yaşamışdır. Balaban çalmağa da elə uşaqlıqdan həvəs göstərən İbrahimpaşanın uşaqlıq və gənclik dostu Meyniman kənd ağsaqqalı, 83 yaşlı Məşədi Nəsir maraqlı xatirələr söylədi: “İbrahimpaşa ilə demək olar ki, bir yerdə, bir həyətdə böyümüşük. Bir gün kənddə toy idi, biz də baxmağa getmişdik. İbrahimpaşa balabançalanın yanında durub maraq və diqqətlə ona baxırdı. Birdən nə dedisə balabançı aləti gülə-gülə ona uzatdı. Balabanı əlinə alıb diqqətlə ona baxdıqdan sonra sahibinə qaytardı. Biz evə qayıdanda balaban düzəldib çalmağı öyrənəcəyini dedi. İşi-gücü qarğıdan, qamışdan balaban düzəltmək idi. Düzəltdiyi balabanlarda istədiyi səs alınmırdı. Qonşu Axtaçı-Şirvan kəndindən olan Vəli adlı bir qohumu onunçün bir balaban düzəltdi. Qarğı balabanın deşikləri üstündə barmaqlarını gəzdirdikcə yavaş-yavaş bir hava alınırdı. Bax belə İbrahimpaşa balaban çalmağı öyrənməyə başladı. Kənddə bir nəfərdə val oxudan patefon var idi. O hər gün gedib patefonda aşıq havaları oxutdurar, eşitdiyi hər havanı ifa etməyə çalışırdı. Kəndə aşıqlar toya gələndə yaşlı adamlar onu çağırardılar ki, gəlib balaban çalsın. Onun şirin ifası aşıqların da xoşuna gələrdi».

   İbrahimpaşa Ağayev 1951-ci ildə ailə quraraq Əli Bayramlı (indiki Şirvan) şəhərinə gəlir. İzdihamlı şəhər həyatı onun dinləyici-tamaşaçı auditoriyasını da genişləndirir. Burada tanış olduğu Aşıq Qurbanla getdikcə böyük məclislərə, bayram şənliklərinə, musiqili tədbirlərə dəvətlər alır, sorağı ətraf rayonlara yayılır. Şirvan aşıq məktəbinin tanınmış aşıqlarından salyanlı Qurbanxan Sadıqov onu öz kollektivinə dəvət edir və bir müddət birgə çalışırlar.

   Azərbaycanın bölgələrini qarış-qarış gəzmiş şirin səsli şirvanlı xanəndə Xanzalı Babaoğlunun xatirələrindən: «Sənətkarı ilk dəfə 1965-ci ildə doğma rayonumuzda, Sabirabadın Minbaşı kəndində toyda görmüşəm. Toyun aşığı Şakir, balabançısı isə Padar Əlibaba idi. İbrahimpaşanı isə atam Əli müəllim toya dəvət etmişdi. Məclisin gedişində xahiş etdilər ki, o da bir hava ifa etsin. Çalğısını qurtardıqdan sonra Aşıq Şakir Əlibabaya baxıbNəfəsə, şirinliyə bax e, balabanı belə çalarlar » - dedi. Gözəl müşayiəti, uzun nəfəsi şirin çalğısı onu Şakir ilə sənət dostuna çevirdi bu münasibət ömürlərinin axırına qədər davam etdi». Ustad balabançı İbrahimpaşa Ağayevin kiçik oğlu Ağa Yusifin atasının sənətkarlığı haqda xatirələri məhdud olduğundan eşitdiklərindən, bildiklərindən danışdı: “O vaxtlar mən uşaq olmuşam. Onu bilirəm ki, atam Aşıq Şakirlə dost olub, mənim adımı da Şakir əmi qoyub. Evimizə çox aşıq sənətkarlar gəlib. Aşıqlar Birliyinin sədri olmuş şair Hüseyn Arif bizdə olub. Atamın Respublika Sarayında, Aşıqlar Birliyinin tədbirlərində çox çıxışları olub. Hətta qobustanlı aşıq Rza iləBəyin oğurlanmasıfilminə çəkilib”.

   Şirin ifaları ilə el havalarımıza ayrı bir gözəllik bəxş edən sənətkar sənətinin kamillik çağında, 64 yaşında (1992) dünyasını dəyişib. Amma təbii ki, onun sənətkarlıq keyfiyyətləri tanıyanlarının yaddaşında özünə əbədi yurd salıb.

  

 

   Qara Əhmədov,

   Hacıqabul rayonu

 

  Mədəniyyət.- 2012.- 29 iyun.- S. 15.