Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı başa çatdı

 

   İyunun 25-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının təntənəli bağlanış mərasimi oldu. Festival Şuşa Dövlət Musiqili Dram Teatrının “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının premyerası ilə başa çatdı.

  

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov və eləcə də teatr ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 138-ci teatr mövsümünün özünəməxsus, yaddaqalan bir mövsüm olduğunu nəzərə çatdırdı. O, ölkə başçısının sərəncamı ilə bu il 200 illik yubileyi yüksək səviyyəqeyd edilən mütəfəkkirin şərəfinə düzənlənən “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalından söz açdı. Ölkənin əksər teatr kollektivlərinin bu festivalda iştirak etdiklərini vurğulayan nazir bununla da Axundzadə yaradıcılığına yenidən nəzər salındığını, dramaturqun irsinin müasir dövrün nəzər nöqtəsindən təhlil edildiyini və ədibin sənətinin müasir tamaşaçılara yeni tərzdə təqdim edildiyini bildirdi.

   138-ci teatr mövsümünün yekunlarından da söz açan Ə.Qarayev bu il teatrlarda 109 tamaşanın bərpa olunduğunu, bu sənət ocaqlarına onlarla yeni rejissorların, gənc kadrların cəlb edildiyiniqeyd edilən sahə üzrə mütəxəssislərin xaricdə təhsil almalarına imkan yaradıldığını da xatırlatdı. ”Bu ondan xəbər verir ki, Azərbaycan teatrı yaşayır, inkişaf edir”, - deyən nazir əminliklə bildirdi ki, 138-ci mövsümünü başa vuran Azərbaycan teatrı çox böyük nikbinlikilhamla gələcəyə doğru gedir.

   Nazir teatr mövsümünə və Milli Teatr Festivalına Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşası ilə yekun vurulmasına da münasibətini bildirdi: “Azərbaycan teatrının 138-ci mövsümünü Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşası ilə bağlayırıq. Yəqin ki, 139-cu mövsümün açılışını Füzuli Dövlət Dram Teatrında keçirəcəyik. Çünki bizim bir arzumuz var: bu tamaşalar Şuşada, işğal olunmuş digər torpaqlarımızda oynanılsın”.

   Nazir çıxışının sonunda Azərbaycan teatr ailəsinin üzvlərinə fədakar fəaliyyətlərinə görə təşəkkürünü bildirdi, qarşıdakı mövsümdə onlara yeni axtarışlar və bol alqışlar arzuladı.

   Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da çıxış edərək Şuşa teatrına, bütövlükdə Şuşa mədəniyyətinə xüsusi diqqətə görə MədəniyyətTurizm Nazirliyinin rəhbərliyi və əməkdaşlarına şuşalılar, qarabağlılar adından minnətdarlığını bildirdi: Arzu edərdim ki, möhtərəm prezidentimizin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, növbəti teatr mövsümləri Şuşada, Füzulidə, Ağdamda, işğal altında olan bütün torpaqlarımızda açılsın”.

    Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva isə Şuşa əhalisi ilə yanaşı 20 il köçkün həyatı yaşayan Şuşa teatrının zəngin sənət ənənəsindən danışdı.

   Mərasimdə Şuşa Dövlət Musiqili Dram Teatrının bir qrup əməkdaşına Şuşa Rayon İcra Hakimiyyətinin fəxri fərman və pul mükafatları təqdim edildi.  

 

   Bir daha, ancaq bambaşqa “Sərgüzəşti-vəziri-xani-Lənkəran”

  

   Milli teatr tariximizin ilk professional səhnə əsəri olan bu ölməz nümunə 138 illik teatr tariximizdə bir Allah bilir neçənci dəfə səhnədə tamaşaçılarla üz-üzə dayandı. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi “Sərgüzəşti-vəziri-xani-Lənkəran” ilk dəqiqədən son anacan tamaşaçıları nəfəs almağa, göz açmağa qoymadı. Səhnə əsəri yeni biçimdə, yeni formada, dinamik, baxımlı, tamaşaçıda yüksək əhval-ruhiyyə yaradan uğurlu tamaşa kimi yadda qaldı. Quruluşçu rəssam Xalıq Cabbarovun sadə və gözəl səhnə tərtibatı, musiqi tərtibatçısı Orxan Kərimovun incə musiqi seçimi, rəqslərin quruluşçusu Pedram Nazeradlın milli rəqslərlə hadisələrin harmoniyasını yaratmaq bacarığı və ən nəhayət Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının misilsiz ifaları “Sərgüzəşti-vəzri-xani-Lənkəran”ı festivalın ən yaddaqalan tamaşaları səviyyəsinə qaldırdı. Əməkdar artist İqrar Salamovun Vəzir Mirzə Həbib, Püstəxanım Zeynalovanın Ziba xanım, Mətanət Eresin Şölə xanım, Nazir Rüstəmovun Xan, Aybəniz Əhmədovanın Nisə xanım, Rasəf Mehdiyevin Teymur ağa, Azad Məmmədovun Hacı Salah və Xacə Məsud rolları, eləcə də epizodik rollarda iştirak edən hər bir aktyor və aktrisanın ifaları gözəl oyun tərzi, yüksək ustalığı ilə yadda qaldı. Tamaşaçını bir saat iyirmi dəqiqə intizarda saxlayan tamaşa ayaq üstdə alqışlandı.

   Sonda görkəmli dramaturq Əli Əmirli çıxış edərək “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının yüksək səviyyədə başa çatması münasibəti ilə teatr ictimaiyyətini təbrik etdi, M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi diplomu və Mirzə Fətəli Axundzadənin nəfis portreti əks olunan hədiyyəni Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradova təqdim etdi.

   Beləliklə, “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı milli teatr tariximizə daha bir tarix yazdı.

  

 

   T.Vahid

 

   Mədəniyyət.- 2012.- 29 iyun.- S. 4.