Cəfər Cabbarlı ocağının ən qiymətli sərvəti

 

     Mayın 7-də Cəfər Cabbarlının ev-muzeyinin direktoru Gülara Cabbarlı uzun illər mədəniyyət sahəsindəki səmərəli xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olundu.

     

   İllər tez keçdi, zaman gəldi ki, Gülara Cabbarlı böyüyüb boya başa çatdığı ata evini həm də bir muzey kimi sevdi. Atasının adını daşıyan muzey xalqın çox sevdiyi, çox üz tutduğu muzeylərdən birinə çevrildi. Odur ki, 40 ildən çoxdur, vaxtilə Cəfər Cabbarlının yaşadığı və ruhunun hopduğu ev-muzeyinin qapıları hər kəsin üzünə açıqdır. Bu muzeydəki bütün eksponatlar, böyük dramaturqun əlinin toxunduğu əl boyda kağız parçaları belə qiymətlidir. Muzeyin ən qiymətli “canlı eksponat”ı isə Cəfər Cabbarlının irsini günümüzəcən göz-bəbəyi kimi qoruyub saxlayan, bu irsi yetərincə təbliğ edən, bu məkana üz tutan bütün ziyarətçiləri doğma adamları kimi qarşılayan Gülara xanımın özüdür.

   Gülara Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi, 1979-cu ildən isə Cəfər Cabbarlının ev-muzeyinin direktoru vəzifəsində çalışır. Ömrünün 40 ildən çoxunu doğma muzeyə həsr edən Gülara xanım ömrünün 82-ci baharını yaşayır. Övladlarının, nəvələrinin, nəticələrinin əhatəsində o bu gün Cəfər Cabbarlı ocağının ən qiymətli sərvətidir.

   Gülara xanımı təbrik etməyə gələn Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Muzey işi sektorunun aparıcı məsləhətçisi Etibar Qocayev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanı və pul mükafatını Gülara xanıma təqdim edərək, muzey sənətinin tanınmış nümayəndəsinə xoş arzularını bildirdilər. Prezident təqaüdçüsü olan Gülara xanım ona göstərdikləri qayğı və diqqətə görə nazirliyin bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi.

 

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 9 may.- S.10.