Türkiyədə Azərbaycanın mədəni irsinə həsr olunmuş konfrans və sərgi

 

   Mayın 3-də Türkiyənin Uşak şəhərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Uşak Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Azərbaycanın mədəni irsi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Həmin gün Uşak Universitetinin sənət qalereyasında “Ağsu möcüzəsi” adlı sərgi açılıb. Sərgidə Ağsu qazıntılarından görüntülər, oradan tapılmış maddi-mədəniyyət nümunələrini əks etdirən fotolar, rəsm və heykəltəraşlıq işləri nümayiş etdirilib.

   Konfransda Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev “Azərbaycanda şəhər mədəniyyətinin arxeoloji cəhətdən araşdırılması: uğurlar, problemlər, vəzifələr”, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərova “Azərbaycanda mədəni irs siyasəti”, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli “Azərbaycanda mədəni irsin öyrənilməsi, qorunması və tanıtımı fəaliyyətlərində yeni addımlar”, Ağsu arxeoloji ekspedisiyasının üzvü, arxeoloq Elmira Abbasova “Ağsuda sənətkarlıq” və “Miras”ın şöbə müdiri Şölə Bayramova “Miras” İctimai Birliyinin mədəni irs layihələrinin tanıtımı” mövzularında məruzələrlə çıxış ediblər.

   Mədəniyyət və Turizm Nazirliyi və “Miras” İctimai Birliyinin adından Uşak Universitetinin kitabxanasına Azərbaycanda mədəni irsin qorunması və tədqiqindən bəhs edən kitablar hədiyyə olunub.

 

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 14.