Xoşbəxtlik ömür boyu səni sevənlərin əhatəsində olmaqdır

 

   Görkəmli sənətkar Ələddin Abbasovun 90 illik yubileyinə

  

   Bizə bəxş olunan ən şirin nemət elə həyatın özüdür. İnsan yaşadığı ömrü öz istedadı ilə işıqlandıranda zamanın da ona ən böyük töhfəsi yaddaşlarda, qəlblərdə yaşatması olur. Tanınmış teatr və kino aktyoru, bənzərsiz rollar ifaçısı Ələddin Abbasov da istedadı, peşəkar yaradıcılığı ilə tamaşaçıların sevimlisinə çevrilən sənətkarlarımızdandır.

  

   Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncədə anadan olub. Yeniyetmə vaxtlarından sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirir. İkiillik teatr təhsili almaqla yanaşı, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu teatrla bağlayıb.

   Aktyor Gəncə Dövlət Dram Teatrında xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və başqa unudulmaz sənətkarlarla birgə çalışıb. Məzmunlu yaradıcılığı ilə teatrın repertuarını zənginləşdirib, 200-dən artıq müxtəlif xarakterli obrazlar yaradıb.

   Aktyorun özünün dediyinə görə, sənətə gəlməyi o qədər də asan olmayıb. “Ən böyük tərbiyəçi çətinlikdir” deyirlər. Bəlkə də Ələddin müəllim arzusunda olduğu sənətə çətinliklə qovuşduğu üçün hər ifasında onun qədir-qiymətini yaxşı bilib və bu zəhmətin müqabilində hər dəfə gur tamaşaçı alqışları qazanıb.

   İfalar, rollar aktyorları yaşatdıqca ucaldır, onlara şöhrət gətirir, əbədiləşdirir. Ələddin Abbasov ailədə böyüyən beş qardaş və iki bacının sonbeşiyi idi. Həkim, müəllim və başqa peşələrə yiyələnən bacı-qardaşları içərisində aktyorluq sənətinə sahib çıxan yalnız o oldu. Teatr adı gələndə əsəbiləşən Aslan bəy ağlına belə gətirməzdi ki, oğlu da nə vaxtsa səhnəyə çıxıb aktyorluq edəcək. Dövrünün reallıqlarından rəngarəngliyi, cəlbediciliyi ilə tamamilə seçilən teatrı bütün varlığı ilə sevən gənc atasının narazılığına baxmayaraq, həsrətlə sarıldığı səhnəni heç vaxt tərk etmədi. Oğlunu səhnədən, qeyri-ciddi hesab etdiyi sənətindən ayıra bilməyən ata elə köhnə kişilərə xas olan tərzdə də xeyir-duasını verdi: “Aktyor olursan ol, amma qapı ağzında nizə tutanından olma, yaxşısından ol!”. Görünür şəxsiyyətini məsləyində təsdiqləyən, sənət anlayışını asanlıqla dəyərləndirən bu sözlər sonralar sənət meydanında seçilən aktyorun həyat yolunu işıqlandıran ən doğru istiqamət oldu.

   Ələddin Abbasov oynadığı müxtəlif xarakterli dramatik və komik rolların öhdəsindən həmişə bacarıqla gəldi. Peşəsində amplua anlayışı olmayan aktyor əyalət teatrları içərisində repertuar zənginliyi və peşəkar aktyor məktəbi ilə seçilən Gəncə Dram Teatrının təşəkkülündə də mühüm rol oynadı. Onun səhnəyə yaraşan xarici görünüşü, xarakterik siması, şaqraq səsi lirik-psixoloji tamaşalara uğur qazandırır, seyrçini tamaşa zalını yarımçıq tərk etməməyə, maraq dolu baxışlarla onu sona qədər izləməyə məcbur edirdi. Aktyorun təqdim etdiyi real səhnə personajları hər ifada qəlbləri riqqətə gətirir, tamaşaçının müasirinə çevrilir, onlarda ideya-estetik zövq yaradırdı.

