Təsviri incəsənətimizin ilk realist rəssamı

 

   XIX əsrin ikinci yarısında Azərbaycan təsviri incəsənətində yeni dövr açılır. Şərti dekorativ üslubdan yeni - realist sənətə keçid baş verir. Bu, ilk realist rəssamımız Mirzə Qədim İrəvaninin yaradıcılığında öz əksini tapır...

  

   Mirzə Qədim 1825-ci ildə qədim İrəvan şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Atası Məhəmmədhüseyn mütərəqqi fikirli bir sənətkar olub, övladlarının təlim-tərbiyəsinə ciddi fikir verir. Mirzə Qədim şəhərdə yeni açılan “Üsuli-cədid” məktəbində oxuyur. Sonra atası təhsilini davam etdirmək məqsədilə onu Tiflisə göndərir. Orada gimnaziya təhsili alır. Təhsilini başa vurduqdan sonra İrəvana dönür.

   O, yaradıcılığının ilk dövrlərində dekorativ sənət sahəsində çalışır. Əsasən divar rəsmləri, bədii tikmələr üçün rəsm və trafaretlər çəkir. Qızılgül, zanbaq və digər çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib edir. Mütəxəssislər qeyd edirlər ki, Mirzə Qədim İrəvaninin bu əsərləri klassik miniatür boyakarlığından çox fərqlənir. Ona görə də belə qənaətə gəlmək olur ki, rəssam yaradıcılığının erkən çağlarından Avropa boyakarlığına böyük maraq göstərib. O həmin dövrdə kağız, şüşə və güzgü üzərində bir neçə portret çəkib. Bu əsərlər arasında “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri xüsusilə seçilir.

   Azərbaycan təsviri sənətinin orta əsr sənətinə xas olan şərti dekorativ üslubdan tədricən realist təsvir metoduna keçməsi yeni bədii forma, yeni növ və janrlarla zənginləşməsi ilə xarakterizə olunur. Bu yeni keyfiyyət də əsasən saray və imarətlərin daxili tərtibatında təcəssüm olunur, ov, döyüş, məişət səhnələri, portret səciyyəli təsvirlərdən ibarət divar boyakarlığında, həm də müxtəlif məzmunlu əlyazmalara və litoqrafiya üsulu ilə çap edilən kitablara çəkilmiş illüstrasiyalarda özünü göstərirdi. Bu dövrdə yaranmış təsviri sənətin səciyyəvi üslub xüsusiyyətləri Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi dövrün görkəmli rəssamları və xalq ustalarının yaradıcılığında qabarıq şəkildə öz əksini tapıb. Mirzə Qədim İrəvani yaradıcılığının təkmilləşmə mərhələsi də həmin illərə təsadüf edib.

   O, bir gün İrəvan sərdarı Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini bərpa etmək dəvəti alır. Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa edir. Eyni zamanda bir neçə tarixi şəxsiyyətlərin portret təsvirlərini çəkir. Həmin əsərlər arasında tamaşaçıların və mütəxəssislərin diqqətini ən çox Fətəli şah Qacar, şahzadə Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın portretləri cəlb edib. Təəssüf ki, Azərbaycan bədii sənətinin yüksək səviyyəsini, həmçinin irəvanlı azərbaycanlılara məxsus olduğunu sübut edən Sərdar sarayı məhv edilib. Təkcə iki portret (Fətəli şah və Abbas Mirzənin) divardan çıxarılaraq Tiflisə aparılıb. Hazırda bu əsərlər Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.

   Mirzə Qədim İrəvaninin yaradıcılığının ən məhsuldar dövrü 1860-1870-ci illərə təsadüf edib. Rəssamın mövcud olan ən qiymətli əsərləri məhz bu illərdə yaranıb. Onun "Oturmuş qadın", "Vəcihulla Mirzə", "Şah Tələt" (hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Molla", "Gənc qadın", "Fətəli şah", "Abbas Mirzə", "Naməlum qadın" (Azərbaycan Milli İncəsənət Muzeyi) və s. başqa portretlər rəssamın bu dövrdəki yaradıcılıq uğurlarını əks etdirir.

   Bu əsərlərdə zərif ifadəlilik, lokal və parlaq rənglərin düzümü, koloritin zənginliyi və başqa üslub xüsusiyyətləri klassik Şərq miniatür sənətinin gözəl ənənələrini əks etdirib. Rəssamın qadın portretləri xüsusi səciyyəsi ilə nəzərə çarpır. Onlar kompozisiyası, koloriti, fiqurların duruşu və hərəkəti, geyimi, libasları, ornament bəzəyi və s. cəhətdən bir-birinə çox oxşayır. Lakin obrazların bədii həllinə, fərdi əlamət və ifadəliliyinə görə onlar əsaslı surətdə bir-birindən fərqlənirlər. Mütəxəssislərin fikrincə, Mirzə Qədim İrəvaninin "Oturmuş qadın" portreti təkcə Azərbaycanda deyil, ümumiyyətlə, XIX əsr Orta Şərq rəssamlığında ideal qadın gözəlliyini əks etdirən ən görkəmli əsərlərdən biridir. Əsərdə yerə salınmış bəzəkli xalça üzərində bir qədər ədalı şəkildə oturmuş gənc və məlahətli bir qadın təsvir edilib.

   Mirzə Qədim İrəvani xalq sənətini dərindən bilən, əsərlərində bu tükənməz sərvətin gözəl ənənələrindən bacarıqla istifadə edən mahir ornamentalist rəssam olub. Əsərlərində döşəməyə salınmış xalça, mürəkkəb naxışlı şəbəkə, adamların geyimi və ev əşyasının üzərində çəkdiyi müxtəlif biçimli ornament bəzəkləri bunu bir daha sübut edir. Beləliklə, o, təkrarsız yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində dönüş edir. Təsviri incəsənətdə yeni bir dövrün əsasını qoyur. Təəssüf ki, bu görkəmli sənətkarın ömür yolu çox qısa olub. Ömrünün və yaradıcılığının ən coşqun çağlarında, 1875-ci ildə İrəvan şəhərində vəfat edib.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 1 iyun.- S. 15.