“Əsl yaradıcılıq olarsa, onun ardınca hər şey özü gələcək”

 

   Anar Yusifov: “Qızıl skripka” şousunun məqsədi klassik musiqini estrada musiqisinə alışmış dinləyici auditoriyasına çatdırmaqdır”

  

   «Musiqi təkcə onu əhatə edən adamlara yox, həm də hər kəsdən əvvəl, ifaçının özünə sevinc gətirən heyrətamiz yaradıcılıq prosesidir. Sən insanlara gözəllik bəxş etməyi bacardığın üçün və onlara öz uğursuzluqlarını, problemlərini bir anlığa da olsa, unutdura bildiyin üçün xoşbəxtsən».

  

   Təəssüf ki, sənətinə sonsuz məhəbbət və ehtiramla yanaşan, onu dinləyəcək hər kəs qarşısında məsuliyyət hissini heç zaman unutmayan bu fikrin sahibini, soydaşımız Anar Yusifovu Azərbaycan musiqisevərləri bir qədər gec tanıdılar.

   Əslində buna təəssüflənmək də olar, bir qədər qürurlanmaq da. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra ali təhsil almaq üçün dünyanın ən yaxşı skripkaçılarının yetişdiyi Rusiyaya gedən Anar bu ölkədə kifayət qədər tanındıqdan, bir neçə xarici ölkəyə qastrola çıxdıqdan sonra bu ilin martında ilk dəfə Vətəndə, Bakıda çıxış etdi. Anar Yusifov «Zvezdnıy ekspress» rəqs teatrıyla birlikdə hazırladığı «Qızıl skripka» şousu ilə doğma şəhərdə iki möhtəşəm konsert verdi.

   Xoşbəxtlikdən həmin konserti canlı olaraq mən də dinlədim. Və yüzlərlə tamaşaçı kimi mən də soydaşımızın virtuoz ifası ilə qürur duydum.

   Anar skripka sinfində anasının istəyi ilə oxuyub. Deyir ki, o vaxt Natiq Nuriyev çox məşhur idi. Skripka musiqisini çox sevən anası istəyirdi ki, o da böyüyəndə Natiq kimi skripkaçı olsun: “Beləcə, 10 yaşımda musiqi ilə məşğul olmağa başlamışam”.

   - Deyəsən, bir qədər gecikmişdiniz...

   - Elə müəllimlərin çoxu belə düşünürdü. 16 saylı musiqi məktəbində 3 il oxuyandan sonra məni Bülbül adına orta ixtisas musiqi məktəbinə keçirdilər. Orada görkəmli pedaqoq, Azərbaycanın Xalq artisti Azad Əliyevin sinfində oxudum. Rəhmətlik Azad müəllim virtuoz ifaçı və gözəl müəllim idi. Məktəbi bitirəndən sonra qərara aldım ki, təhsilimi Rusiyada davam etdirim.

   Anar 1994-cü ildə S.V.Raxmaninov adına Rostov Dövlət Konservatoriyasında Rusiyanın Əməkdar incəsənət xadimi, professor S.B.Kutsovskinin kursuna daxil olur. XX əsrdə neçə-neçə görkəmli skripkaçını dünya musiqisinə bəxş etmiş Rusiya skripka məktəbinin sağlam ənənələri onun öz biliyini dərinləşdirməsinə imkan verir, skripkaya məhəbbətini artırır.

   - Konservatoriya klassik ifaçılıq məktəbidir. Amma siz tamam fərqli ifa tərzini seçmisiniz. Məncə, XXI əsrdə, mədəni istirahət seçiminin bol, maraq dairəsinin geniş olduğu bir zamanda klassik musiqini geniş kütləyə sevdirməyin başqa yolu yoxdur...

   - Konservatoriyanı bitirəndən sonra xeyli düşündüm. O qədər yaxşı təhsil almış gözəl musiqiçi var, amma seçilə bilmirlər. Gizlətmirəm, klassik musiqini populyarlaşdırmağın, onu əsl şou kimi təqdim etmək istəyimin maliyyə tərəfi də var idi. Fikirləşirdim ki, orkestrdə ifa etməklə özümü, ailəmi necə dolandıra bilərəm? «Qızıl skripka» şousu bir gündə yaranmayıb. Tamaşaçıların çox bəyəndiyi bu şou səhvlər, yanlışlıqlar, tapıntılar, itkilər bahasına formalaşıb. Anlayırdım ki, əgər əsl yaradıcılıq olarsa, onun ardınca hər şey özü gələcək. «Qızıl skripka» şousunun məqsədi klassik musiqini estrada musiqisinə alışmış geniş dinləyici auditoriyasına çatdırmaqdır. Dünya çox dəyişib, insanlar klassik musiqini daha asan tərzdə qavramaq istəyir, klassik musiqini təkcə dinləmək yox, həm də ona tamaşa etmək istəyirlər.

   Soydaşımız artıq dörd ildir ki, «Qızıl skripka» adlı unikal musiqi layihəsi ilə Rusiyada və neçə-neçə xarici ölkədə çıxış edir. Beynəlxalq miqyaslı müsabiqələrin diplomantı Anar Yusifovun ifa tərzi klassik skripka ifaçılarının çalğı üslubundan xeyli fərqlənir. O, Rusiyada ilk dəfə simli alətin canlı ifası ilə rəqsi birlikdə təqdim edən şounun yaradıcısıdır. «Qızıl skripka» - klassik ənənələrlə yeni şou texnologiyalarını özündə birləşdirir. Əslində bugünkü müasir dinləyicinin qəlbinə emosional təsir göstərməyin ən doğru yolu da elə budur. Rusiyalı musiqişünaslar Anarın ifa tərzini məşhur skripkaçı Vanessa Meyin ifası ilə müqayisə edirlər. Amma o öz sənət dəst-xəttini dəqiq müəyyən etmiş ifaçıdır. Anar Yusifovun çalğısına onu başqa ifaçılardan fərqləndirən şirinlik, pozitiv yaşantılar daha çox xasdır. «Qızıl skripka» şousunda özünün yaratdığı «Anarxiya» simli şou-kvarteti və məşhur «Zvezdnıy ekspress» rəqs teatrının kollektivi ilə birlikdə çıxış edir.

   - Ştraus, Vivaldi, Motsart, Paqanini, Albinioni, Doqa... Bu bəstəkarların hamısı skripka üçün əsərlər bəsləyiblər. Amma siz bu şouda skripka üçün yazılmamış əsərləri ifa edirsiniz. Məsələn, latino üslubunu, ümumiyyətlə, zərb alətləri olmadan təsəvvür etmək çətindir...

   - Hər hansı bir əsəri skripka üçün yazıldığına görə yox, onu ifa etmək istəyimə görə seçirəm. Əgər əsər xoşuma gəlirsə, mən onu mütləq ifa edəcəyəm. Onu skripka üçün özüm işləyirəm, özüm uyğunlaşdırıb hazırlayıram. Tamaşaçılar da bizim həmin əsərləri necə təqdim etməyimizi bəyənirlər. İstəyirəm ki, «Qızıl skripka» şousunun tamaşaçıları konsertimizdən sonra özləri ilə xoş duyğular, pozitiv hisslər aparsınlar.

  

 

   Gülcahan Mirməmməd

 

   Mədəniyyət.- 2012.- 1 iyun.- S. 12.