Sənətdə iz qoyanlar

 

   Milli musiqi mədəniyyətimizin inkişafı və təbliğində xidmətləri olan sənət ocaqlarından biri də Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam Məktəbidir. Bu günlərdə məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi və “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Rafiq Rüstəmli ilə görüşdük.

  

   - Rafiq müəllim, incəsənətə, musiqiyə necə gəlmisiniz? Öncə bu barədə danışmağınızı istərdik...

   - Qulluqçu ailəsində böyümüşəm. Nəslimizdə tanınmış musiqiçi olmayıb. Ancaq taleyin qismətidir, digərlərindən fərqlənəcək qədər məlahətli səsim olub. Bu da çox erkən yaşlarımdan diqqət çəkib. Məktəbin bayram tədbirlərində, kəndimizin el şənliklərində başqaları kimi mən də oxuyardım. Bunu valideynlərim də bilirdi. Bir gün kəndimizin hörmətli ziyalılarından biri atam Rəhim kişiyə deyir ki, Rafiqin şirin səsi var, onu musiqi məktəbinə qoysan yaxşı olar. Bu sözdən sonra atam məni Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumuna apardı. Məktəbin direktoru Əlipaşa Daşdəmirovla görüşdük. O, səsimə qulaq asdı və bildirdi ki, səsin yaxşıdır. Onun məsləhəti ilə atam məni 1 saylı Ağdam şəhər uşaq musiqi məktəbinin tar şöbəsinə yazdırdı. Musiqinin əsaslarını, məna çalarlarını Cəlal Əliyevdən öyrəndim...

   - Kənddə yaşaya-yaşaya, rayon mərkəzinə - musiqi məktəbinə gedib-gəlmək 11-12 yaşlı uşaq üçün çətin deyildimi?

   - Çox çətin idi. Ancaq nə etmək olardı. Çünki günün birinci yarısında Xındırıstan kənd orta məktəbində, ikinci yarısında isə rayon mərkəzində musiqi məktəbində oxuyurdum. Çox vaxt Qərvənddən Xındırıstana qədər olan doqquz kilometr yolu piyada gedirdim... Orta məktəbi və musiqi təhsilimi başa vurub üç il hərbi xidmətdə oldum. Sonra Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikumunun tar şöbəsinə daxil oldum. İkinci kursda ikən xanəndəlik sinfinə müşayiətçi təyin olundum. Təhsilimi başa vurduqdan sonra təyinatla elə həmin texnikumda qalıb işlədim. Sonra Dövlət İncəsənət İnstitutunda oxudum. 1985-ci ildə təhsilimi başa vurdum. Həmin ərəfədə Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam Məktəbi yarandı və məni ora direktor təyin etdilər. Onu da qeyd edim ki, 1986-cı ildə respublika üzrə uşaq musiqi məktəblərində səs sinfi üçün tədris proqramını hazırlayıb ovaxtkı Mədəniyyət Nazirliyinə təqdim etdim. Həmin tədris proqramından bu gün də istifadə olunur. 2011-ci ildə proqram cüzi dəyişikliklərlə yenidən nəşr olunub...

   - Muğam məktəbində “Qarabağ bülbülləri” adlı ansamblın yaranması barədə nə deyə bilərsiniz?

   - 1971-ci ildə Ağdamda Pioner və Məktəblilər Evinin nəzdində “Qarabağ bülbülləri” adlı uşaq musiqi ansamblı yaranmışdı. Az vaxt ərzində xeyli uğurlu yetirmələri vardı. Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, Arzu Fərhadov, Əli və Elbrus Hüseynov qardaşları və s. 1985-ci ildə isə mərhum şair Nüsrət Kəsəmənli televiziyada “Dünyaya pəncərə” verilişində “Qarabağ bülbülləri” ansamblının keçmiş üzvlərinin acınacaqlı həyatından bəhs etdi. Bundan sonra Ağdam Rayon Partiya Komitəsinin 1-ci katibi məni və mədəniyyət şöbəsinin müdirini qəbul etdi. Bildirdi ki, yeni yaranmış muğam məktəbinin nəzdində bir uşaq musiqi ansamblı yaradın. Adını da “Qarabağ bülbülləri” qoyun. Yeni ansambl belə yarandı. Həmin vaxt məktəbin səs sinfinə 30 nəfər qəbul yeri ayrıldı. 1986-cı ildə televiziyada ilk çıxışımız oldu. 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etdik...