   O, teatr yaradıcılığında daha çox görkəmli dramaturq Cəfər Cabbarlının əsərlərinin baş qəhrəmanlarını oynayıb. Aktyor övladlarına da sevdiyi əsərlərin səhnə qəhrəmanlarının adını verib: Aydın və Oqtay. Ancaq onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə yaratdığı yaddaqalan rollarının adlarını bu gün də sevgi və qürur hissi ilə övladlarına bəxş edən onlarla ailə var: Cahandar ağa (“Dəli Kür”, H.Seyidzadə), İmran (“Mən ki, gözəl deyildim”, T.Tağızadə, A.Quliyev), Göyüş (”Qatır Məmməd”, R.Ocaqov) və s.

   Ələddin Abbasov 22 filmdə çəkilib. Kinoda debüt işi görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi “Koroğlu” (1960) filmidir. Aktyor filmdə oynadığı səfir rolunu yaddaqalan formada təqdim edib. Rejissorun rol bölgüsündə apardığı düzgün seçim sayəsində bu filmdə epizod rollar belə diqqət çəkir, onların hadisələrdəki mövqeyi düzgün bildirilir.

   Teatrda qismətinə düşən müxtəlif xarakterli rolların öhdəsindən bacarıqla gələn sənətkar Azərbaycan kinosunda yalnız dramatik rollar yaradıb. Bunun səbəbini o özünün də həyatda ciddi xarakterli bir insan olması ilə əlaqələndirir. Aktyorun ekranda obrazın “mən”ini təsdiqləyən dolğun yaradıcılığı, qətiyyətli xarici görünüşü bəzən rolların epizod olmasını belə unutdurur. Məsələn, “Mən ki, gözəl deyildim” filminin ilk kadrlarında Səidənin atasını (İmran) cəbhəyə yola saldığını və bir neçə dəfə onun məktubları ilə dərdləşdiyini görürük. II Dünya müharibəsi illərində arxa cəbhədə olan insanların həyatından bəhs edən filmdə biz qəddini dik tutub elini-obasını, əzizlərini düşməndən xilas etmək üçün cəbhəyə tələsən azərbaycanlı kişisinin məğrurluğunu görür, ön cəbhədə vuruşan azərbaycanlıların şücaətini onun məktubları vasitəsilə öyrənirik. Bir kadrda hadisələrə dəqiq münasibətini bildirən bu obraz tamaşaçının oxunan məktublara diqqət kəsilməsinə, filmin aparıcı qüvvəsi kimi pesonajı sevməsinə, rejissor ideyasını asanlıqla dərk etməsinə imkan yaradır. Bu rol kiçik olsa da, peşəkar aktyorun yaratdığı nakam ata obrazının nisgili film boyu tamaşaçını müharibənin qəddar qanunlarına nifrət etdirir, vətəninə layiqli insan kimi milyonlara örnək olur.

   Aktyorun “Torpaq. Dəniz. Od. Səma” filmində yaratdığı Əli obrazı da halal zəhməti ilə yaşayan, ətrafındakılara, övladına həyatını düzgün istiqamətləndirməsi üçün örnək ola bilən qətiyyətli bir personajdır. Əlinin hadisələri düzgün şərh etməsi, nəticə çıxarması oğlunun da cəmiyyətin sağlam sakini kimi yetişməsinə səbəb olur.

   Ümumiyyətlə, aktyorun kino yaradıcılığı hadisələrin real şərhinə görə filmlərin mövzusunun sosial təsir gücünü qüvvətləndirir, ekran əsərlərinə baxımlılıq gətirir.

   Teatr aktyorlarının dəqiq peşə yönümünü, aktyor texnikasının bilicisi olduqlarını kinorejissorlar yaxşı bilirlər. Buna görə də filmlərinə teatr aktyorlarını da həvəslə dəvət edirlər.

