“Muzeylərin
idarə edilməsi və inkişafı”
Bakıda və Naxçıvanda amerikalı mütəxəssislərin
iştirakı ilə seminar-treninqlər keçirilib
ABŞ-ın Smitsonian İnstitutunun Asiya Mədəniyyət
Tarixi Muzeyinin direktoru, Antropologiya şöbəsinin Asiya,
Avropa və Orta Şərq Etnologiyası üzrə kuratoru
Dr. Pol Maykl Teylor və onun üç həmkarı Azərbaycanda
səfərdə olub.
Amerikalı mütəxəssislər
Muzey Mərkəzində Bakı şəhərində və
regionlarda yerləşən muzeylərin rəhbərləri və
əməkdaşları üçün seminar-treninq
keçiblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin
dəstəyi ilə gerçəkləşən tədbirlərdə
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Muzey
işi sektorunun məsul işçiləri, ABŞ səfirliyinin
əməkdaşları iştirak ediblər.
Seminar-treninqdə müasir Amerika
muzeylərinin fəaliyyəti, müasir menecment, muzey
toplularının qorunması, muzey işçiləri
arasında əlaqələrin möhkəmləndirilməsi,
beynəlxalq təcrübənin yerlərdə tətbiqi,
açıq kommunikasiya sahəsinin formalaşması, mədəni
turizmin inkişafı və s. mövzularda
çıxışlar dinlənilib. Tədbir
iştirakçılarına Smitsonian İnstitutunun
sertifikatları təqdim edilib.
Naxçıvana səfər edən
mütəxəssislər burada fəaliyyət göstərən
muzeylərin rəhbərlərinin iştirakı ilə
treninqlər təşkil ediblər. Nümayəndələr
Naxçıvanda bir sıra muzey və qoruqlarla, habelə
Naxçıvanda Pensilvaniya Universitetinin arxeoloqlarının
apardıqları qazıntı ərazisi ilə də
tanış olublar.
Onlar həmçinin Bakıda Milli
İncəsənət Muzeyində, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində, “Atəşgah” məbədində, İçərişəhər
qoruğunda olublar, Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin ekspozisiyasına baxıblar.
Qonaqlar mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul
ediliblər.
Mədəniyyət.-
2012.- 2 may.- S. 3.