Bölgələrdə Novruz şənlikləri

 

   Yurdumuzun bölgələrində Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir. Kürdəmirdəki Heydər Əliyev parkında geniş bayram tədbiri keçirilib.

  

   Bayram münasibətilə rayon Rəsm Qalereyasında məktəblilərin əl işlərindən ibarət sərgi təşkil edilib. Kürdəmir rayon MKS-də isə “Yurdumuza bahar dəlir” adlı ədəbi-bədii gecə keçirilib. N.Nərimanov adına mədəniyyət evində və uşaq incəsənət məktəbində konsert proqramları təqdim olunub. “Kür”, “Nur” instrumental ansambllarının, uşaq rəqs kollektivinin çıxışları bayram şənliklərinə rəng qatıb.

 

   * * *

 

   Biləsuvar rayonu ərazisində məskunlaşmış cəbrayıllılar Novruzun gəlişini bayram sevinci ilə qeyd ediblər. 4 nömrəli qəsəbə klubunun qarşısında keçirilən mərasimdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev iştirak edərək rayon sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Mərasim iştirakçıları rayonun özünəməxsus məşğuliyyəti, qədim adət və ənənələri, xalq tətbiqi sənəti nümunələri, mətbəxi, Novruz şirniyyatı, bayram geyimləri, baharın gəlişini əks etdirən sərgilərlə tanış olublar. Rayonun tanınmış müğənniləri Şamil Əhmədov, İldırım Məmmədov, Vüsal Zamanov və başqalarının, rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin və idmançıların çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.

 

   * * *

 

   Bahar bayramı Füzuli rayonunda böyük sevinclə qeyd edilib. Horadiz Olimpiya İdman Kompleksində keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclisin deputatı Aqil Abbas sakinləri Novruz bayramı münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişlər. Bayram tədbirində Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Rayonun incəsənət ustaları, xor kollektivi rəngarəng konsert proqramı təqdim edib.

 

 

  Mədəniyyət.- 2012.- 20 mart.- S. 6.