Naxçıvanda beynəlxalq rəsm festivalı

 

  Ötən həftə Naxçıvan şəhərində başlayan rəssamların Beynəlxalq Rəsm Festivalı öz işini tamamladı. Yaranmış ənənə üzrə Naxçıvan Muxtar Respublikasında hər yeni il başlayarkən həyata keçiriləcək tədbirlərin xarakterinə uyğun olaraq konkret məqsədlər də müəyyənləşdirilir.

  

   2012-ci ildə milli-mənəvi dəyərlər sahəsində tədbirlərə diqqət artırılacağı, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdə başlanılmış tədbirlərin daha geniş miqyasda davam etdiriləcəyi önə çəkilib. Elə üç gün ərzində sənət adamları ilə yanaşı, şəhər əhalisinin maraq dairəsində olan bu tədbirin yüksək səviyyədə təşkil olunması da göstərdi ki, respublikada milli-mənəvi dəyərlərin cəmiyyətin inkişafındakı önəmli roluna xüsusi əhəmiyyət verilir.

   Qədim diyarın həm də dünya incəsənəti xəzinəsinə verdiyi əvəzsiz töhfələrə rəğmən festivalın “Naxçıvan-bəşəriyyətin beşiyi” adlandırılması da məntiqli səslənirdi. Əsas tədbirlərin Əcəmi Naxçıvani təxəyyülünün bənzərsiz ifadəsi olan Mömünə xatun türbəsinin qarşısındakı “Açıq səma altında muzeyin ərazisində keçirilməsi də dünyanın müxtəlif ölkələrindən bura gəlmiş sənət adamlarının şərəfli tarixi keçmişimizlə təmas yaratmaq, onun unikal abidələri ilə yaxından tanışlıq məqsədi daşıyırdı.

   Festivalın ilk günü rəssam və sənətşünaslar Naxçıvanın müxtəlif muzeylərində oldular, tarixi yerləri ziyarət etdilər. Heydər Əliyev və Xalça muzeyləri, Naxçıvan Dövlət Rəsm Qalereyası, Xan sarayı, Qədim musiqi alətləri mərkəzi, Nuh türbəsi, Əshabi-kəhf və məşhur Duzdağla tanışlıq qonaqlarda zəngin təəssürat yaratdı. Ertəsi gün keçirilən tədbirin təntənəli açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli və Əməkdar rəssam Eldar Qurbanov çıxış edərək görkəmli fırça ustası Bəhruz Kəngərlinin vətənində keçirilən tədbirin əhəmiyyətindən danışdılar. Sonra bura toplaşanlar yerli musiqi kollektivlərinin çox maraqlı konsert proqramına şahidlik etdilər. Bundan sonra festivalın yaradıcılıq hissəsinə start verildi. Türkiyə, Rusiya, Azərbaycan və Filippindən gəlmiş fırça ustaları yerli rəssamlarla birlikdə “Açıq səma altında muzeyin daş abidələrlə zəngin ərazisini yaradıcılıq emalatxanasına çevirdilər. Əksəriyyəti Naxçıvanı ilk dəfə görən sənət adamları qədim diyardan aldıqları təəssüratı gün ərzində elə tamaşaçıların gözü qarşısında kətan üzərinə köçürdülər. Festivalın üçüncü günü isə çəkilmiş əsərlərə baxış keçiriləndə tamaşaçılar əcnəbi rəssamların vaxtın çox qısalığına baxmayaraq, bu yerlərin səciyyəvi xüsusiyyətlərini duyub kətanda əks etdirmələrini yüksək dəyərləndirdilər. Festivalın bağlanış mərasimində tədbir iştirakçılarına sertifikat və qiymətli hədiyyələr təqdim olundu. Yüksək səviyyədə təşkil olunan tədbir Rəssamlar Birliyində yerli yaradıcıların əsərlərinə baxış və Naxçıvan Dövlət Universitetində təşkil olunan gənc rəssamların sərgisi və konsertlə tamamlandı.

  

 

   Ziyadxan Əliyev,

   Əməkdar incəsənət xadimi

 

  Mədəniyyət.- 2012.- 29 iyun.- S. 5.