Azərbaycan Prodüserlər Gildiyası yaradıldı

 

   Mayın 1-də “Nizami” Kino Mərkəzində “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin təsis yığıncağı keçirildi.

  

   Toplantıda çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Prodüserlər Gildiyasının yaradılmasını milli kinomuzun gələcək inkişafına töhfə verəcək vacib addım kimi qiymətləndirdi. Yığıncaqda “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin Nizamnaməsi qəbul olundu.

   Sonra Prodüserlər Gildiyasının beş nəfərdən ibarət (Müşfiq Hətəmov, Nəriman Məmmədov, Xaqani Həşimov, İlqar Nəcəf, Vüsal Abbasov) İdarə Heyəti, habelə yeni qurumun təftiş komissiyası seçildi.

   Daha sonra qurumun idarə heyəti üzvlərinin yekdil qərarı ilə Müşfiq Hətəmov Azərbaycan Prodüserlər Gildiyasının sədri seçildi.

   “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin təsisçiləri aşağıdakı şirkətlərdir: C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Salnamə” studiyası, “Ritm Production”, “Butafilm” MMC, “Cinema PRO” MMC, “Bizim Kino” prodüser mərkəzi, “Nərimanfilm” kino şirkəti, “Nurfilm” MMC, “M cinema” MMC, “Yaddaş” studiyası, “215 KL” studiyası, “EXA Production”, “Ultra Production”, “Cinema evi” prodüser mərkəzi.

   Gildiyanın yaradılmasının əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsidir.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 4 may.- S. 2.