   Azərbaycan kinosunda ciddi və məhsuldar yaradıcılığı olan Hüseyn Seyidzadə görkəmli yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkdiyi “Dəli Kür” (1969) filmində Ələddin Abbasovu baş rola çəkməklə Cahandar ağa obrazını minlərlə tamaşaçının yaddaşında bütləşdirmiş oldu. XX əsrin əvvəllərində azadlıq şüurunun formalaşmasından söhbət açan bu filmdə Cahandar ağa personajı əsərin realist məzmununu açan, hər zaman üçün aktual olan mövzunun düşündürücülüyünü təmin edən bir obrazdır. Aktyorun ifasında prototipin fərdi xüsusiyyətləri peşəkarlıqla, obrazın “mən”inə zərər gətirmədən cilalanıb.

   Cahandar ağa elini-obasını, ailəsini sevən, bir qarış torpağını belə yadellilərə verməyən qürurlu ağa, eyni zamanda başqasının övrətini evinə gətirməklə ailədə təzadlı situasiyalar yaradan ər, oğlunun təhsil alması üçün o qədər də narahat olmayan bir atadır. O, güclü xarakteri, zəhmli görünüşü, daxilində cəhalətə göz yumduğunu gizlədən, bunun qurbanına çevrilən insanların (bacısı Şahnigarın) ölümünə asanlıqla fərman verən soyuqqanlı bir bəydir. Cahil cəmiyyətdən uzaq olmağın yolunu təhsildə yox, əlisilahlı qorunmaqda görür. Sonda Cahandar ağa yenilməzliyi ilə ölümün üzünə dik baxan mərd azərbaycanlı kişisinin simvolu kimi yadda qalır. Onun meydanda tək vuruşmağının səbəbini isə mövhumatçılığın nəticəsi kimi də qəbul etmək olar. Deməli, ətrafında olan dəliqanlı gənclərin maariflənməsinə qapı-qapı gəzib təhsil verən Çernyayevskilər (aktyor Vyaçeslav Kovalkov) yox, Cahandar ağa kömək etməli, onları ətrafına toplamalı, torpağına soxulan rus kazakına (aktyor Yusif Vəliyev) hərtərəfli üstünlüklərini sübut etməliydi. Ələddin Abbasov ustalıq səviyyəsində yaratdığı bu rolun fərdi xüsusiyyətini məntiqi boyalarla şərh etməklə filmə baxımlılıq gətirdi, çoxsaylı tamaşaçı məhəbbəti qazandırdı.

   Sevimli aktyorun çəkildiyi (2004) son ekran əsəri - “Məkanın melodiyası” filmi gəncliyindən ürəyində gəzdirdiyi nakam sevgi melodiyasını ömrünün son günlərində tamamlayan 80 yaşlı bəstəkarın həyatından bəhs edir. Kinorejissor Hüseyn Mehdiyev düzgün seçim edərək bu rolu Ələddin Abbasova həvalə etdi. Çünki insanları biganəliyə son qoymağa, gəncliyində qorxub, çəkinib sahib çıxmadıqları məhəbbətlərini qorumağa elə səksən yaşlı peşəkar aktyor çağıra bilərdi. Aktyorun uğurlu rolları içərisində Bəhri (“Qocalar, qocalar”), Bədir (“Dörd bazar günü”), Xaqani (“Nizami”), Öməroğlu (“Köhnə bərə”), Həsənəli (“Gözlə məni”), Ata (“Özgə vaxt”) və başqalarının adını çəkmək olar.

   Ələddin Abbasov səhnədə və kinoda qazandığı uğurlara görə 1958-ci ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

   Sevimli aktyorun üç övladı, səkkiz nəvəsi var. Ata və baba kimi həmişə məsuliyyətli olub. Ailəsindən aldığı qarşılıqlı məhəbbətə görə də teatrın, kinonun çətin məqamlarında belə sənətindən ayrılmayıb. Mayın 5-də sevimli sənətkar ailəsi və sənətsevərlərlə birlikdə 90 yaşını qeyd edəcək. Əsl xoşbəxtlik də elə ömrünün sonuna qədər sevənlərin əhatəsində olmaqdır.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

  Mədəniyyət.- 2012.- 4 may.- S. 12.