Şəxsi ağrı-əzabları min-min...

 

   ...milli arzu-əməlləri çin-çin - himn şairimiz Əhməd Cavad!

  

   O, Qara dənizi Türkün bayrağına baxdırıb çırpındıranda Xəzər də Azərbaycan türkünün “üçrəngli”sini - “Bir daha enməz!”ini seyr edirdi...

   Onun “Olsun bizim bütün ellər - Qurban Türkün bayrağına!” səda-nidalı qələminin mürəkkəbi qurumamış, qəlbi “Azərbaycan!.. Azərbaycan!.. Ey qəhrəman övladın şanlı Vətəni!” fəxarətilə himn-həmlələyəcəkdi...

  

   1915-ci ilin Novruz bayramında iyirmi üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt hadisə olmaya-olmaya, yasa batır. Gül saçan bahara baxmır, nəfs ütən öynə-nahara bənd olmur, ətrafıyla bayramlaşmır. Görəsən, niyə? Evindən, çəpərindən o yanaya yad el kimi baxan gözlülərin yel-fel diliylə desək, “nə var-nə var”, həmin günlər rus və ermənilər işğal edib xarabazarlığa çevirdikləri Qarsda bu azəri qardaşın türk arkadaşlarını qılıncdan keçirmişdilər (?..). Belələrinin arşınınca; “Bah, yox bir, kimsə, hardasa qılıncdan keçilibsə, kilimçi burda bayram keçirməməlidirmi?!” Belələrinin kefikök çağlar təbirincə; “...kişinin oğlu belə yasa batıb ki, elə biləsən, İrəvanımızı, Göyçəmizi, Xocalımızı, Şuşamızı topa tutublar!” Belə “türkün sözü”, “müsəlmanın sonrakı ağlı”nca: “...görəsən (?!.) niyə bizim bu günümüzə ağlayan, dadımıza yetən yoxdur?! Nədən Türkiyə ayağa qalxmır?! Hanı bəs, müasir Nuru əfəndilər, Ənvər paşalar?!.”

   Sonuncu ahu-zar, belə demək mümkünsə, bu zariya-xitab opera səhnəmizdəki bir ariya-xitabı xatırladır. Son vaxtlar (bu müharibə-münaqişə çağları) səhnəyə az-az çıxarılan “Koroğlu”dakı qoç qəhrəmanın dilindən püskürülən xitabı deyirəm: “Eşitsin xanlar, paşalar!..”

   O vaxt Əhməd Cavadın bayramını qara geyindirmiş o Qars qətliamı kimi hadisələrə, aramızdakı kök eyniliyinin, soy bənzərliyinin “fərq” ilə “fark” leksikasından o yana olmadığını hələ də anlamayanlar sonrakı istiqlal şairlərimizdən də birinin bir misrasını xatırlatmağı vacib edir: “Görüm ayılmasın - gec ayılanlar!..”

  

   Əhməd isə...

  

   Əhməd Cavad isə nəinki gec, hətta, deyərdim, vaxtından çox tez oyanmışdı. Həmin “Qars xəbər-xərabəti” zamanı tay-tuşları qız gözaltılamaqda, yumurta döyüşdürməkdə, xoruz güləşdirməkdə ikən, Əhməd “Vicdan mənə əmr edir ki: “Belə gündə bayram etmə” yazırdı. Birinci Dünya müharibəsinin sonuna yaxın Türk ordusu Qafqaz cəbhəsində uğur qazanıb, Azərbaycanın qeyri-mobil əsgər birləşmələrilə Bakıya gələndə Əhməd Cavad onlara qoşulub, Yasamal dağındakı səngərlərdə düşmənə qarşı son dərəcə milli və cəsurluq əzmilə döyüşür. Elə həmin səngərlərin birində əlinə aldığı irfan “silah”ı ilə - qılıncdan-süngüdən az iş görməyən qələmilə “Bismillah” şeirini yazır, mətin mehmetcikləri, bizim “dönməz geri” əsgərlərimizi ruhlandırır:

  

   Atıldı dağlardan zəfər topları,

   Yürüdü irəli əsgər, Bismillah!

   O Xan sarayında çiçəkli bir qız

   Bəkliyor bizləri zəfər, Bismillah!

  

   Ey hərbin taleyi, bizə yol ver, yol!

