Sənətinin fədaisi

 

   Həsən Əbluc - 70

  

   O, sözün əsl mənasında, sənətinin Məcnunu idi. İstər aktyor, istər bədii-qiraət ustası, istər rejissor, istərsə də müəllim kimi...

  

   Aprelin 30-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar artist Həsən Əblucun (1942-1994) 70 illik yubileyinə həsr olunmuş gecə keçirildi.

 

   Gecənin aparıcıları Xalq artisti Həmidə Ömərova və Əməkdar artist Azad Şükürov Həsən Əblucun çoxşaxəli yaradıcılığından söz açdılar, onu özünəməxsus aktyor, qiraət ustası, istedadlı rejissor, böyük müəllim kimi yad etdilər. Əməkdar artist Azər Mirzəyev Həsən Əblucun yaradıcılığından danışaraq onun Milli Dram Teatrında tamaşaya qoyduğu “Anamın kitabı” tamaşasını yüksək dəyərləndirdi.

   Xalq artisti Rafiq Əzimov Həsən Əblucun sənət fədaisi, sənətinin Məcnunu olduğunu dilə gətirdi. OnunEzopda oynadığı Ezop, “Toyda Şeyda, “Torpağa sancılan qılınc”da Dədə Qorqud rollarının milli teatr tariximizdə iz qoyduğunu dedi. Şuşa Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov Həsən Əblucu həssas, kövrək, böyük qəlb sahibi olan insan, dəyərli ziyalı kimi xatırladı. Uzun illər səhnədə, radioda, dublyaj sahəsində Həsən Əblucla tərəf-müqabil olan Xalq artisti Əminə Yusifqızı unudulmaz sənətkarın yüksək insani keyfiyyətlərindən söz açdı. “İncəsənət insanları ölmür” - deyən Əminə Yusifqızı sənət dostunu Şeksprin sonetləri ilə yad etdi.

   Xalq artisti Yasin Qarayev, Azərbaycan Radiosunun ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı sənətinin fövqündə dayanan sənətkarı aktyor, rejissor, əvəzsiz qiraət ustası olmaqla yanaşı, gözəl əsərlər yazan yaradıcı bir insan kimi də xatırladı. Radioda hər həftə Həsən Əblucun səsi ilə lentə alınmış şeirlərin, qəzəllərin səsləndirildiyini bildirdi. Xalq artisti Tariyel Qasımov əziz dostunu kövrək xatirələrlə yad etdi. Şahmar Ələkbərov, Həsən Əbluc və Tariyel Qasımov dostluğunun əbədi bir dostluğa çevrildiyindən söz açdı.

   Gecədə iştirak edən Həsən Əblucun tələbələri əvəzsiz müəllimlərini bir universitet, akademiya hesab etdiklərini bildirdilər.

   Tədbirdə Həsən Əblucun həyat yoluna da nəzər salındı. Xatırlandı ki, 1942-ci ildə Təbrizdə anadan olan Həsən Əbluc 1946-cı ilin məlum hadisələrindən sonra vətəndən ayrı düşmüş, 46 il Təbriz həsrəti ilə yaşamışdı. Bu həsrətə yalnız 1992-ci ildə son qoyulmuş, böyük sənətkar Təbrizə getmişdi.

   Gecə boyu Həsən Əblucun ifasında lentə alınan şeirlər, qəzəllər dinlənildi, istedadlı aktyorun oynadığı tamaşalardan, filmlərdən və özünün çəkdiyi ekran əsərlərindən fraqmentlər nümayiş olundu. “Savalanmusiqi qrupunun rəhbəri, xanəndə Novruz Novruzlu, Xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi Baba Salahov adına xalq çalğı alətləri ansamblının ifasında gözəl musiqilər səsləndirildi.

   Sonda Əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əbluc qardaşının ailəsi adından gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 2 may.- S. 6.