Uşaq-gənclər muğam ifaçılarının respublika müsabiqəsinə yekun vurulub

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Masallı şəhərində keçirilən Uşaq-gənclər muğam ifaçılarının VI Respublika müsabiqəsinə yekun vurulub.

  

   Müsabiqədə 13-25 yaşınadək ifaçılar, habelə şəhər və rayon mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivlərinin üzvləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin bölgələrdə geniş təbliği, yeni istedadların üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılmasına nail olmaqdır.

 

   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun verdiyi məlumata görə, müsabiqə üç mərhələdə aparılıb. İlk turun qalibləri şəhər, rayon mədəniyyət və turizm şöbələri tərəfindən yaradılmış münsiflər heyətlərinin qərarı ilə müəyyənləşib. II və III turun qalibləri isə müsabiqənin münsiflər heyəti - respublikanın xalq artistləri Ağaverdi Paşayev, Səkinə İsmayılova, Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva tərəfindən seçilib.

   Uşaq, yeniyetmə və gənclər arasında keçirilən müsabiqədə 49 rayon və şəhərdən 100 nəfərədək muğam ifaçısı iştirak edib. Masallı şəhərindəki Nizami Gəncəvi adına parkda gerçəkləşən yekun turda hər iştirakçı bir muğambir xalq mahnısı ifa edib. İfaçıları tarda Mahmud Əliyev, Elşən Məmmədov, kamançada Samitxan Mürşüdov, Fariz Hüseynov, nağarada Mirzağa Zülfəliyev müşayiət ediblər.

   Sonra münsiflər heyətinin qərarı əsasında qaliblərin adları açıqlanıb. Asya Məmmədova (Qubadlı) I, Hənifə Hüseynova (Sumqayıt) II, Cahangir Əliyev (Lerik) III, Səbuhi Abdullazadə (Şirvan) IV yeri tutub. Qaliblərə müvafiq dərəcəli diplompul mükafatı təqdim olunub. Səxavət Əsədullazadə (Astara), Murad Kərimzadə (Füzuli), İsmayıl İsgəndərov (Ağdaş) və Tural Məmmədov (Ağcabədi) həvəsləndirici diplompul mükafatları ilə təltif ediliblər.

   Müsabiqə başa çatdıqdan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konsert proqramı təqdim olunub. Konsertdə müsabiqə qaliblərinin, həmçinin Xalq artisti Zabit Nəbizadənin, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyevanın ifasında xalq mahnıları və muğamlar səsləndirilib.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 8.