   Sən ey coşan dəniz, gəl Türkə ram ol!

   Sən ey sağa-sola qılınc vuran qol,

   Qüvvət gələr, qeyrət gələr, Bismillah!..

  

   Hələ iyirmi iki-iyirmi üç yaşlarından ahıl ağlı, xoca qayğısı, qoca düşüncələrilə yaşayan bu gənc heç bir dincliyə, sakitliyə sakin ola bilmirdi. Bu gənc şəxsiyyət millətlə nəfəs alır, xalqın yolunda hər zillətə qatlaşırdı. Bu cavanın cananı Azərbaycan, ailəsi Türk dünyası idi. 1914-cü ildə Türkiyənin şərq vilayətlərindəki dəhşətli müharibə məhrumiyyətlərinə yardım edənAzərbaycan xeyriyyə cəmiyyəti”nin əsas əlaqələndiricisi, rusların törətdikləri minbir əngəldən yol tapıb gedib-gələni iyirmi üç yaşlı Əhməd Cavad idi. Onun beyni-başı millətə sayğıda, insanlara qayğıda idi. Ayaqları gah orda, gah burda. Əllərində ya süngü, ya qələm. İyirmi altı yaşında xeyli vaxtdı həmfikirlərilə birgə qan-tərlə suvardığı, qələmiylə öydüyü Vətəni istiqlala qovuşur. Hələ bu millətin ümumşərqisini - “Himn”ini qoşmağa bir xeyli qalıb. Hələ bu cavan gənc Azərbaycan hökumətinin Bakı döyüşləri zamanı şəhid olmuş Türkiyə mehmetciklərinin xatirəsinə qoyduğu abidənin təməlqoyma mərasimindəQalx!” şeirini söyləyir:

  

   Qalx, qalx, sarmaşıqlı məzar altından!

   Gəlmiş ziyarətə qızlar, gəlinlər.

   Ey karvankeçidlər, yollar üstündə

   Hər gələn yolçuya yol soran əsgər!

  

   Qovduqların sənin yabançı canlar,

   Qurtardı ölkəmi tökdüyün qanlar,

   Bax, nasıl öpməkdə tozlar, dumanlar

   Qərib məzarını - mənlə bərabər!..

  

   Döyüşçü milli, şahid şəhid-şair

  

   Bu mənəvi titulları xeyli artırmaq da olar ki, biri - o dövr üçün heç asan olmayan tərcüməçiliyidir. İyirmi yaşında Gəncə ruhani seminariyasını (1912) bitirmiş bu mömin, bir il sonra mətbuatda şeiri, üç il keçcək nəşriyyatda ilk kitabı çıxmış bu şair “ilk gənclikdeyilən bir dövrdə dünya ədəbiyyatının ən qoca müəlliflərini dilimizə çevirmişdir: Fransua RableninQarqantua Pantaqruel”, Vilyam ŞekspirinOtello”, “Romeo Cülyetta”, Şota RustavelininPələng dərisi geymiş pəhləvankimi şedevrlərini! Bu qədər qısa (1892-1937) bir ömür ərzində o qədər mübarizələr aparmaq , mürəkkəbdən çox ana südü cövhərilə nəqş edilmiş şeirlər, kitablar yazmaq, professor olmaq azmış kimi, hələ o qeyri-informasion dövrünçulucırıq, çarıqlı ölkə”sində belə “super-əsər”ləri tərcümə etmək?! Bu “alovlutəəccübü söndürmək üçün, üstünə XX əsrinrepressiya dənizi”ndən “37” damcı damızdırıb deyim ki, bu döyüşçü, milli, şahid-şəhid şairimizin öz əsərləriXəzər Universiteti Nəşriyyatıtərəfindən çap olunmuşAzərbaycan Sevgi PoeziyasıtoplusununBirinci kitab”ına daxil edilmişdir!..

  

   “...mən varam!”

  

   Bu, hansı sualasa cavab, hansı harayasa hay deyil. Döşədöymə, özünüöymə deyil. Sadəcə, ətrafına milli bir səslənişdir. Onun - onu maddi olaraq tanıyıb, mənəvi sarıdan tanımaq isəməyənlərə qarşı şəxsi ümummilli hayqırışıdır. Bu gün bizim o günlər haqda bildiklərimizin bilmədiklərimizin hamısını yaxşı görüb-bilən şair: “ qədər ki, hakimlik var, məhkumluq var - mən varam! - deyir bu misra-notanın altından belə bir ərən-imza atırdı: Zülmə qarşı üsyankaram, əzilsəm , susmaram!..