   - Xarici ölkələrə qastrol səfərlərinizlə bağlı nə deyərdiniz?

   - Respublikadan kənarda ilk çıxışımız 1988-ci ilin fevralında Moskvada olub. 1989-cu ildə İraqda Babilistan festivalında iştirak etdik. 1990-cı ildə on gün Türkiyədə qastrolda olduq. 1991-ci ildə Ankara şəhərində beynəlxalq uşaq festivalında məktəbin “Qarabağ bülbülləri” ansamblı uğurlu çıxışına görə şəhər valisi tərəfindən medallarla təltif olundu. Həmin il Daşkənddə keçirilən festivala qatıldıq. Sonrakı illərdə bir çox festival və müsabiqələrdə iştirak etmişik. 2004-2006-cı illərdə respublika üzrə xor müsabiqələrində ardıcıl olaraq uğurla çıxış etdik. 2005-ci ildə Fransada - Lion konservatoriyasında, Lil operasında muğam konserti verdik. 2006 2008-ci illərdə yenidən Fransaya səfərlərimiz oldu. 2009-cu ildə İsveçrədə Azərbaycan mədəniyyəti günlərində məktəbin muğam üçlüyü iştirak etmişdi. Bu gün məktəbimizin 65 nəfərdən ibarət xor kollektivi var.

   - Bir muğam bilicisi kimi deyə bilərsizmi, “Qarabağ bülbülləriadı vaxt yaranıb? Bu ad ilk dəfə kimə verilib?

   - Bu barədə maraqlı bir fakt deyə bilərəm. 1956-cı ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında Azərbaycan gəncləri təmsil olunurdu. Gənc musiqiçilərin festivalında muğam ifaçısı Vəli MəmmədovQızıl medal” alır. Münsiflər heyətinin üzvləri onu yekdillikləQarabağ bülbülü” (“Karabaxskiy slovey”) adlandırırlar. İlk dəfəQarabağ bülbülüadı belə yaranıb.

   - Çoxsaylı qastrol səfərlərindən yəqin çoxlu xatirələr yadda qalıb...

   - Fransada konsertdə idik. Qısa bir fasilə oldu. Bu vaxt səhnəyə yaşlı, nurani bir kişi qalxdı. Yaxınlaşıb gözlərimdən öpdü ağladı. Dedi ki, o, əslən şuşalıdır. Çoxdan Fransada yaşayır. Özünə hər cür şərait yaradıb. Ancaq ürəyində doğma yurd, torpaq həsrəti var. “Sizi gördüm, bir anlıq toxtaqlıq tapdım”, - dedi...

   - Rəhbərlik etdiyiniz məktəb haqqında deyərdiniz. Qayğılarınız, gələcək planlarınız...

   - Məktəbimiz Binəqədi rayonunun Biləcəri qəsəbəsində 284 saylı orta məktəbin binasında yerləşir. Məktəbdə 7 şöbə fəaliyyət göstərir. 236 nəfər şagirdin təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. 17 sinif otağımız var. Arzular da ki, tükənməzdir...

   Bu gün sənət aləmində tanınan bir çox isimlər bizim məktəbin, “Qarabağ bülbülləriansamblının yetirmələridir: əməkdar artistlər Səbuhi İbayev, Firuz Səxavət, opera solisti Humay Məmmədova, Habil Hacıyev, Fəqani Əliyev, Cabir Şuşalı, \"Muğam\" müsabiqəsinin iştirakçısı Ehtiram Hüseynov, Ayaz Qasımov, Azər Rüstəmov başqaları. İndiyədək uğurlu çıxışlarımıza görə 25 fəxri diplom, 1 qızıl, 4 stolüstü medal almışıq. Daha deyim, bizi illərlə yaşadacaq gələcək nəsillərə tanıdacaq izimiz var...

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 9 may.- S. 12.