Qazaxıstandan kitab hədiyyəsi

 

   Mayın 15-də M.F.Axundzadə adına Milli Kitabxanada Qazaxıstan Türk Akademiyasının Azərbaycanın kitabxana və universitetlərinə hədiyyə etdiyi 24 adda türkologiyaya dair kitabların təqdimatı keçirildi.

 

   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Qazaxıstandan ölkəmizə gələn nümayəndə heyətini təqdim etdi. Türkologiya sahəsində qonaqların apardıqları elmi tədqiqat işlərinin nəticəsi olaraq nəşr olunaraq hədiyyə edilən kitabların əhəmiyyətindən danışdı. Nəşrlərin türkologiya sahəsində yeni məlumatların oxuculara çatdırılmasında mühüm yer tutacağını vurğuladı.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli tariximizin, bu günümüzün və gələcəyimizin öyrənilməsində kitabların böyük rolu olduğunu söylədi: “Bu kitablar türk xalqlarının mədəni əlaqələrinə töhfə olacaq. Çünki bu nəşrlərdə türk xalqlarının inkişafı, problemləri, dili, lüğəti əksini tapıb. Hədiyyə edilən hər bir kitab xalq üçün xəzinədir”.

   Milli Məclisin deputatı, Atatürk Mərkəzinin sədri Nizami Cəfərov kitabların türk xalqlarının etnoqrafiyasını və folklorunu əks etdirdiyini nəzərə çatdırdı.

   Qazaxıstan Türk Akademiyasının vitse-prezidenti Əsgər Umarov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, professor Gülqayşa Saqidolda, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri Rüfət Rüstəmov və digər çıxış edənlər türkdilli ölkələrin qarşılıqlı əməkdaşlıqda dilkök oxşarlıqlarının tarixi, mədəni irslərinin yaxınlığının çox böyük əhəmiyyətə malik olduğunu söylədilər.   

 

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 16 may.- S. 2.