   Bu böyük Azərbaycan oğlunu, azman Turan cəfakeşini turançılığın banisi hesab edənlər var. Əlbəttə, əgər bu sözə cəm şəkilçisi (“lər”) artırılarsa, bu qənaət qəbulediləndir. Yəni İsmayıl bəy Qaspıralı - Əli bəy Hüseynzadə - Əhməd bəy Ağaoğlu üçbucağını dördbucaq etmək şərtilə. Dördüncübucaq”ın bani özəlliyi isə onun həm poetik gözəlliyindədir. Yəni onun çağdaşlarının, beş-on yaş böyük sələflərinin nəsri sətirləri yüzlərə, minlərə çatırdısa, bu təkrarsız döyüşçü-inqilabçı-siyasətçi şairin misraları milyonları sarırdı.Çırpınırdın, Qara dəniz...” şeiriylə Türk dünyasının vəhdəti-əbədiyyət himnini, “Sən olasan gülüstan, Sənə hər an can qurban, Azərbaycan, Azərbaycan!..misralarıyla ümumazərbaycan himnini, “Zülmə qarşı üsyankaram, əzilsəm , susmaram!” bəyanatıyla milli məğrurluq himnini yaradan bir yaradıcının baniliyi tədqiqatşünaslığın boynuna yeni çaplı, yeni format-formullu bir banilik termini kəşf etmək borcu qoyur, zənnindəyəm.

   Ötən yüzilliyin “37” damğalı siyasi əzrayılının qurbanı olmuş Əhməd Cavad əsrin ikinci yarısından etibarən dirilməyə başladı. İlk səsi uzun illərdi ki, Türkiyə radiolarında imzasız səsləndirilənÇırpınırdın, Qara dənizmahnısının, nəhayət ki, müəllif kimliyinin açması yaydı. Sonrakı səs-sədalar qeyrətli universitet müəllimlərindən, vicdanlı şair-yazıçılardan, publisistlərdən gəldi. Yavaş-yavaş öyrəndik ki, bizimPartbiletim sol cibimdə - ürəyimin başındadır!” kimi misralar yazanbaşşairlərimizin internasional ovqatlarını təlx edənnaxoşşairlərimiz varmış. Asta-asta, busa-busa bəllədik ki, öylə şairi-zahidlərimiz olub - barmağının biri bala batırılmadığından, “dönüb həqdən qaçıb”lar, belələri isəsərpa soyulub”lar, ancaq həyata heyhat deyibən ağlamayıblar, “məndən, səndən ötən zərbə, Vətən, Vətən, sənə dəyməsin!” deyə, açıq alınlarını, qeyrət sinələrini qurşunlara tuş tutublar!..

  

   Son söz?..

  

   Sonsuzluğadək yaşayası soydaşımız haqda son söz?.. Bəli, amma indilik mənlik. Özü tam yeni yox, bir qədər təkrar:

   O, Qara dənizi Türkün bayrağına baxdırıb çırpındıranda Xəzər Azərbaycan türkününBir daha enməz!”ini seyr edirdi. Onun dili:

  

   “Dost elindən əsən yellər

   Mənə şeir - salam söylər.

   Olsun bizim bütün ellər -

   Qurban Türkün bayrağına!”

  

   deyəndə, əlləri, beyni, zəkası öz evininüçrəngli”sini qaldırmağa səy edirdi. Olsun bütün düşmənlər - Qurban Azərbaycan bayrağına! - arzu-umusuyla! O bayrağa ki, bu gün mavi Xəzər sahilində, gözəl Bakı buxtasında, Azad Azərbaycan yaxasında dünya üzrə analoqu olmayan ucalıq-urvatlıqda dalğalanır. O bayraq ki, ilk ucaldıldığı günün - Mayın 28-i ərəfəsində bütün dünya xalqlarının nümayəndələri - “Avrovizion”çular onun da tamaşasına duracaq həmin anlar ruhu ən çox şad olanlar arasında Əhməd Cavad ən ön sıralarda olacaq!..

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 18 may.- S. 13.